zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanın türk dünyasına dəyərli töhfələri

14-11-2022, 12:07

Azərbaycanın türk dünyasına dəyərli töhfələri İlham Əliyevin təşəbbüsləri qardaş ölkələr arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına yol açıb

Türk Dövlətləri Təşkilatının növbəti - IX Zirvə görüşü noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirildi. Zirvə görüşündə müzakirə olunan məsələlər göstərdi ki, ötən il İstanbulda keçirilmiş VIII Zirvə görüşündən sonra türk dövlətləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf edib. Səmərqənd görüşündə əldə olunan razılaşmaların isə türk dövlətlərinin münasibətlərinə yeni töhfələr verəcəyi şübhəsizdir.

Təməli Naxçıvanda qoyulan təşkilat

Eyni kökə sahib olan, ortaq mədəni və mənəvi dəyərləri bölüşən və bir-birinə bağlı olan türk dövlətlərinin möhkəm birliyinin olması olduqca vacibdir. Çünki hazırkı gərgin, sürətli dəyişikliklərə məruz qalan beynəlxalq münasibətlər sistemi və qlobal konyunktura türk dövlətlərindən həmrəylik və bir-biriləri ilə sıx əməkdaşlığı tələb edir. Təsadüfi deyil ki, məsələyə bu prizmadan yanaşan Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin davamlı şəkildə gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin yaradılması prioriet vəzifələrdəndir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının məqsəd və vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması və sairdir.
2009-cu ildə Naxçıvanda təməli qoyulan təşkilatın qarşısında qoyulan vəzifələri yerinə yetirə bilməsi, məqsəd və hədəflərinə çatması üçün Azərbaycanın həyata keçirdiyi müxtəlif tədbirlər, xüsusən enerji və digər iqtisadi layihələr əhəmiyyətli rol oynayır. Bu baxımdan respublikamız öz siyasəti ilə bu birliyi daha da gücləndirib, yeni əməkdaşlıq imkanlarını yaratmaqla Türk Dövlətləri Təşkilatının nüfuzlu təşkilata çevrilməsinə böyük töhfələr verib.

Azərbaycanın zəfəri həm də türk dünyasının qələbəsidir

Xatırladaq ki, ötən il keçirilən VIII Zirvə görüşü mühüm hadisələrlə yadda qalmışdı. Həmin vaxt təşkilatın adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi, Türkmənistana müşahidəçi statusunun verilməsi, "Türk dünyasına baxış - 2040" sənədinin qəbulu ilə bağlı qərarlar qəbul olunmuş, katibliyinin yeni binasının açılış mərasimi keçirilmişdi.
İstanbulda keçirilən Zirvə görüşünün ən əsas hadisəsi isə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi olmuşdu. Prezident İlham Əliyev bu mükafata Azərbaycanın Vətən müharibəsindəki Zəfərinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olunmuşdu.
Azərbaycanın zəfəri həm də türk dünyasının qələbəsi kimi tarixə düşdü. Təsadüfi deyil ki, IX Zirvə görüşündə də çıxışlarda Azərbaycanın zəfəri xüsusi qeyd olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın yanında olduqlarını bir daha bəyan etdi: "Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır. Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq".
Türk Dövlətləri Təşkilatının əvvəlki baş katibi Bağdad Amreyev təşkilat çərçivəsində əməkdaşlıqdan danışarkən bu qurumun Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verdiyini bildirdi: "Bizim əməkdaşlığımız əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Bakını möhkəm dəstəkləməklə yekdilliyimizi bütün dünyaya nümayiş etdirdi".

İlham ƏLİYEV: "Bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik"

Qeyd etdiyimiz kimi, Azərbaycan öz layihələri ilə türk birliyini daha da gücləndirib, yeni əməkdaşlıq imkanları yaradıb. Bir neçə il əvvəl Bakıda keçirilən VII Zirvə görüşündəki çıxışında "Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir", - deyən Prezident İlham Əliyev Səmərqənddəki çıxışında da diqqəti bu istiqamətə yönəltdi. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik: "Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".
Prezident İlham Əliyevin toxunduğu məsələrdən biri də Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızla bağlı idi. Dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Türk Dövlətləri Təşkilatı daha da güclənərək qarşısında duran tarixi missiyanı layiqincə yerinə yetirməkdədir. Üzv dövlətlərin hər birinin yürütdüyü siyasət bütövlükdə türk dünyasının həmrəyliyini və əməkdaşlıq əlaqələrini daha da yüksəldir. Qarşıda dayanan hədəflərə doğru qətiyyətli addımların atılması, o cümlədən Zəngəzur dəhlizinin açılması türk dünyasının qlobal mövqelərini daha da möhkəmləndirəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA