zamanlabirge.az
zamanlabirge.az

Fransız jurnalist açıq şəkildə ermənilərin tərəfini tutan siyasətçilər və media orqanlarından yazıb

26-01-2023, 10:44

Fransız jurnalist açıq şəkildə ermənilərin tərəfini tutan siyasətçilər və media orqanlarından yazıb Fransanın “musulmansenfrance.fr” xəbər portalında Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brən tərəfindən Fransada açıq şəkildə ermənilərin tərəfini tutan, Azərbaycana qarşı aramsız qətnamələr qəbul edən, qərəzli məqalə və reportajlar hazırlayan siyasətçilər və media orqanları haqqında məqalə dərc olunub.
Məqaləd qeyd olunub ki, əsrlər boyu ermənilərlə onların qonşuları arasında münasibətlər regiona ağalıq uğrunda mübarizə aparan güclü imperiyalar tərəfindən alovlandırılan, aramsız qarşıdurmalar ilə yadda qalıb. Sovet İttifaqı dövründə bu, tez-tez mərkəzi hakimiyyət tərəfindən təşviq edilən qırğınlar şəklində olurdu. Bunun ardınca 1993-cü ildə İrəvan ordusunun Azərbaycanı işğalı, Qarabağın 30 illik işğalı və 2020-ci ildə Azərbaycanın ərazisinin böyük hissəsini azad etdiyi qısamüddətli müharibə baş verdi.
“Bu məğlubiyyətdən sonra ermənilər, xüsusən də Fransa diasporasında olanlar meydandakı müharibəni mediaya gətirməyə çalışaraq, ictimaiyyəti onları təcavüzkar olaraq deyil, qurban kimi tanımağa inandırmağa çalışdılar.
Reallığı nəzərə alsaq, Qafqazdakı problemlər Fransa ictimaiyyətinin heç vecinə də deyil.
Fransada açıq şəkildə ermənilərin tərəfini tutan, Azərbaycana qarşı aramsız qətnamələr qəbul edən, qərəzli məqalə və reportajlar hazırlayan, heç bir azərbaycanlının dəvət olunmadığı dəyirmi masalar təşkil edən siyasətçilər və media orqanlarından başqa heç kəs bunda maraqlı deyil. Bir neçə gün bundan öncə Fransa prezidenti Emmanuel Makron Fransada iki əsas erməni millətçi liderini Yelisey sarayında qəbul etdi, amma qəbul zamanı onlar arasında heç bir azərbaycanlı yox idi. Prezident Makronla Azərbaycanın Fransadakı yeni səfiri arasında yeganə görüş sonuncunun etimadnaməsini təqdim edərkən baş tutub”, -deyə müəllif bildirib.
Fransız jurnalistin fikrincə, Ermənistan tərəfdarlarının irəli sürdüyü əsas arqument Mişel Onfrayın dediyi kimi “sivilizasiyaların toqquşması”dır.
“Üstəlik, Figaro jurnalının baş redaktorunun müavini Jan-Kristof Büissonun dediklərinə görə, ‘yerində kilsələr məscidlərlə əvəz olunur’. O ki qaldı Erik Zemmura, sonra Valeri Pekres, Brüno Retayo və Valeri Buayeyə, onların Ermənistana səfəri, onlara görə, “Avropada İslam-Türkiyə təhlükəsi qarşısında Şərq xristianlarının müdafiəsi”nin simvoludur. .
Qərb təfəkkürünün bir hissəsinin, bu halda maarifçilik fəlsəfəsinin sələfi kimi XII əsr azərbaycan filosofu Nizami Gəncəvinin olmasının, Azərbaycanın 48 müxtəlif etnik və ya mədəniyyəti, o cümlədən Şərq xristianlarının böyük azlığını mükəmməl harmoniya içində birləşdirən dünyəvi multikultural ölkə olmasının, azərbaycanlıların heç bir kilsəni məscidə çevirmədiklərinin, ermənilərin isə işğalları zamanı Qarabağda 66 məscidi, o cümlədən Rus Pravoslav Kilsəsini dağıtdıqlarının isə bu yuxarıda adı sadalanan fransızlar üçün deyəsən heç bir əhəmiyyəti yoxdur.
Reallıq budur ki, bu münaqişə bizi ona görə maraqlandırır ki, o siyasi təhlükəli sağçı sinif tərəfindən artıq bir alətə çevrilib.
Onların əsas məqsədi Ermənistanı müdafiə etməkdən daha çox fransızları xəyali ümumi düşmənin, güya ki “Xristian Qərb sivilizasiyasına” hücum etmək, hətta onu yox etmək istəyən beynəlxalq müsəlman icmasının ətrafında toplamaqdan gedir”, -deyə Brən hesab edir.
Məqalədə həmçinin vurğulanıb ki, daxili işlər nazirinin Fransa müsəlmanlarının guya “separatizmi” ilə bağlı bəyanatlarından sonra artıq beynəlxalq aləm müsəlmanların Qərb üçün təhlükəli olduğuna dair dəlillər axtarışına başlayıb. Məhz bu ideya səbəbindən Türkiyənin Avropaya üzv olmasından imtinaya haqq qazandırıldı.
“Bəs niyə Azərbaycana hücum edirsiniz? Çünki təkcə ona görə yox ki əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir, həm də ona görə ki, bu ölkədə dünyəvilik və dini etiqad azadlığı tam şəkildə təmin olunur, multikulturalizm nəinki mövcuddur, hətta getdikcə daha da geniş şəkildə təbliğ olunur. Azərbaycan inklüziv dünyəvilik modelidir. Bu ölkə yeni “dünyəvilər”in gözündə təbii olaraq təhlükəli nümunədir. Çünki sağçıların mövcud olması üçün İslamın daşıdığı dəyərlərə məhəl qoyulmamalıdır. İslamdan insanlar qorxmağa davam etməlidir.
Ata Xorxe Umberto Ekkonun ‘Qızılgülün adı’ əsərində deyir: - Gülüş qorxunu öldürür, qorxu olmadan isə iman yoxdur. Çünki şeytan qorxusu olmadan Allaha ehtiyac yoxdur.
Azərbaycanda yaşandığı kimi bu birlikdə yaşamaq modeli bütün müsəlmanların, eyni zamanda bütün humanistlərin çağırışıdır. Və məhz bu səbəbdən Azərbaycanı tənqid edənlərin bizi inandırmağa çalışdıqları yalanlara, yalan xəbərlərə, tarixin təhriflərinə göz yuma bilmərik. Ona görə də heç vaxt Ermənistana mediada və siyasi diskursda bu qədər dəstək olmayıb. Ona görə də Azərbaycan tarixçisi heç vaxt regionun keçmişi ilə bağlı aparılan müzakirələrə dəvət edilmir. Məhz buna görə də kiçik bir kapitalist sinfinin inhisarında (monopolyasında) olan qəzetlər heç vaxt jurnalistləri Ağdamda, Füzulidə, Şuşada və ya Gəncədə erməni vandalizminin izlərini görməyə göndərmir, bunun əvəzinə erməni kimliyinə dair uydurma rəvayəti təkrarlamağa üstünlük verirlər.
Hər kəs öz hekayəsini nəql edir və bunu etməkdə sərbəstdir. Qafqaz erməniləri də öz inkişaflarına mane olan və onları sayı Ermənistan əhalisinin sayından qat-qat çox olan diasporadan asılı vəziyyətə salan bu siyasi alətləşmənin qurbanlarıdır.
Amma Azərbaycanın məruz qaldığı böhtanlar qarşısında səssiz qala bilmərik, çünki bu eyni böhtanlara bu gün ölkəmizin müsəlmanları da məruz qalaraq əziyyət çəkir və səbəblər də eynidir.
Azərbaycanı dəstəkləmək qondarma sivilizasiya döyüşündə iştirak etmək deyil, daha çox XII əsrdə Nizaminin, 17-ci əsrdən isə Russo, Volter və Monteskyönün qurduğu Maarifçilik ruhunun güclənməsi naminə mübarizə aparmaq deməkdir”, -deyə məqalədə yekun olaraq qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA