zamanlabirge.az
zamanlabirge.az

Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi

25-06-2020, 14:10 16 dəfə baxılıb

Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu gün çox dəyərli həmkarımız, Azərbaycanda iqtisad elminin inkişafında böyük xidmətləri olan akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur.Möhtərəm Prezidentimiz İlham Əliyev akademik Ziyad Səmədzadəni birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir.Bu təkcə Ziyad müəllim üçün deyil, həm də bütövlükdə Milli Məclis üçün sevindirici hadisədir.Bu münasibətlə hörmətli həmkarımızı təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Çıxış edən deputat Ziyad Səmədzadə ona göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.Ziyad Səmədzadə Milli Məclisin Sədri Sahibə Qafarovanı əmin etdi ki, bundan sonra da Azərbaycanda iqtisad elminin daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəkdir.Onun çıxışı alqışlarla qarşılandı.
Sonra gündəliyin birinci məsələsi -Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təqdim olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki, bu dəyişikliklər ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur.Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqini nəzərdə tutur.
Dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət rüsumu haqqında” qanuna (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə əlaqədar məlumatında bildirdi ki, sənəd “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə tibb müəssisələrinin akkreditasiyası ilə bağlı dövlət rüsumlarının məbləği müəyyən edilib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Sonra Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” (ikinci oxunuş) qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Deputat bildirdi ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılmasını, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılmasını, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsini və məlumatların alınmasını, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsini nəzərdə tutur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Layihə ikinci oxunuşda təsdiq edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi təqdim etdi. Bildirildi ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılmışdır və bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur.Qeyd edildi ki, müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, habelə, xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər haqqında (ikinci oxunuş) məlumat verdi. Komitə üzvü qeyd etdi ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında” qanuna əsasən telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələr məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Sonra Kamal Cəfərov Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklifedilən dəyişiklikləri (ikinci oxunuş) şərh etdi. Deputat bildirdi ki, dəyişikliklər Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədi ilə aparılıb. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi (ikinci oxunuş) təqdim etdi. Bildirildi ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulmuşdur.Birinci oxunuşdan sonra layihəyə təkliflər daxil olmamışdır.
Sonra qanun layihəsi ikinci oxunuşda təsdiq edildi.
Gündəliyin növbəti dörd məsələsi bir zərfdə daxil olduğuna görə,
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir MirkişiliVergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunlara təklif olunan dəyişikliklər barədə (birinci oxunuş) məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər elektron icra, elektron notariat və elektron məhkəmə informasiya sistemlərinin genişləndirilməsi və bu sistemlər arasında məlumat mübadiləsinin labüdlüyü ilə bağlıdır.
Sonra hər dörd qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Daha sonra Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verdi ki, gündəliyə birinci oxunuşda daxil edilmiş növbəti 3 məsələ parlamentə bir zərfdə təqdim olunub.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi,həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını məqsədini daşıyır.
Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırdı.Bildirdi ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Silahlı Qüvvələri son illərdə çox böyük inkişaf yolu keçib.Həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində ordumuzun maddi-texniki təchizatı gücləndirilib, döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib.Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır və qarşısında duran istənilən vəzifəni icra etməyə qadirdir.Biz 2016-cı ilin şanlı aprel zəfərində bir daha bunun şahidi olduq. Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı olaraq qürur duyur.
Çıxışının sonunda Milli Məclisin Sədri bir daha Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Silahlı Qüvvələrin bütün şəxsi heyətinə, xalqımıza və deputatlara təbriklərini çatdırdı.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA