zamanlabirge.az
zamanlabirge.az

Meksika telekanalı və radiosunda Xocalı soyqırımı və regionda müharibədən sonrakı vəziyyət haqqında danışılıb

26-02-2021, 10:48

Meksika telekanalı və radiosunda Xocalı soyqırımı və regionda müharibədən sonrakı vəziyyət haqqında danışılıb Meksikanın çoxmilyonlu izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasında və nüfuzlu “ABC” radiosunda bu ölkədəki səfirimiz Məmməd Talıbovun Xocalı soyqırımı və regionda müharibədən sonrakı durum haqda tanınmış siyasi şərhçi Federiko Lamonta verdiyi müsahibələr efirə gedib.
Müsahibələrdə 29 il əvvəl, 26 fevral tarixində Xocalı şəhərində Ermənistan-Azərbaycan münaqişəsi tarixinin ən qanlı qətliamının törədildiyini deyən səfir, bu insanlıq əleyhinə cinayət zamanı uşaqlar və qadınlar da daxil olmaqla 613 mülki sakinimizin erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızınsa yaralandığı və itkin düşdüyünü söyləyib.
Xocalı soyqırımının dünyanın bir çox ölkələrinin qanunverici orqanları tərəfindən tanındığını qeyd edən səfir, 10 il bundan öncə Meksika Deputatlar Palatasında da bu soyqırmı tanıyan və pisləyən sənədin qəbul edildiyini, eləcə də payaxt Mexikonun görkəmli parklarından birində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin ucaldıldığını xatırladıb və ölkəmiz üçün belə bir həssas məsələdə göstərdiyi həmrəyliyə görə Meksika xalqına təşəkkürünü ifadə edib.
Dağlıq Qarabağ münaqişəsinin Sovet İttifaqının son illərində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığını bildirən səfir, təcavüzkar dövlətin 1991-94-cü illərdə Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbyacanın 20 faiz ərazisini işğal etdiyini və bu ərazilərə etnik təmizləmə apararaq 1 milyona yaxın soydaşımızı məcburi köçkünə çevirdiyini məlumat verib.
Ermənistanın növbəti təxribatı ilə başlanmış 44 günlük müharibənin yekununda ərazilərimizin böyük hissəsinin azad edildiyini, 10 noyabr tarixli üçtərəfli bəyanatla isə Ermənistanın işğalda qalan digər Azərbaycan torpaqlarını boşaltdığını, növbəti mərhələdə 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan yüz minlərlə soydaşımızın qarşıdakı zamanda öz yurdlarına qayıtmalı olduğunu, ancaq azad edilmiş ərazilərin Ermənistan tərəfindən tamamilə viran qoyulduğunu və bu səbəbdən Azərbaycan tərəfindən bu ərazilərdə kütləvi yenidənqurma və bərpa işlərinə start verildiyini diqqətə çatdırıb.
Beynəlxalq ictimaiyyətin münaqişəyə reaksiyası ilə bağlı suala dair təmsiçimiz Azərbaycanın ərazi bütövlüyünün hər zaman beynəlxalq qaydada dəstəkləndiyini bildirib, bu xüsusda BMT TŞ-nin işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasını tələb edən dörd qətnaməsi haqda məlumat verib və Ermənistan tərəfinin onilliklər ərzində həmin sənədlərə məhəl qoymadığını vurğulayıb.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar tarixli bəyanatının mahiyyəti və bölgədə sülhün davamlılığının başlıca şərtinə dair suala münasibətdə səfir Ermənistanın, xüsusilə də oradakı qisasçı qüvvələrin qonşularına qarşı ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkməli və öz xalqını barışığa hazırlamalı olduğunu bildirib. Azərbaycanın daim dinamik iqtisadi siyasət yürütdüyünü və regionun digər ölkələri ilə birlikdə BTC, Cənub Qaz Dəhlizi, BTK kimi layihələrə imza atmaqla bölgənin inkişafına vacib töhfə verdiyini, bu xüsusda 11 yanvar bəyanatının da regionda mövcud nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinə önəmli rol oyanaycağına ümidvar olduğumuzu qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA