zamanlabirge.az
zamanlabirge.az

İlham Əliyevdən sahibkarlara növbəti böyük dəstək

6-07-2020, 14:06 16 dəfə baxılıb

İlham Əliyevdən sahibkarlara növbəti böyük dəstək Prezidentin qəbul etdiyi qərarlara əsasən iş adamlarının güzəştli kredit almaq imkanları genişləndirilir, faizlərin bir hissəsini dövlət maliyyələşdirir
Bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal pandemiya ölkələrin iqtisadiyyatına ciddi mənfi təsirini göstərməkdədir. Bir tərəfdən karantin dövründə işsiz əhalinin maddi durumunun yaxşılaşdırılması, sahibkarlıq subyektlərinə dəstək göstərilməsi, əlbəttə ki, dövlətin iqtisadi imkanlarına təsir edən amillərdir.
Pandemiyadan az itkilərlə çıxmaq üçün qabaqlayıcı tədbirlər görən Azərbaycan dövləti makroiqtisadi sabitliyi qorumaq üçün imkanlarını səfərbər edib. Hökumət əhalinin sosial rifahının yaxşılaşdırılması, sahibkarlara dəyən zərərin ödənilməsi istiqamətində ciddi qərarlar qəbul edib, bir sıra qanunvericilik aktlarında dəyişikliklər olunub. Bu dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi prosesi həyata keçirilir.
Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimallaşdırmağa çalışır.
130 mindən çox sahibkara göstərilən maliyyə dəstəyi
Hazırda sahibkarlara dövlət dəstəyi davam etdirilir. İş adamlarının güzəştli kredit almaq imkanları genişləndirilir.
Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar dövlət başçısnın hansısa çətin vəziyyətdə sahibkarların ən böyük hamisi olduğunu bir daha təsdiqləmiş oldu. İndi hər kəs şahiddir ki, dövlət başçısı beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır.
İqtisadiyyata geniş dəstək paketini əhatə edən proqramlar təxirəsalınmaz maliyyə dəstəyinin həyata keçirilməsini, biznes və investisiya mühitinin cəlbediciliyinin daha da artırılmasını nəzərdə tutur. Bu günədək 130 mindən çox sahibkara maliyyə dəstəyi göstərilib. Qəbul edilmiş proqramlar işçi heyəti ilə birlikdə 310 mindən artıq vətəndaşı əhatə edib. Aktiv vergiödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manatdır. Güzəştlər pandemiyanın təsirinə məruz qalan mikro, kiçik və orta sahibkarlıq subyektlərini, bəzi dəyişikliklər isə bütövlükdə hər bir vergiödəyicisini əhatə edir. Bu güzəştlər paketi ortamüddətli dövr üçün sahibkarların vergi və sosial yükünün azaldılmasına səbəb olacaq, onlara öz gəlirlərini bərpa etməyə və biznesini inkişaf etdirməyə, bütünlükdə özəl sektorun genişlənməsinə zəmin yaradacaq.
Elektron Kredit Platforması yaradılıb
Pandemiya dövründə cənab Prezidentin 2020-ci il 4 iyun tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası təsdiq olunub və fondun nizamnaməsində dəyişikliklər edilib.
Yeni mexanizmlər biznes krediti vəsaitinin alınması prosedurlarının asanlaşdırılması və inzibatçılığın sadələşdirilməsini də nəzərdə tutur. Sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb. Belə ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edəcək. Müvəkkil kredit təşkilatlarının iştirakı ilə elektron platforma üzərindən dövlət dəstəyinin həyata keçirilməsi mexanizmi MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunur. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Eyni zamanda kredit üçün müraciət sistemi sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir.
Yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün onlara kreditlərin verilməsidir.
Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7 faiz təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.
Faizlərin bir hissəsi dövlət tərəfindən maliyyələşdiriləcək
Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məsələn, çayçılıq, bağçılıq və sair) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.
Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və sair) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.
Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də yaradılıb.
Bununla yanaşı, sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətləri tətbiq olunacaq.
Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60 faizədək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir.
Kiçik və orta sahibkarlar üçün yaradılan maliyyə imkanları
Bu proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərərçəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsini təmin edəcək.
Proqramların icrası eyni zamanda bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərərçəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına imkan yaradacaq.
Göründüyü kimi, illər öncə qlobal maliyyə böhranı zamanı çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirləri ilə dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradan cənab İlham Əliyev qlobal pandemiya dövründə də qəbul etdiyi qərarlarla ölkəmizin bu çətin vəziyyətdən minimum itkilərlə çıxması üçün ciddi tədbirlər görür.
Rəşad BAXŞƏLİYEV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA