zamanlabirge.az
zamanlabirge.az

Bu gün Azərbaycan istər siyasi, istər hərbi, istər iqtisadi gücünə görə, region ölkələri arasında liderdir

23-11-2020, 14:55

Bu gün Azərbaycan istər siyasi, istər hərbi, istər iqtisadi gücünə görə, region ölkələri arasında liderdir
Fərqanə Müseyibqızı

Ölkəmizin gərgin şəraitdə qazandığı mükəmməl siyasi və ictimai təcrübə bugünkü Azərbaycan Respublikasının istər yaranmasında, istərsə də onun dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında və s. özünü açıq göstərir. Bu gün Azərbaycanın iqtisadi inkişafı düzgün olaraq həyata keçirilən siyasətin bəhrəsidir. Bu gün Azərbaycan istər siyasi, istər hərbi, istər iqtisadi gücünə görə, region ölkələri arasında liderdir. Əbəs yerə deyil ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə apardığı islahatların həyatiliyi və faydalılığı indi təkcə respublikamızda deyil, bütün dünyada geniş əks-səda doğurur və yüksək qiymətləndirilir. Məhz cənab İlham Əliyevin apardığı siyasətin kökündə də bu vacib amillər əsas hesab edilir.
Nə xoş ki, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdülüb, insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılıb. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Düzgün siyasətə müstəsna əhəmiyyət verilməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımların atılması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə edilməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Dahi rəhbərin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib.
Çox sevindiri haldır ki, ölkə siyasətinin əsasını zaman-zaman sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib.
Çiçəklənən Azərbaycanın əzəli düşməni olan Ermənistanın çirkin niyyətləri həmişə özünü açıq büruzə verib. Bu ölkənin 27 sentyabrda başlanan təxribatları da bu barədə fikir deməyə əsas verir.
Bildiyimiz kimi, müharibə başlayandan erməni təxribatları ara vermir. İşğalçı erməni birləşmələri Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncəni Ermənistan ərazisindən atəşə tutmaqla təxribatçı olduğunu bir daha açıq göstərdi. Nəticədə dinc əhali arasında ölən və xəsarət alanlar oldu, çoxlu sayda mülki obyektlərə ziyan dəydi.
Münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artileriyadan atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevra konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.
Ermənistanın faşist rəhbərliyi Mingəçeviri, digər rayonlarıızı da raket atəşinə tutur, dağıntı və təlafatlara səbəb yaradır. Erməni hərbi birləşmələrinin növbəti dəfə Bərdə şəhərini raket atəşinə məruz qoyması, onlarla dinc sakini qətlə yetirməsi də hərbi cinayətdir və beynəlxalq təşkilatlar bu azğın millət barədə mütləq ölçü götürməlidir. Bu kimi hadisələr bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir.
Müzəffər Azərbaycan Ordusu ermənilərə döyüş meydanında qətiyyətli və tutarlı cavablar verir. Ordumuz bununla bir daha bütün dünyaya mədəni döyüş taktikası sərgiləyir.
Bəli, Azərbaycan prezidenti rəhbəri olduğu ölkənin taleyini strateji resurslar kimi qoruyur və bu, bütün hallarda ölkəmizə başucalığı gətirir. Bu, həm də o deməkdir ki, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş bütün qəsdlərdən uğurla çıxıb.
Heç bir ana müharibə istəməz. Ancaq Azərbaycan haqq savaşı aparır. Bütün analara mərd-mübariz olmalarını arzulayıram. Çünki övladlarımız öz torpaqlarımız uğrunda döyüşür. Haqq bizim tərəfimizdədir. Allah əsgərlərimizi, Ali Baş Komandanımızı və xalqımızı qorusun.
İnşallah, haqlı olduğumuz üçün qələbə bizimdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA