zamanlabirge.az
zamanlabirge.az

Postmüharibə dövründən yeni yüksəliş ilinə

7-12-2021, 10:08

Postmüharibə dövründən yeni yüksəliş ilinə Dövlət büdcəsi 2022-ci ildə strateji hədəflərə çatmaq üçün əlverişli zəmin yaradacaq

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan postmüharibə dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olmaqdadır. Təbii ki, bu yeni mərhələ dayanıqlı inkişafı təmin etmək üçün dövlətin uzunmüddətli yüksəliş konsepsiyasının hazırlanmasını labüd edir.
Bütün dövrlərdə düşünülmüş, ölçülüb-biçilmiş qərarları ilə Azərbaycanın qlobal böhranlardan az itki ilə çıxması üçün konkret proqramlar, sosial-iqtisadi layihələr hazırlayan Prezident İlham Əliyev məhz bu dövr üçün də yol xəritəsi hesab olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i müəyyənləşdirib. Bu sənəd qlobal iqtisadi reallıqları, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədləri özündə ehtiva edir. Bununla yanaşı, gələn ilin əsas maliyyə sənədinin - müstəqillik dövrünün ən böyük dövlət büdcəsinin gəlir və xərclərinin göstəriciləri də onu deməyə əsas verir ki, Azərbaycan postmüharibə və ondan sonrakı dövrdə də dayanıqlı inkişafını təmin edə biləcək.

İqtisadi qüdrətin yaratdığı reallıq

Əgər diqqət etsək görərik ki, son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul üç dəfədən çox artıb. Valyuta ehtiyatlarımız 53 milyard dollara yüksəlib. Ölkə iqtisadiyyatına 280 milyard dollar həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib, işsizlik təqribən 6 faiz səviyyəsindədir.
Məhz bu uğurlu göstəricilər, əlbəttə ki, dövlətin iqtisadi qüdrətinin göstəricisidir. Ötən həftə Milli Məclis tərəfindən təsdiq edilən gələn ilin dövlət büdcəsi də bu yüksəlişi təsdiqləyən reallıqdır. Çünki 2022-ci ilin büdcəsinin gəlir və xərclər istiqamətinə nəzər yetirdikdə aydın şəkildə görərik ki, Azərbaycan iqtisadiyyatı qlobal pandemiya dövründə belə inkişaf edib. Ona görə də əminliklə söyləmək olar ki, dünyanı hər hansısa yeni qlobal böhran ağuşuna almasa, gəlirləri 26,8, xərcləri 29,9 milyard manat olan dövlət büdcəsi ölkəmizin strateji inkişaf hədəflərinə çatmasına, qarşıda duran çağırışlara cavab verməyə xidmət göstərmək iqtidarında olacaq.
Təbii ki, bütün bunlar son illərdə düşünülmüş addımlar, həyata keçirilən islahatlar nəticəsində reallaşıb. Bu uğurları şərtləndirən amillər Prezident İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, investisiya və biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və davamlı inkişafı, iqtisadiyyatda şəffaflığın gücləndirilməsi istiqamətində gördüyü uğurlu işləridir.

Bütün sahələr üzrə artımlar olacaq

Gələn ilin dövlət büdcəsi də sosialyönümlüdür. Büdcədə sosial xərclər 46,4 faizə çatdırılıb. Bu, 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat çoxdur. Ümumiyyətlə, büdcənin xərclər istiqamətinə diqqət yetirsək görərik ki, gələn il bütün sahələrdə artımlar, yeniliklər olacaq.
Əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək, əməyin ödənişi və sosial müdafiə sahəsində islahatlar davam edəcək, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqlar, pensiyalar, sosial müavinətlər, təqaüdlər artırılacaq, tibbi sığortanın tətbiqi genişlənəcək, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edəcək, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri genişlənəcək, ölkənin müdafiə qabiliyyəti, milli təhlükəsizliyi daha da gücləndiriləcək, şəhid ailələrinin, veteranların, müharibə qəhrəmanlarının, hərbi qulluqçuların sosial müdafiəsi gücləndiriləcək.
Bundan başqa, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət və idman sahələri üzrə maddi texniki təminat daha da artırılacaq.
Beləliklə, dövlət büdcəsi gələn il də xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Qarabağ və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında bərpası

Gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ön sırada dayanır.
Hazırda mənfur düşmənin uzun illər ərzində viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir, avtomobil və dəmir yolları çəkilir, elektrik, qaz, su təchizatı və kənd təsərrüfatı infrastrukturları qurulur, tarixi, mədəni, dini irsimiz bərpa olunur, beynəlxalq hava limanları tikilir. Böyük qayıdışın təmin edilməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma işləri ilə ölkə iqtisadiyyatına reinteqrasiyası, bununla əlaqədar dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi prioritetlərdən biridir.
Şanlı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanmış işlərin davam etdirilməsi, işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, mina təmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrası, əhalinin məskunlaşdırılması və onların həyat şəraitinin bərpası, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin həyata keçirilməsi kimi tədbirlər üçün büdcədən 2,2 milyard manat vəsait ayrılıb.
Bütün bunlar bir daha təsdiq edir ki, azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, artıma səbəb olacaq. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün də yeni imkanlar yaradacaq.

Daha böyük uğurlara doğru gedirik

Vətən müharibəsindəki şanlı qələbədən ötən bir ildə görünən odur ki, müharibə dövründə olduğu kimi postmüharibə dövründə də Azərbaycan öz yolunda qətiyyət və konkretlik nümayiş etdirir.
2022-ci ilin dövlət büdcəsi miqyasına, istər gəlir və xərclər həcminə, istərsə də sosialyönümlülüyünə görə Azərbaycanın ən böyük büdcəsidir. Hökumət növbəti ildə də iqtisadi dayanıqlılığın təmin olunmasını, makroiqtisadi sabitliyin qorunmasını, sosial müdafiə və pandemiya ilə mübarizə tədbirlərinin ardıcıl davam etdirilməsini, işğaldan azad olunmuş ərazilərin bərpasını prioritet vəzifələr kimi müəyyənləşdirib.
Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, hökumətin hazırladığı 2022-2030-cu illəri əhatə edən yüksəliş strategiyası sayəsində Azərbaycan daha böyük uğurlara imza atacaq. Qarabağ və Şərqi Zəngəzur inkişaf edəcək və işğaldan azad edilən şəhər və rayonlarımızın iqtisadi potensialı ölkənin qüdrətinin daha da güclənməsini şərtləndirəcək.
Ümumilikdə Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsinin strukturu ölkəmizin əksər sahələrdə inkişaf etdiyini, bu inkişafın gələn il daha sürətli xarakter alacağını əminliklə söyləməyə əsas verir. Bütün bunlar həm də onu göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü islahatlar kursu hər bir ölkə vətəndaşının yüksək rifah halının təmin olunmasına yönəlib.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA