Bolqarıstan Azərbaycandan qaz idxalını artırıb - Aİ
Zamanlabirge.az xəbər verir ki, 2023-cü ilin iyulunda Bolqarıstan Azərbaycandan 77,3 milyon kubmetr qaz idxal edib. İyun ayında isə bu göstərici 74,8 milyon kubmetr qaz olub.
Bu barədə Avropa İttifaqının (Aİ) statistika idarəsi olan "Eurostat"dan bildiriblər.
Beləliklə, ölkə Azərbaycandan təbii qaz idxalını aylıq hesablamada 3,3 faiz artırıb.
Bütünlükdə bu ilin ilk 7 ayı ərzində Azərbaycan Bolqarıstana 536,7 milyon kubmetr qaz ixrac edib.
2023-cü ilin yanvar-iyul aylarında ixrac 196,1 milyon avro olub. İyul ayında iyundakı 26,6 milyon avro ilə müqayisədə 23,9 milyon avro olub ki, bu da 10,2 faiz azalma deməkdir.
Qeyd edək ki, Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetr təşkil edir.
Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə tədarük edir. Boru kəmərinin gücü ildə 20 milyard kubmetrədək genişləndirmə imkanı ilə 10 milyard kubmetr təşkil edir.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına görə, 2023-cü ilin yanvar-iyul ayları ərzində ölkə Avropaya 6,6 milyard kubmetr təbii qaz ixrac edib.
Bütünlükdə hesabat dövründə təbii qaz ixracı 13,8 milyard kubmetr olub ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7 faiz çoxdur.
Xüsusən, "Azər-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 7,% milyard kubmetr, "Şahdəniz"dən 15,4 milyard kubmetr, "Abşeron" yatağından isə 0,1 milyard kubmetr qaz hasil olunub. Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın hasil etdiyi qazın həcmi isə 5,1 milyard kubmetr olub.
/zamanlabirge.az/