zamanlabirge.az
zamanlabirge.az

Bakılı rus şəhid Denis Qarabağa niyə getmişdi: “Generalın qisasını alacam”... - REPORTAJ

14-10-2020, 19:24

Bakılı rus şəhid Denis Qarabağa niyə getmişdi: “Generalın qisasını alacam”... - REPORTAJ - İyulun 15-i idi. Axşam evə gəldi. Bıçaq vursan, qanı çıxmazdı. Bir stəkan çay içib, televizorun qabağına keçdi. Amma heç rahat olmadı. Soruşdum, Denis, nə olub sənə? Dedi ki, generalımız şəhid olub
Əvvəlcə heç nə başa düşmür Aynur. Nəhayət, öyrənir həyat yoldaşından. Tovuz uğrunda döyüşlərdə şəhid olanlardan biri də general Polad Həşimov imiş.
Səhər tezdən Nizami rayon hərbi komissarlığına üz tutur Denis. Könüllü kimi döyüşməyə hazır olduğunu bildirir. Ona təşəkkür edib, “lazım olsa, çağırarıq” deyirlər.
***
Proninlər ailəsi köklü bakılıdırlar. Ailədə iki bacı, iki qardaş olublar. Atası Aleksandr neftçi imiş. Anası beton zavodunda kargüzar işləyirmiş. Bakıda 59 saylı orta məktəbi bitirib. Bir il sonra hərbi xidmətə yollanıb. İl yarım Gəncədə vətənə borcunu verib, geri qayıdıb.
- Əsgərlikdən qayıtdıqdan sonra fəhləlik edirdi. Qısa zamanda qaynaq işini öyrəndi. Hər şeyi tez götürürdü. Elə bil yüz ilin qaynaqçısıdı.
Aynur danışır ki, onlar Denislə təsadüfən tanış olublar. Qısa müddətdə bir-birinə isinişə biliblər.
- Əvvəlcə onunla görüşməyə çəkinirdim. Bilmirəm niyə? Mən incə-mincə qız, o div boyda. Təsəvvür edin, 186 sm boyu, 120 kilo çəkisi. Tez-tez sms yazırdı. Çox şən biriydi. Gülərüz, pozitiv. Hər görüşdə yeni lətifələr danışırdı. Bir gün ayıldım ki, biri-birimizi sevirik.
Cütlük evlənmək qərarı verəndən sonra ailələrdə də buna etiraz edən olmur. Bir il sonra qızları dünyaya gəlir. Adını Alina qoyurlar.
Dostu Valeri deyir ki, Denis heç bir təmənna güdmədən əsil dost idi. Ən dar günün dostu.
- Nə vaxt, hansısa problemin, çətinliyin oldusa, bircə zəng bəs idi, Denis yanındadı. Məhəllədə hamının sevimlisiydi. Əlindən də gəlməyən iş yox idi. Birinin maşını xarab olur, Denis orda. Kondisioneri düzəltmək lazımdı, Denisi çağırırlar. Hətta çanaq anteni belə düzəldirdi. Bir sözlə, universal adam idi.
Baldızı Nigar xanım danışır:
- Çox ailəcanlıydı. Ailəsi, xüsusən qızıyla bağlı çoxlu planları vardı. Onu böyütmək, ali təhsil vermək ən böyük arzusuydu. Həmişə deyirdi ki, özüm oxumadım, qızımı mütləq oxudacam. Dostlarıyla o qədər mehriban idi ki! Bir də gördün, hamını yığdı, dənizə, bağa apardı. Samovar qaynatdı, kabab çəkdi... məclis adamıydı.
Aynur xanım deyir ki, pandemiya dövründə işsizlikdən əziyyət çəkirdi. Amma boş durmurdu.
- Özünü ora-bura vurub, necə deyərlər, çörəkpulu gətirərdi evə. Deyirdim, özünü yorma. Hamı necə, biz də elə. Bir bəladı da, keçəcək. Qızını çox sevirdi. Deyirdi ki, istəmirəm o korluq çəksin.
Döyüşə getməmişdən əvvəl bütün dostlarını başına yığıb, məclis qurub. Onlara deyib ki, ürəyimə damıb, müharibə başlayacaq. Və mən də Poladın qisasını almağa yollanacam.
- Çox vətənpərvər idi. Fikri ancaq müharibədəydi. Tovuz hadisələri zamanı könüllü yazılmışdı. Dostları deyir bunu.
Denis Fizuli istiqamətində döyüşüb. Dəfnində iştirak edən döyüş dostları danışırmış ki, çox şən, pozitiv bir adam idi. Qorxu nədi, bilməzmiş. Hamını ruhlandırırdı. Səngərdə deyib-gülür, lətifə danışır, “düşməni bu dəfə elə əzəcəyik ki, bir də bu torpaqlara tərəf baxmayacaq” - deyirdi.
Başından yaralanmışdı Denis. Oktyabrın 8-də, ağır döyüşlərin birində. Döyüşçü dostları onu cəbhə xəttindən çıxarsalar da, həyatını xilas etmək mümkün olmamışdı.
Aynur xanım danışır:
- Onun şəhid olması xəbərini elə həmin gün aldıq. Ayın 9-u səhər tezdən binamızın ətrafında iynə atsan, yerə düşməzdi. Azərbaycan bayraqlarıyla yüzlərlə insan axışıb gəlmişdi. Ağır idi, amma təmkinimi saxlamağa məcbur idim. Bu boyda insan Denisi son mənzilə yola salmağa gəlmişdi axı. Azərbaycan bayrağına bürünmüş tabutunu qucaqlamaqdan başqa əlacım yox idi. Bircə ona görə rahatam ki, bu vətənin yolunda şəhid oldu. Və qızı da fəxrlə deyəcək ki, atam Denis Qarabağ uğrunda həlak olub.
Denisi pravoslav adətiylə dəfn edirlər, bütün dini rituallara riayət olunur. Dəfndə Müqəddəs Arxangel kilsəsinin kliriki, protoierey Andrey Bezotosnıy iştirak edir. Denis alqış sədalrı altında son mənzilə yola salınır...
Aynur xanımdan Denisin fotolarını istəyirik. Sosial şəbəkədə Denisin səhifəsini axtarır.
- Buna baxın, hələ də işığı yanır...
...Bir söz deyə bilmirəm.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA