Şuşanın işğal günü - Vətənin ağrılı günüdür
Yaxın tariximizdən bilirik ki, 8 may 1992-ci ildə Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində, ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter-Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumların daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanı işğal etmək üçün ciddi-cəhd göstərirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar.
May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə cox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
Beləliklə də, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.
Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.
Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı - Şuşa şəhəri artıq iyirmi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi yeddi ildir ki, Şuşa erməni tapdağı altında ağı deyir.
Bəli, bu gün Şuşanın işğalı günü - Vətənin ağrılı günüdür.
Fərqanə Müseyibqızı