zamanlabirge.az
zamanlabirge.az

Xəzərin səviyyəsinin 18 metrədək enəcəyi ilə bağlı məlumatlara institutdan açıqlama

5-01-2021, 10:08

Xəzərin səviyyəsinin 18 metrədək enəcəyi ilə bağlı məlumatlara institutdan açıqlama Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu Xəzər dənizinin səviyyəsinin əsrin sonunadək 9-18 metr enəcəyi ilə bağlı Qərb mətbuatında yayımlanan məlumatlara münasibət bildirib.
Coğrafiya İnstitutu Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan, okeandan təcrid olunmuş dəniz olduğundan səviyyəsinin mütəmadi olaraq dəyişməsi, yəni enib-qaxması təbii bir haldır. Dənizin səviyyəsi üzərində ilk insrtumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılmışdır. Çoxillik müşahidələr göstərir ki, bu son 177 il ərzində dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişmişdir: 1929-1977-ci illərdə 3.0 metr aşağı düşmüş, 1978-1995-ci illərdə 2.5 metr qalxmış və 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1.5 metr təşkil edir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28.05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınmış və dəyişmə amplitudu 4m təşkil etmişdir.
Ə.Əliyevin sözlərinə görə, çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 3.5 min il ərzində Xəzər dənizinin səviyyəsində təxminən 450-500 illik periodiklik müşahidə edilir. 200-250 il müddətində səviyyə qalxır və bu müddət ərzində də enir. Xəzərdə son ən böyük səviyyə dəyişkənliyi 1862-ci ildən enmə ilə başlayıb və bu prosesin təxminən 2050-ci illərə qədər davam edəcəyi güman edilir:
"Qeyd etmək lazımdir ki, son 500 ildə dənizin ən minimal səviyyəsi 1977-ci lldə müşahidə olunmuşdur. Bu zaman səviyyənin orta illik qiyməti (-29.00 m) bu ilki (2020-ci il) qiymətindən 1.0 m az olmuşdur, yəni dənizin səviyyəsi hazırda 1.0 m aşağı enmişdir. Xəzər dənizinin bu müddət ərzində (1977-2020-ci illər) hidrometeoroloji və ekooji rejimində heş bir mühüm narahatedici hadisə baş verməmişdir.
Ümumiyyətlə, Xəzər dənizində onilliklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz, min illik səviyyə dəyişmələri isə Xəzər hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır. Hazırda gedən enmə prosesi iqlim faktoruna söykənir ki, bu da dənizin su balansı ilə müəyyən edilir. Su balansını təşkil edən elementlərin dəyişmələri Xəzərin səviyyə dəyişmələrini təyin edən əsas amildir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA