zamanlabirge.az
zamanlabirge.az

Deputat: Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə bu dövlətin sülhyaratma missiyasını, Qərb demokratiyasını ayaq altına atdı

26-11-2020, 14:19

Deputat: Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə bu dövlətin sülhyaratma missiyasını, Qərb demokratiyasını ayaq altına atdı Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tutduğu mövqe, əslində, tam mövqesizlikdir, hüquqtanımazlıqdır. Fransanın bu “mövqe”yə uyğun etdiyi hərəkətlər ən elementar tənqidə belə tab gətirmir. İlk növbədə, ona görə ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu, onun üzərinə tarixi, siyasi və mənəvi məsuliyyət qoyur. İkincisi, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir, yəni, ədalətli sülhün tapılmasında məsuliyyət daşıyan 3 əsas ölkədən biridir. Fransa hakimiyyəti bu mandatın fərqində olmağa borcludur. Üçüncüsü, Fransa Qafqaz dövləti deyil, Qafqaz ölkələri ilə həmhüdud da deyil. Hətta ermənilər, azərbaycanlılar, ümumiyyətlə, Qafqaz xalqları ilə etnik və mədəni bağlara malik deyil. Belə olan halda, neytral qalmaq, əsl vasitəçi ləyaqəti göstərmək üçün heç bir bəhanəyə yer qalmır.
Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.
Komitə sədri deyib ki, bütün bu faktlara, məsuliyyət bölgüsünə baxmayaraq, Fransa ikili standartlarla davranmağı, anti-Azərbaycan ovqatını siyasi müstəvidə möhkəmləndirərək hüquqi müstəviyə daşımaq yolu tutmağı özünə yaraşdırır. Bu, əslində, “hüquqi müstəvi” deyil, tamamilə “hüquqazidd müstəvi”dir.
Fransa Senatında qondarma “Dağlı Qarabağ respublikası”nın tanınmasının mümkünlüyü haqqında sənədin müzakirəyə çıxarılması Azərbaycanın dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Fransanın özü tərəfindən tanınmış suverenliyinə, ərazi bütünlüyünə qəsddir. Bunun başqa izahı varmı? Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquqlarına, birgəyaşayış normalarına çox kobud müdaxilə cəhdidir. Bu cəhdlər Qafqazın iki dövləti arasında ədalətli sülh axtarışının elementar tələblərinə cavab verirmi? Əsla, yox! Özü də bütün bunlar nə zaman baş verir? Müharibənin hərbi mərhələsinin başa çatdığı, siyasi-diplomatik mərhələnin başladığı, ədalətli nizamlanmaya inam yarandığı bir dövrdə… Fransa 44 gün ərzində də ermənipərəst mövqe tutmuşdu, Ermənistan-Azərbaycan müharibəsinə münasibətdə demək olar ki, həmişə rəsmi İrəvanın yanında durmuşdu. Ona görə, Fransa ən azından münaqişənin siyasi həll mərhələsinin başladığı dövrdə dövlət kimi imicinin, vasitəçi mandatının qayğısına qalmağa borclu idi.
Q.Paşayeva deyib ki, Fransanın hazırkı beynəlxalq hüquqtanımazlığı ədalət, humanizm, beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Bu, bitmiş müharibəni yenidən başlamaq üçün fitnəkarlıqdır. Bu, tərəfləri yeni qanlı toqquşmalara təhrik etməkdən başqa bir şey deyil. Bu, hazırkı Fransa hakimiyyətinin gələcək nəsillər qarşısında tarixi yanlışlığı olmaqla yanaşı, humanizm prinsiplərini ayaq altına atmaqdır. Bu, ATƏT-in Minsk qrupunda həmsədrlik institutuna, yaxud onun tərkibinə mütləq şəkildə yenidən baxmağın qaçılmazlığından xəbər verir. Artıq Fransa həmsədr olmaq hüququnu öz əməlləri ilə itirib.
“Beləliklə, bir qrup ermənipərəst, islamofob, antitürk, anti-Azərbaycan ovqatlı senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul olunan “Dağlıq Qarabağ respublikası”nın tanınmasının labüdlüyü” adlı bədnam qətnamə fransız mədəniyyətini, respublikaçılığı, sülhyaratma mandat-missiyasını, Qərb demokratiyasını ayaq altına atdı. Qondarma “respublika”nın tanınması ilə bağlı bədnam qətnamənin Fransa Senatında qəbul edilməsi Azərbaycan Respublikasının Fransanın özü də daxil olmaqla, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə kobud müdaxilədir. Bu, beynəlxalq hüquqa, ədalətə, əməkdaşlığa, bir sözlə, dövlətlər və xalqlar arasında münasibətlər sisteminə təhqirdir. Bu təhqir tarixi yanlışlığa qol qoyan, səs verən bütün senatorların vicdanında qara ləkə olaraq qalacaqdır”, - deyə deputat qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı ən əsas sənəd BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsidir. Həmin qətnamələri heçə sayan Fransa özü də həmin qətnamələrin qəbuluna səs verib. Deməli, Fransa Senatının bu addımı özü-özünü inkar etməsi anlamı daşıyır.
Komitə sədri, həmçinin deyib: “Sirr deyil ki, bu sənəd Fransadakı erməni lobbisinin və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın belə qərəzli qətnamə qəbul etməsinə bəraət qazandırmır.
O da sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxmasından, özünün isə arxa planda qalmasından narahatdır. Ancaq vəziyyətə obyektiv yanaşmaq lazımdır, Fransanın özünün- özünə etdiklərinə görə başqaları cavab verməyə borclu deyil”.
Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında digər dinlərə məxsus dini və mədəni abidələrin qorunması ilə bağlı guya hansısa problemin mövcudluğu ilə bağlı Fransanın narahatlığına münasibət bildirən Q.Paşayeva deyib ki, bu, ən yumşaq ifadə ilə desək, gülünc iddiadır. Fransa 27-30 il ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarındakı, yaxud Ermənistan ərazisindəki dini, tarixi, mədəni abidələrimizə qarşı törədilmiş vandalizmi nə üçün görmür? Yoxsa, bizim abidələri dağıtmaq olar və bu, fransızlar üçün problem sayılmır? Ötən illər ərzində işğal olunmuş ərazilərdə İslam dininə xas abidələrin barbarcasına dağıdılmasına, qədim albanlara məxsus dini, tarixi məbədlərin erməniləşdirilməsinə Fransa da daxil olmaqla, bir çox dövlətin, beynəlxalq təşkilatların səssiz qalmasına nə deyək? Guya Fransada bilmirlər ki, Azərbaycan Respublikası multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərdə dağıdılmış İslam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcək? Bu, bizim dövlətin xarakteridir. Belə tolerant davranış bizim milli xüsusiyyətimizdir, biz bunu kiməsə, nəyəsə görə etmirik. Buna dair onlarca fakt var və o faktlar beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycanda etnik və dini zəmində tolerantlıq nəinki monoetnik, qeyri-tolerant Ermənistan cəmiyyəti ilə, bir çox Avropa ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir. Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud durumu dediklərimizə bariz nümunədir.
Xatırladaq ki, Fransa hökuməti adından verilən rəsmi açıqlamada Fransa Senatının dünən qəbul etdiyi qərəzli qətnamənin hüququ təsiri olmadığı, tövsiyə xarakterli sənəd olduğu bildirilib.
Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, Fransanın “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək.
Mədəniyyət komitəsinin sədri vurğulayıb ki, Fransa kimi nəhəng bir dövlətin qanunverici orqanı Ermənistan kimi bir cırtdan dövlətin haqsız tələb və iddialarının girovuna çevrilməməli idi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də vurğuladığı kimi, Senatın qətnaməsi bizim üçün bir kağız parçasından artıq deyil və heç bir təsiri ola bilməz.
“Bu qətnamənin qəbulundan Azərbaycan hansısa fövqəladə itkilərə məruz qalmayacaq, bəlkə Fransanın özünün itirəcəkləri olacaq. Ermənistan hakimiyyəti də sanmasın ki, o, qazanan tərəf olacaq. Uğursuz, məğlub dövlət bir qətnamə ilə dirçələ bilməyəcək, əksinə, gələcək danışıqlarda, özü də, onu birtərəfli qaydada müdafiə edən Fransa da tam etibarsız tərəf olacaq. Azərbaycan Respublikasının ərazisində yaşayan ermənilər də bundan hansısa qazanc gözləməsin. Onların qazancı (əgər əldə edə bilsələr) “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” olardı...
Dövlətimiz var olsun!”, - deyə deputat diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA