zamanlabirge.az
zamanlabirge.az

Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər?

16-10-2020, 10:06

Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər? Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlara atılan kaset bombalarına və ballistik raketlərə görə bu dövlətə qarşı BMT Nizamnaməsinin VII Fəslinə ("Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilə bilər.
Bunu hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov söyləyib. O bildirib ki, bunun üçün beynəlxalq təhlükəsizliyin və sülhün qorunması məqsədilə BMT Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliyə, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyalarını qeyd etmək olar.
"Sanksiyalardan danışanda biz daha çox BMT Nizamnaməsinin 39-51 maddələrini qeyd etməliyik. Həmin sanksiyalar dövlətlərə hökumətlərin və ya hərbi qüvvələrin beynəlxalq hüquq və humanitar normaların pozulmasına, insanlığa qarşı cinayətlər törədilməsinə (soyqırımı) yönələn qərarlar verdiyinə görə tətbiq edilir. BMT Təhlükəsizlik Şurası ədalətin bərqərar olunması məqsədilə iqtisadi və diplomatik əlaqələrin pozulması, dəmiryol və nəqliyyat əlaqələrinin dayandırılması, xaricdə bank hesablarının dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib.
Ümumiyyətlə, Yuqoslaviya, Ruanda və digər tribunallar BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Tribunal – beynəlxalq statusa malik müstəqil məhkəmə orqanıdır.
1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarının mülki əhalisinə qarşı bakterioloji və zəhərli silahlardan istifadə etməsi faktına görə dəfələrlə Azərbaycan hökuməti tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət edilib. Bu günlərdə də Gəncənin və digər rayonların mülki əhalisinə kaset bombalar və raketlər atılması beynəlxalq humanitar normaları və 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarının müəyyənləşdirdiyi əsasları pozur.
Ermənistan hökumətini və silahlı qüvvələrini idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər.
Eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlərin qəbul edilməsi mümkündür. Məsələn, Ermənistanla Avropa Şurasının ölkələri arasında nəqliyyat, rabitə, maliyyə əlaqələrinin pozulması, Ermənistan hökuməti rəhbərlərinin xarici ölkələrdə olan bank hesabların dondurulması, Avropa Şurası Parlament Assambleyasında iştirakının dayandırılması və s.
Beynəlxalq təşkilatların Ermənistana qarşı müvafiq qərarlar qəbul etməsi üçün Azərbaycan hökuməti tərəfindən vacib dəlillər və faktlar toplanılıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən tədbirlər görülür. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir.
Biz əminik ki, yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı cinayətlər törədən şəxslər məsuliyyətə cəlb ediləcəklər. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA