zamanlabirge.az
zamanlabirge.az

Şanlı Azərbaycan Ordusu 44 gün ərzində hər gün irəli getdi, hər gün tarix yazdı

3-11-2021, 14:36

Şanlı Azərbaycan Ordusu 44 gün ərzində hər gün irəli getdi, hər gün tarix yazdı Müzəffər Ali Baş Komandanın qətiyyətli və uzaqgörən siyasəti, ordumuzdakı ruh yüksəkliyi, torpaqlarımızın bir qarışını belə düşmənə verməyəcək əzmdə olması cəbhədəki uğurlarımızın rəhni idi. Şanlı ordumuz bu tarixi günə 2016-cı ilin “Aprel döyüşlərində”, 2018-ci ilin may ayında “Günnüt əməliyyatı”nda start vermişdi. Ötən ilin Tovuz, həmçinin avqust təxribatlarında da təcavüzkarlara layiqli cavab vermiş, yerinə otuzdurmuşdu.
Lakin törətdiyi təxribatlar zamanı aldığı layiqli cavablardan dərs çıxarmağı bacarmayan Ermənistan 2020-ci ilin 27 sentyabrında yenidən Azərbaycanın sərhədində təxribat törətməyə, mülki əhalini hədəfə almağa başladı. İdbar əməlləri ilə özlərinin çirkin planlarını həyata keçirmək üçün ağılsız və uğursuz bir cəhd etdi. Və elə bu ağılsız cəhdləri ilə də həm siyasi müstəvidə, həm beynəlxalq arenada, həm də hərb meydanında məğlubiyyətlərinin altına böyük bir imza atdı.
Ali Baş Komandanın vətən uğrunda “İrəli” əmri ilə on minlərlə gəncimiz öz ata-baba yurdlarının harayına hay verdi. İgidlərimiz silaha sarılaraq mənfur düşmənə həddini bildirməyə tələsdilər.
Şanlı Azərbaycan Ordusu 44 gün ərzində hər gün irəli getdi, hər gün tarix yazdı. Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək idi. And içmişdilər, öldü vardı, döndü yox!
Daim irəli atıldılar, sıldırımlar aşdılar, silah işlətmək mümkün olmayanda belə, yalın əllə düşmənin nəfəsini kəsdilər, yaralansalar da döyüşməkdən vaz keçmədilər, mənfurları diz çökdürdülər, dəmir yumruqlarının zərbəsi ilə erməni silahlılarını məhv etdilər.
Tək həmləsi ilə düşmənin murdar ayağını qarış-qarış torpağımızdan çıxarıb atan igid əsgərlərimiz xalqımıza hər gün zəfər müjdəsi verməyə, haqqın, ədalətin rəmzi olan Azərbaycanın üçrəngli müqəddəs bayrağını vətən torpağında, zirvələrimizdə dalğalandırmağa başladılar...
Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq və şücaət göstərərək xalqımıza Böyük Qələbə sevinci yaşadan, 30 illik Qarabağ nisgilinə son qoyan rəşadətli ordumuzun qalib əsgər və zabit heyəti möhtəşəm Zəfər paradında qürurla addımladılar...
Əslində, Azərbaycan xalqı Qələbəyə qədər uzun yol qət etmiş, illər ərzində görülən məqsədyönlü işlər, keçilən yol nəticəsində indiki sevincli məqama yetmişdi. Xüsusilə Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının, milli birliyi və həmrəyliyi dəstəkləyən uğurlu siyasətinin məntiqi bəhrəsi olaraq uzun zamandır həsrətində olduğumuz qələbə şadyanalığını yaşayır, ürəyimizdəki yurd nisgilini birdəfəlik silirdik.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilərək orada Azərbaycan bayrağının qaldırılması ilə şanlı müharibəmizə yekun vuruldu. Bu tarixi hadisə ilə düşmənin beli qırıldı, təslim olmağa məcbur qaldı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan təmizləndi. Beləliklə də, düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu və noyabrın 10-da təslimçilik bəyanatını imzaladı.
İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda müharibə 44 gün davam etdi, ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun cəsarəti, qətiyyəti və əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Aradan aylar, illər, onilliklər, qərinələr keçəcək, lakin bu Qələbə həmişə xalqımızın yoluna işıq salacaq, keçmişimizin qürur mənbəyi kimi daha gözəl gələcəyimizi qurmağa kömək edəcək.
Xalq-Dövlət-Ordu birliyi işğalçı üzərində əbədi qələbənin möhürünü vurdu, bu birlik Vətən müharibəmizi qalibiyyətlə taclandırdı, haqq zəfər çaldı.
Bəli, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının edə bilmədiklərini Azərbaycan Ordusu cəmi 44 günə həyata keçirdi. İllərdir işğalda qalan torpaqlarını azad etdi, yüz minlərlə köçkününün ürəyindən Vətən nisgilini söküb atdı. Hər birimizə Azərbaycan tarixinin ən şanlı günlərinin şahidi olmaq kimi bəxtəvər ömür, bütöv Azərbaycan ərməğan etdi.

Elxan Yaqubov,
Bioloji Təbabət Klinikasının təsisçisi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA