zamanlabirge.az
zamanlabirge.az

Təbriksiz, qonaqsız, yataqda keçən ad günü - Xalq artisti 72 yaşında

20-07-2020, 14:38

Təbriksiz, qonaqsız, yataqda keçən ad günü - Xalq artisti 72 yaşında Bu gün Azərbaycan kinosunun rejissoru-aktyoru, Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, estrada və musiqili teatr rejissorluğu kafedrasının yaradıcısı və müdiri, "Şöhrət" ordeni, "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı Ramiz Əzizbəylinin ad günüdür. Aktyorun 72 yaşı tamam olur.
Yuxarıda sadaladıqlarım rəsmi məlumatlardır onun haqqında. Xalqın dilində Ramiz Əzizbəyli “Bəyin oğurlanması” filmində “Tello” mahnısının ifaçısı, “Pirverdinin xoruzu”, “Bəxt üzüyü” kimi komediya filmlərinin rejissorudur. Ramiz Əzizbəyli həm də şeirlər və hekayələr müəllifidir.
“Mozalan” satirik kinojurnalından səsi ilə də yaddaşlarda qalıb Ramiz Əzizbəyli. Əksər süjetlərin qəhrəmanlarını səsləndirib.
Bir müddət teatrda da fəaliyyət göstərib. Oynadığı rollardan biri də “O olmasın, bu olsun” komediyasında Məşədi İbad olub.
Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.
Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
Səhər zəng edib aktyoru təbrik etdim, səhhəti ilə maraqlandım. Çox sevindi, amma “səhhətim yaxşı deyil” - dedi. İki ilə yaxındır, yataq şəraitində müalicə alan aktyor eyni vaxtda bir neçə xəstəlikdən əziyyət çəkir. Yüksək təzyiq və şəkər orqanizmində fəsadlar törədir. Deyir, 72 yaşımı da yataq şəraitində qonaqsız, təbriksiz keçirəcəm: “Eybi yox, buna da dözərəm, təki millətimin başından bəlalar götürülsün, hamının canı sağ olsun”.
Aktyora tezliklə sağlığına qovuşmaq diləyirik.

Ramilə Qurbanlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA