Niyazi Nəcəfov: Müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
15-08-2023, 23:55
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov - “Müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəlişi, bütün sahələrdə tərəqqisi, müstəqil dövlət olaraq dünya birliyində yeri və rolunu möhkəmləndirməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycançılıq ideologiyasının müəllifidir. Hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya azərbaycanlılarının birliyi Ümummilli Liderin fəaliyyətinin hələ Naxçıvan mərhələsində prioritet məsələ kimi öndə saxlanılmışdı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.”
Ötən əsrin 70-80-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün zəngin uğurlarla yaddaqalan olmuş, cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahənin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, məhz o illərdə qoyulmuşdur.
80-ci illərin sonlarından etibarən bütün Sovet imperiyasında başlanan müstəqilləşmə prosesi digər ictimai təsisatlar kimi Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin həyatında da özünü göstərmişdir. Bu illərdə təşkilat proseslərə təsir imkanlarını itirmiş, təhsil işçilərinin problemlərinin həllinə yardım iqtidarı zəifləmiş, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində yaranmış böhran 1990-cı ilin sentyabr ayında təşkilatın I qurultayında ittifaqın yeni nizamnaməsinin təsdiq olunması ilə nəticələnmişdir. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapmışdır.
Sonradan 1991-ci ilin 25 oktyabrında keçirilən IV plenumda nizamnaməyə bəzi dəyişikliklər olmuş, 1992-ci il iyunun 10-da isə təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Həmin nizamnaməyə əsasən İttifaq «Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı» adlandırılmışdır.
Yeni nizamnamədə üzvlərin hüquq və azadlıqları, aşağıdan yuxarıyadək bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması, üzvlər qarşısında hesabatlılıq və s. kimi mütərəqqi müddəalar öz əksini tapmış, qurumun müstəqilliyi təmin edilmişdir. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatının yaxşılaşdırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdür.
Bütün bunlarla yanaşı 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. bu kimi problemlər Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının nizamnaməsində əksini tapan öhdəliklərin yerinə yetirilməsinə mane olmuşdur.
Bu acınacaqlı vəziyyətin dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun tamamilə dağıdıldığı, ölkədə hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn Heydər Əliyevin yürütdüyü səmərəli siyasət nəticəsində qısa müddət ərzində irimiqyaslı layihələrin icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın iqtisadiyyatı yenidən quruldu.
Bu inkişaf, tərəqqi tezliklə həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində demokratik prinsiplərin geniş tətbiqi həmkarlar təşkilatlarını işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin daxilində həll edə bilən özünüidarəetmə sisteminə çevirdi. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.
Ümummilli liderimiz həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində də misilsiz işlər gördü. Həmkarlar təşkilatlarının inkişafına təkan verən önəmli addımlardan biri 1994-cü ilin 24 fevralında "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi təhsil işçilərinə də heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi. Həmçinin həmkarlar ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının müəssisələrin rəhbərliyindən asılılığının olmaması, qanunvericilikdə bu təsisatın işinə kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı müddəanın öz əksini tapması həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı.
Qanunun qüvvəyə minməsindən sonra bu təsisat özünün davamlı inkişaf yoluna qədəm qoydu.
Hər il əmək haqlarının artırılması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar tezliklə öz bəhrəsini verdi, həmkarlar təşkilatları nüfuzlu bir quruma çevrildi.
1999-cu ildə ölkəmizdə aparılan təhsil islahatı ilə əlaqədar olaraq Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırıldı və təşkilat illər keçdikcə səmərəli fəaliyyəti ilə nüfuzunu qaldıraraq öz sıralarını genişləndirdi.
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.
İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.
İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.