zamanlabirge.az
zamanlabirge.az

Cinayət Məcəlləsinə 200-dək dəyişiklik təklif olunur

13-04-2020, 23:23

Cinayət Məcəlləsinə 200-dək dəyişiklik təklif olunur Milli Məclisə təqdim edilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı yeni layihədə 200-ə yaxın dəyişiklik təklif olunur.
Bu barədə millət vəkili, parlamentinHüquqi siyasəti və dövlət quruculuğu Komitəsininüzvü Kamal Cəfərov bildirib.
O qeyd edib ki, bu gün Komitənin onlayn iclası keçirilib: "İclasda Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə müzakirə edilib. Milli Məclisə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırığın icrası çərçivəsində hazırlanıb. Bu layihə ölkə başçısının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Təklif edilən dəyişikliklər cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların növbəti mərhələsidir. Belə ki, ölkə başçısının 2017-si il 10 fevral tarixli Sərəncamının icrası və 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbulu ilə əlaqədar olaraq bu günə qədər 9 mindən artıq şəxs cinayət məsuliyyətindən azad edilmiş, 3 minə qədər şəxsin cəzası yüngülləşdirilmiş, 800-ə qədər şəxs azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Belə böyük bir rəqəm isə istənilən əfv və amnistiya ilə azad edilən şəxslərin sayından dəfələrlə çoxdur”.
Millət vəkili qeyd edib ki, Milli Məclisə təqdim edilən yeni layihədə cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır: "3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur. 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur. Məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq da aradan qaldırılır. Bu dəyişikliyə qədər, məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı. Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkum etməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin.

Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın iştirakçılıqla törədildiyi hallarda cinayət iştirakçıları tərəfindən ödənilməsi qaydası müəyyən edilməmişdi, məhkəmə təcrübəsinə uyğun aparılırdı. Dövlət büdcəsinə ödənişi isə hər bir cinayət iştirakçısı ödəməli idi. Təklif edilən dəyişiklik isə hakimə imkan verir ki, həm ziyan, həm də dövlət büdcəsinə ödəniş cinayət iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında, belə iştirakın əhəmiyyətindən vurulmuş zərərin həcminə və xarakterinə görə məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilsin”.
K. Cəfərov nəzərə çatdırıb ki, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının 3 növü var: "Onlardan ən ağırı olan qalan hissəni çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi müddəası ilə ləğv edilir. Hazırda azadlıqdan məhrumetmənin azadlıqdan məhdudlaşdırmaya, islah işlərinə, ictimai işlərə konvertasiyası mümkündür. Lakin təcrübədə azadlıqdan məhdudlaşdırmanın islah işlərinə və ictimai işlərə konvertasiyası zərurəti yarandıqda, bunun hüquqi əsası yox idi. Bu da təcrübədə müəyyən problemlər yaradırdı. Hazırda belə bir konvertasiya imkanı müəyyən edilir. Bu da imkan verir ki, ümumiyyətlə, azadlığın məhdudlaşdırılması daha liberal cəza növləri ilə əvəz edilsin”.
O bildirib ki, alternativ cərimə növü müəyyən edilir: "Hazırda cərimə 2 üsulla müəyyən edilir. Birincisi, 20 min manatadək cərimə, ikincisi isə cinayət nəticəsində dəymiş ziyanın 1 mislindən 10 mislinədək miqdarda cərimə. Bu isə cənab Prezident tərəfindən həyata keçirilən dekriminallaşdırma siyasətinin səmərəli icrasına imkan vermirdi. Belə ki, dekriminallaşdırma siyasəti nəticəsində mülkiyyət əleyhinə və iqtisadi cinayətlər sahəsində zərərçəkmişlə barışan və dəymiş ziyanı tamamilə ödəyən şəxs eyni zamanda dəymiş ziyanın 1 mislindən 10 mislinədək dövlətə ödəniş etməliydi. İndi alternativ cərimə təklif edilir, alternativ cərimə dəymiş ziyanın 100 faiz məbləğinədəkdir. Misal üçün mülkiyyət əleyhinə olan bir sıra cinayətlərdə məsuliyyətdən azad edilməyin 3 tələbi var idi. Birincisi barışıq, ikincisi dəymiş ziyanı tamamilə ödəmək, üçüncü tələb isə dəymiş ziyanın 1 misli miqdarında dövlətə büdcəsinə ödəniş. İndi 3-cü tələb dəymiş ziyanın 100 faizi deyil, 25 faiz miqdarında müəyyən edilir”.
Millət vəkilinin sözlərinə görə, iqtisadi fəaliyyət sahəsində olan 18 cinayətə - qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma, kredit ödəməkdən yayınma, yalan reklam etmə, nəzarət markalarından qanunsuz istifadə, qanunsuz müflisləşmə, vergidən yayınma cinayətinə görə məsuliyyət yaradan hədd 2,5 dəfə artırılır - 20 min manatdan 50 min manata: "Xeyli miqdarın anlayışı dəyişməklə, yəni miqdarı 20 min manatdan 50 min manata artırılmaqla məsuliyyət yaradan hədd də artırılır və 50 min manata qədər olan pozuntular İXM ilə cəzalandırılır. Bu sahədə olan cinayətlərin sanksiyalarından biri daha yüngül cəza ilə əvəz edilir, bəzi hallarda daha yüngül sanksiyalar əlavə edilir.
Hərbi xidmət əleyhinə cinayətlər bölməsində edilən dəyişikliklərin məqsədi orduda məhkumluqların sayının azaldılmasından ibarətdir. Belə ki, bildiyiniz kimi məhkumluqdan irəli gələn hüquqi nəticələr hərbi qulluqçuların gələcək karyerasına mənfi təsir göstərə bilər. Bununla belə orduda ciddi nizam intizamın təkmilləşdirilməsi da qorunub saxlanılması üçün Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edilir”.
K. Cəfərov sonda diqqətə çatdırıb ki, ümumiyyətlə bəzi cinayət əməllərin dekriminallaşdırılması onları törədənlərin cəzasız, məsuliyyətdən kənarda qalacağı anlamına gəlmir: "Belə şəxslərin əməlləri İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA