zamanlabirge.az
zamanlabirge.az

COVID-19 pandemiyası əməkdaşlıq üçün yeni imkanlar yaradıb - Latviya səfirinin müşaviri

19-04-2021, 17:24

COVID-19 pandemiyası əməkdaşlıq üçün yeni imkanlar yaradıb - Latviya səfirinin müşaviri COVID-19 pandemiyasının fəsadlarına baxmayaraq, 2020-ci ildə Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 2,4 faiz artaraq 18,08 milyon avro təşkil edib.
Bunu Latviyanın Azərbaycandakı səfirinin müşaviri Viya Buşa deyib.
O qeyd edib ki, Azərbaycan Latviyanın vacib xarici ticarət tərəfdaşıdır. 2020-ci ildə qarşılıqlı ticarət dövriyyəsində ixrac 2019-cu illə müqayisədə 2 faiz artaraq 17,37 milyon avro, idxal 11 faiz artaraq 0,72 milyon avroya bərabər olub:
"Latviyadan Azərbaycana ixrac olunan məhsullar əsasən, qida məhsulları, tikinti materialları, ağac məmulatları, kimyəvi və əczaçılıq preparatlarıdır. COVID-19 pandemiyası yeni problemlər yaratmaqla yanaşı, yeni əməkdaşlıq imkanları da təklif etdi. Bu cür çətin zamanlarda da qida və kənd təsərrüfatı məhsullarının ixracının davam etməsini görmək sevindiricidir".
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın güclənməsi üçün yeni imkanlar da var:
"Mart ayında "Tukuma Piens" süd məhsulları şirkəti Azərbaycan bazarı üçün yeni süd məhsulları ixrac edib. AZZA mağazalarında "Baltais", "BaltaisEco", "Exporta" və "Skyr" brednləri ilə xama, kəsmik, yoqurt və digər süd məhsulları satılır. Bu məhsulların ixracının artırılması ilə bağlı planlar var. Bundan başqa, "Banga" fabriki yüksək keyfiyyətli dəniz məhsulları təqdim edir, Bakını müxtəlif mağazalarında "Pūre" şokolad trüfelləri satılır".
2020-ci ildə Azərbaycanla Latviya arasında xidmətlər üzrə ikitərəfli ticarətin həcmi əhəmiyyətli dərəcədə azalaraq 6 milyon avroya bərabər olub. Bunun 5 milyon avrosu ixracın, 1 milyon avrosu idxalına payına düşüb:
"Azalma əsasən COVID-19 pandemiyasına görə səyahətlərin azalması ilə əlaqədardır. Belə ki, xidmətlərin böyük əksəriyyəti nəqliyyat və turizm sferalarında təqdim olunur. Hazırda Avropa İttifaqının xarici sərhədləri, eləcə də Azərbaycanın sərhədləri müntəzəm sərnişin daşımaları üçün bağlıdır. Bu da xidmət sahəsində əməkdaşlığı məhdudlaşdırır. Epidemioloji şərtlər imkan verən kimi, Latviya "AirBaltic" aviaşirkətinin Riqa-Bakı marşrutu ilə reyslərini bərpa etmək niyyətindədir".
O bildirib ki, 2020-ci ilin sonunda Azərbaycanın Latviyaya birbaşa investisiyalarnın saldosu 17 milyon avro təşkil edib:
"Latviyada Azərbaycan investisyaları ilə 130 şirkət qeydiyyata alınıb. Bu şirkətlər əsasən, hotel, topdan satış (o cümlədən neft məhsulları), daşınmaz əmlak və ictimai iaşə sahələrində fəaliyyət göstərir".
V.Buşa bildirib ki, Latviya şirkətləri Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində tikinti və bərpa layihələrinə maraq göstərir.
"Hazırda Latviya səfirliyi Riqadakı tərəfdaşları ilə birlikdə yerli şirkətlərin Azərbaycanın azad edilmiş ərazlərinin bərpası prosesi barədə məlumatlandırılması ilə məşğuldur. Latviya şirkətlərinə təqdim olunan məlumat "yaşıl energetika" zonalarının yaradılmasını, yeni infrastrukturun və hava limanlarının tikintisini, bina və tikililərin layihələndirilməsini, eləcə də tarixi və mədəni abidələrin bərpasını əhatə edir. Bir sıra şirkətlər artıq maraq göstərib, tikinti və bərpa kimi sahələrdə biznes təkliflərini irəli sürüb. Səfirlik azad edilmiş ərazilərin bərpa prosesini izləyir və bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanları müəyyənləşdirməyə çalışır".
Müşavir əlavə edib ki, Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında da maraqlıdır.
O bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq azərbaycanlı tələbələrin Latviyanın ali tədris müəssisələrində təhsilə marağı artmaqda davam edib:
"2020/21-ci tədris ilində Latviyada 169 azərbaycanlı tələbə təhsil alır. 2019/20-ci ildə bu rəqəm 169-a, 2018/19-cu ildə 144-ə bərabər idi. 2020/21-ci tədris ilində Latviya Azərbaycandan tələbə və tədqiqatçılara tədris üçün 9, beynəlxalq yay məktəblərində iştirak üçün 8 təqaüd təqdim edib. Latviya Azərbaycanla əməkdaşlığın inkişafında, xüsusilə də ali təhsil və tədqiqatlar sahəsində, o cümlədən tələbə və akademik heyətin, informasiya və təcrübə mübadiləsi, birgə layihələrin inkişafı üzrə əməkdaşlıqda maraqlıdır"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA