zamanlabirge.az
zamanlabirge.az

XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi olub

14-11-2022, 11:43

XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi olub Nizami Kino Mərkəzində XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi təşkil olunub.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalın proqramı haqqında ümumi məlumat verərək deyib: "Bu il festivala 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film yerli müsabiqəyə təqdim edilib. Seçim Komissiyasının qərarına əsasən 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı “Qızıl Nar” uğrunda yarışacaqlar. Bu ilki festivalın önəmli proqramlarından biri də “Asiya istedadları” müsabiqə proqramıdır. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə 10 film yer alır. Qalibləri Azərbaycan kino tənqidinin yeni dalğasının formalaşmasında birbaşa əməyi olan müəlliflərdən biri Aliyə Dadaşova və Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəcək. Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışacaq. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək. Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Belə ki, “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı – “Bafta” namizədlərinin xüsusi təqdimatı olacaq".
Həmçinin “Dili bizim” müsabiqə proqramının Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramı olmasından danışan F.Şamıyev burada dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlərin nümayiş olunduğunu vurğulayıb.
Festivalın təntənəli açılışı münasibətilə kino sənətinə aid olan bütün yaradıcı insanları və kinosevərləri təbrik edən Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov belə festivalların keçirilməsinin önəmindən danışıb: “Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Eyni zamanda festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi keçiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də eyni məkanda təşkil olunacaq. Kann, Venesiya, Berlin Film festivallarında, həmçinin “Oskar” mükafatlandırma mərasimində mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır”.
XIII Beynəlxalq Qısa Filmlər Festivalının xarici və yerli müsabiqəsinin münsiflər heyətinin üzvləri olan "Qarğıdalı adası" filmi ilə Karlovı Varı, "Kinoşok" kinofestivallarının baş mükafatını qazanan, tanınmış gürcü rejissoru və prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, müxtəlif illərdə kino tənqidçi Adilya Xaybulina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, türkiyəli prodüser Emrah Kılıç, əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılan, Əməkdar rəssam Rəşad Ələkbərzadə, "FOCAL" fondunun "AVANTI" proqramının qalibi, rejissor Mirsadiq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, "Didor", "Kiş" və s. festivalların mükafatçısı, Əli İsa Cabbarov, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi, şair Qismət Rüstəmov çıxış edərək kino yaradıcılarını və kinosevərləri bu təntənəli açılış mərasimi münasibətilə təbrik ediblər.
Daha sonra festivala təqdim olunan yerli və xarici filmlərin kollajından ibarət videoçarxlar, eyni zamanda ötən festivalların qalib filmlərindən biri "Bir ata haqqında" sənədli filmi, "Ən yaxşı rejissor" nominasiyasının qalibi "Çarpayı", “Şaxta" və "Təbii seçim" filmləri nümayiş olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA