zamanlabirge.az
zamanlabirge.az

Səttar Möhbalıyev: “Hakim Yeni Azərbaycan Partiyası xalqımızın arzu və istəklərinin təminatçısıdır”

21-11-2022, 10:49

Səttar Möhbalıyev: “Hakim Yeni Azərbaycan Partiyası xalqımızın arzu və istəklərinin təminatçısıdır” “Yeni Azərbaycan Partiyasının dövlətimizin tarixində və xalqımızın həyatında əhəmiyyəti çox böyükdür. Ölkəmizin düçar olduğu böhrandan xilas edilməsi, müasir Azərbaycanın qurulması, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi bilavasitə Partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan ağır siyasi böhran dövlətçiliyimizi çətin təhlükə qarşısında qoymuşdu. Vətənin taleyini düşünən adlı-sanlı ziyalılar, tanınmış insanlar, nüfuzlu şəxsiyyətlər xalqının böyük öğlu, peşəkar siyasətçi Heydər Əliyev dühası ətrafında birləşərək Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasını yaratdılar. Bu, bütövlükdə xalqımızın arzu və istəklərinin ifadəsi, tarixi bir hadisə idi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Bəlkə də, tarixdə belə bir hadisə olmayıb ki, yeni yaranan partiya qısa müddətdə YAP kimi böyük nüfuz sahibi olsun, xalqının etimadını qazansın. Yarandığı ilk gündən xalqımızın taleyini düşünən hər kəs Ulu Öndərin ətrafında sıx birləşmək amalı ilə Partiyanın sıralarına qatılırdı. Həmin insanlar əmin idilər ki, onun lideri yeganə xilaskar şəxsiyyətdir. Tarixin, proseslərin sonrakı gedişi, bu gün yaşadığımız qüdrətli Azərbaycanın mövcudluğu xalqımızın məhz həmin müdrik qərarının nəticələridir. Ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası çox böyük, şərəfli və nailiyyətlərlə dolu uğurlu bir yol keçib. Heydər Əliyev Partiyanı inkişaf etdirdi, cəmiyyətimizin aparıcı siyasi qüvvəsinə çevirdi, dünənin, bu günün və sabahın partiyası səviyyəsinə qaldırdı. Xalqımız tərəfindən yendən hakimiyyətə gətirilən Heydər Əliyev ona göstərilən bütün etimadları şərəflə doğrultdu, xalqın inamını özünə qaytardı, dövlətin ətrafında onları inamla birləşdirdi, düşmənlərimizin ölkəmizlə bağlı xain planlarını alt-üst etdi, müasir, güclü Azərbaycan yaradaraq etibarlı, peşəkar əllərə ötürdü. Gələcək nəsillər bu gün bizim kimi, hər zaman Ulu Öndərə minnətdar olacaqlar, onun adını uca tutaraq ehtiramla yad edəcəklər”, - Milli Məclisin deputatı bildirib.
“Fəxarətlə deyə bilərik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədaləti özünün prinsiplərinə çevirən YAP Vətənini sevən və xalqına sadiq olan, hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları öz ətrafında cəmləyərək uğurla irəliləyir. Partiyanın sıraları getdikcə genişlənir, gördüyü taleyüklü işlərlə vətəndaşlarımızın hörmət və inamını qazanır. Hazırda Azərbaycan iqtisadi gücü, inkişaf tempi, qazandığı nailiyyətlər, həyata keçirdiyi layihələr, etibarlı tərəfdaş statusu ilə dünyanın əhəmiyyətli dövlətlərdən biri hesab olunur. Təkcə onu demək kifayətdir ki, ölkəmiz regionun nəhəng enerji mərkəzinə çevrilib, Avropanın enerji təchizatında son dərəcə effektli rol oynayır. Həmçinin Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad edilməsi, şanlı Zəfərin xoş sədası dünyanın hər yerində eşidilir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və xalqımızın daha böyük nailiyyətləri hələ qarşıdadır”, - AHİK sədri əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA