zamanlabirge.az
zamanlabirge.az

15 sentyabr - Bakının erməni işğalından azad edildiyi gün

15-09-2020, 17:22

15 sentyabr - Bakının erməni işğalından azad edildiyi gün İqbal Məmmədov,
millət vəkili


Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.
96 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.
Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.
Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də bu hadisəni qeyd edir, şəhid əsgərlərin xatirəsini anır.
Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə- Azərbaycan qardaşlıq münasibətlərinin bariz bir nümunəsidir.
Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir. Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində ölkələrimiz arasında yeni sazişlərin imzalanması siyasi-iqtisadi, habelə hərbi əlaqələrin daha da güclənməsinə xidmət edəcəyi proqnozlaşdırılır. Qeyd etmək yerinə düşər ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının yekununda Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalandı. Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əlaqələrə xüsusi önəm verdiklərini vurğuladı və Türkiyədən yeni hərbi texnika alınacağını bildirdi: “Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq”. Mütəxəssislərin fikrincə, hərbi sahəyə dair imzalanmış saziş iki ölkə arasında hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxaracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin Azərbaycanla hərbi əməkdaşlığın daha da gücləndirilməsinə tərəfdar olduğunu acıqladı: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan, müdafiə sənayelərimizin gücləndirilməsi vacibdir”.
Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardır. Uzun illərdir bu iki qardaş ölkə Qərbin enerji təhlükəsizliyinin güclənməsinə dəstək verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini uğurla reallaşdırır. TANAP-ın icrasının müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdüyünü vurğulayan siyasi şərhçilər əlavə edirlər ki, Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir.
Fevralın 25-də imzalanan daha bir mühüm sənəd nəqliyyat sahəsinə aid oldu. Belə ki, iki qardaş ölkə daha bir dəmir yolu vasitəsilə birləşməyi düşünür. Söhbət Qars–Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumundan gedir. Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında nəqliyyat sahəsində böyük nailiyyətlərimizin olduğunu vurğuladı və Qars–Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumunun imzalanmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı: “Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir”. Dövlət başçımız əlavə etdi ki, Qars–İğdır–Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı və əhalinin rifahı daha da yaxşılaşacaqdır. Prezident İlham Əliyev əmin olduğunu açıqladı ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaqdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında Naxçıvanı Qarsa birləşdirəcək dəmir yolunun əhəmiyyətini xüsusi vurğuladı. Bununla yanaşı, cənab Ərdoğan Naxçıvanın inkişafı baxımından çox önəmli qaz kəmərinin tikiləcəyini də bildirdi: “Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək”. Türkiyə lideri dəmir yolu və qaz kəmərinin reallaşmasından sonra Naxçıvanın həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcəyini də diqqətə çatdırdı, çox önəmli olan bu layihələrin qısa müddətdə başa çatdırılmasının əhəmiyyətli olduğunu vurğuladı: “Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və İnşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmlidir”. Qardaş ölkənin başçısı 4,5 milyard dollar olan ticarət dövriyyəsinin 2023-cü ildə 15 milyard dollara çatdırılacağını da diqqətə çatdırdı. İmzalanan sənədlərin əhəmiyyətindən danışan Türkiyə Prezidenti gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığı dərinləşdirəcəklərini də qeyd etdi. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarının araşdırılacağını da açıqladı.
Türkiyə lideri Bakıda dünya birliyinə güclü mesajlar da göndərdi. Belə ki, cənab Ərdoğan azərbaycanlı həmkarının “Dağlıq Qarabağ Azərbaycandır və nida”, deyərək fikrini açıq şəkildə ifadə etdiyini bildirdi və Türkiyə olaraq bu ifadənin altına imza qoyaraq bir daha təkrarladı. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsinin ən böyük arzuları olduğunu vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bəyan etdi ki, Azərbaycana bu haqlı mübarizəsində verdikləri dəstəyi bundan sonra da davam etdirəcəklər. Cənab Ərdoğan çıxışında Minsk qrupunun bu məsələdə səmimi davranmadığını da açıq şəkildə ifadə etdi. Prezident İlham Əliyev Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirərək, buna görə bir daha təşəkkürünü bildirirdi, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycanın daim Türkiyənin haqq işini dəstəklədiyini vurğuladı. Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək, yaxın tarixin də bunu göstərdiyini dedi: “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”. Prezident İlham Əliyev, həmçinin əmin olduğunu bildirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər.
Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son səfəri çərçivəsində səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA