zamanlabirge.az
zamanlabirge.az

Macarıstan da Azərbaycandan dəstək gözləyir - Prezident İlham Əliyevin səfərinin yekunları

31-01-2023, 11:21

Macarıstan da Azərbaycandan dəstək gözləyir - Prezident İlham Əliyevin səfərinin yekunları Prezident İlham Əliyevin Macarıstan səfəri ölkənin siyasi rəhbərliyinin növbəti strateji addımıdır. Özünü müxtəlif sahələrdə, xüsusən də enerji sahəsində etibarlı tərəfdaş olaraq doğruldan Azərbaycan beynəlxalq arenada diqqət mərkəzində qalmağa davam etməklə avropalı həmkarları üçün daha cəlbedici tərəfdaşa çevrilməkdədir. Bu baxımdan Macarıstan Azərbaycana dəstək üçün müraciət edən ilk Avropa ölkəsi deyil.
Səfərin məqsədi iki ölkə arasında münasibətlərin gələcək inkişafına şərait yaratmaq və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı gücləndirməkdən ibarət idi.
Macarıstanın baş naziri Viktor Orbanla Budapeştdəki əhatəli görüş zamanı Prezident İlham Əliyev Azərbaycan-Macarıstan münasibətlərinin keçmişdə də qarşılıqlı dəstək, inam, tərəfdaşlıq və dostluğa əsaslandığını qeyd edib.
"Münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb", - Prezident İlham Əliyev deyib.
Macarıstan Azərbaycanla enerji tərəfdaşlığına böyük önəm verir. Ölkə Cənub Qaz Dəhlizini (CQD) dəstəkləyir və ona qoşulmaqda maraqlı olduğunu ifadə edib. Macarıstan adətən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının illik iclaslarında iştirak edir. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Cənub Qaz Dəhlizininin Məşvərət Şurasının 2023-cü ilin 3 fevral tarixində keçiriləcək illik iclasında iştirak edəcəyi gözlənilir.
İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda Macarıstanın "Wizz Air" aşağıbüdcəli aviaşirkəti Bakı ilə Budapeşt arasında birbaşa reyslər həyata keçirir.
Macar şirkətləri həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər və bununla əlaqədar müvafiq layihələr təqdim ediblər. Macarıstan həmçinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyətin dəstəklənməsi üçün könüllü yardım qismində 25 min avro ianə edib.
Bundan başqa, bu qədər qısa müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsində nəzərəçarpan dərəcədə artım yüksək səviyyədə tərəfdaşlığın əyani sübutudur. 2021-ci ildə Azərbaycanla Macarıstan arasında ümumi əmtəə dövriyyəsi 35,16 milyon dollar təşkil edib, ötən il isə bu göstərici 34,81% artaraq 47,4 milyon dollar olub.
Prezident İlham Əliyevin səfəri zamanı Budapeştdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra vacib sənədlər imzalandı. Buraya genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu daxildir.
Enerji sahəsində əməkdaşlığın inkişafı Prezident İlham Əliyevin səfəri zamanı əsas müzakirə mövzularından birini təşkil edib. Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki vacib rolunu qəbul edir.
Ötən ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış və Avropaya "yaşıl" enerjinin Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə tədarükünü nəzərdə tutan saziş bu geniş əməkdaşlığın daha bir sütununu təşkil edir.
Prezident İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla görüşün yekunlarına dair mətbuat açıqlamasında da dediyi kimi, "yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək".
Prezident İlham Əliyevin Macarıstan səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn inkişafının parlaq sübutudur. Bu səfər iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq.
Bu səfər Azərbaycanın öz iqtisadi və geostrateji üstünlüklərindən səmərəli şəkildə istifadə edərək yeni inkişaf mərhələsinə daxil olduğunu, yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və Cənubi Qafqazda aparıcı ölkəyə çevrilməklə daha çox tərəfdaş cəlb etdiyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA