zamanlabirge.az
zamanlabirge.az

İçərişəhər Qarabağ xalçaları ilə - Yeni il gözəl əhval-ruhiyyə ilə

30-12-2022, 12:07

İçərişəhər Qarabağ xalçaları ilə - Yeni il gözəl əhval-ruhiyyə ilə Bakının tarixi hissəsində - İçərişəhərdə yerləşən “NUR Art House” qalereyasında "Qarabağ xalçaları: tarixdən gələcəyə ötürülən həqiqət" adlı sərginin açılışı olub.
Ekspozisiya “NUR Art House” xalça qalereyası, "Azərbaycan xalçaçıları" İctimai Birliyi və “Arts Council Azerbaijan” QHT-si tərəfindən təşkil olunub.
Sərgidə şəxsi kolleksiyada saxlanılan qədimi xalçalarla yanaşı, müasir rəssam və xalçaçıların əsərləri də təqdim olunur. Proqram çərçivəsində qonaqlar Qarabağ xalçalarının ornamentləri ilə tanış olub, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin üzvü, tanınmış xalçaçı-rəssam Eldar Hacıyevin keçirdiyi “Ustad dərsi”ndə iştirak ediblər.
Qonaqlar arasında mədəniyyət xadimləri, yaradıcı ziyalıların və gənclərin nümayəndələri, diplomatik missiyaların təmsilçiləri var idi. Yeni il ərəfəsində qonaqların yüksək əhval-ruhiyyəsi gecəyə bayram ab-havası verib. 16 yaşını qeyd edən “Arts Council Azerbaijan” təşkilatının World Crafts Council Europe beynəlxalq qurumuna üzv seçilməsi sərgiyə müsbət atmosfer qatıb. Bu isə Azərbaycan sənətkarlarının (keramika ustalarının, xalçaçıların, xalq-tətbiqi sənət ustalarının və s.) öz məhsulunu Avropanın müxtəlif beynəlxalq layihələrində və sərgilərində nümayiş etdirmək imkanı yaradacaq. Azərbaycanda bu yenilik “Arts Council Azerbaijan” tərəfindən Avropa əl sənəti icmasına Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın rəhbəri olduğu “NUR Art House” platformasından təqdim olunacaq.
Açılışda çıxış edənlər – “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov, rəssam Eldar Hacıyev, "Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin katibi Günel Aslanova və World Crafts Council Europe təşkilatının Azərbaycandakı nümayəndəsi Sona Quliyeva qədim Azərbaycan xalça sənətinin və Qarabağ xalçalarının təbliğində ekspozisiyanın əhəmiyyətini vurğulayıblar. Eldar Hacıyev təqdim olunan eksponatlar haqqında məlumat verib.
Qarabağ Azərbaycanın əsas xalça mərkəzlərindən biridir. Hələ X əsrdən başlayaraq onun adı əı-Müqəddəsi, Məsudi və başqa ərəb tarixçilərinin yazılı mənbələrində yun və pambığın emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi çəkilib. Aran rayonlarında əsas xalçaçılıq mərkəzləri isə Cəbrayıl, Ağdam, Bərdə və Füzulidir. XIX əsrin ikinci yarısından etibarən Qarabağda xalçaçılıq mərkəzi Şuşa olur, buranın xalçaçıları 1867-ci ildə Parisdə keçirilmiş beynəlxalq sərgidə mükafatlara layiq görülüb. Şuşa xalçaları həmçinin 1872-ci ildə Moskva Politexnik sərgisində mükafatlar alıb. XVII əsrdə Qarabağda toxunmuş “Qoca” xalçası Metropoliten Muzeyində saxlanılır.
Qarabağ xalçaları 4 qrupa bölünürlər: gölsüz, göllü, namazlıqlar və süjetlilər. Klassik nümunələrə “Aran”, “Bağçada güllər”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, “Qarabağ”, “Qoca”, “Qasımuşağı”, “Ləmbərani”, “Muğan”, “Talış”, “Ləmpə”, “Malıbəyli”, “Xanqərvənd”, “Xanlıq”, “Xantirmə”, “Çələbi, “Şabalıd buta” və s. kompozisiyalar aiddir.
Zəngin rəng həlli Qarabağ təbiətinin ən şux boyalarını özündə əks etdirir, xalçalara özünəməxsusluq gətirir, həyatsevərliyi və parlaq koloriti ilə fərqlənir. Xalçanın ara sahəsinin və haşiyəsinin bəzəyində qırmızı, qızılı-sarı, qəhvəyi, şəkəri, yaşıl, ağ, bəzən isə qara rənglərdən istifadə olunur. Dəqiq həndəsi mütənasiblik, obrazların hər hansı bir uydurulmuş mürəkkəbliklərdən uzaq monumental bitkinliyi, ritmin və zəngin rəng çalarlarının harmoniyasının simmetriiyasından dəqiq istifadə Qarabağ xalçalarını dünya xalça sənətinin ən yaxşı nümunələri ilə bir sırada qoyur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA