zamanlabirge.az
zamanlabirge.az

Bu gün dünyadan köçən Şərq dahisi - Üzeyir bəy Hacıbəyli

23-11-2020, 10:31

Bu gün dünyadan köçən Şərq dahisi - Üzeyir bəy Hacıbəyli Bu gün dahi Üzeyir bəy Hacıbəylinin anım günüdür.
Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində dünyaya gəlib. Ailədə beş uşaq – üç qardaş, iki bacı olublar. Ondan başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. İlin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib ərinə baş çəkmək qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir neçə gün öz evində qonaq saxlayırlar. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq uşağı elə Ağcabədidə dünyaya gətirir. Bir aydan sonra isə Şirin xanımı Üzeyirlə birgə kəcavə ilə Şuşaya gətirirlər.
Üzeyir ilk təhsilini Şuşadakı iki sinifli rus-türk məktəbində alır. Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada xanəndə və sazəndələrdən alıb. Şuşada göstərilən bir səhnəcik də gələcəyin bəstəkarını ilhamlandırıb. Onda Üzeyirin 13 yaşı ancaq olardı. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada “Məcnun Leylinin məzarı başında” adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşlarıyla birgə orda xorda oxumuşdu. İllər sonra həmin səhnəcikdən təsirlənərək böyük Füzulinin poeması əsasında nəinki Azərbaycanda, bütün Şərqdə operanın özülünü qoyur, “Leyli və Məcnun”u yazır. 1908-ci il yanvarın 12-də ilk nümayişində də operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir.
Uşaqlığı da Şuşada keçib. “Çöl Qala” deyilən yerdə Üzeyirgilin evləri olub.
13 yaşında Üzeyir hekayələr yazmağa başlayır və onları “Kitabi-məzhəkə” adı altında toplayır. Sonra kitaba illüstrasiyalar çəkir, onu özü cildləyir. O kitabları 15 qəpikdən satan Üzeyir həmin pulla ailəsinə köməklik edirdi.
14 yaşında Üzeyir Qori müəllimlər seminariyasına oxumağa gedir. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alır.
1904-cü ildə-seminariyanı bitirdikdən sonra Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir.
Üzeyir bəy Qori müəllimlər seminariyasında oxuduğu illərdə çox şey qazanır. Həyat yoldaşı, ilk və yeganə sevgisi, tatar qızı Məleykə xanımla da orda tanış olur.
1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Ancaq xoşbəxtlikdən, bu istəklərini həyata keçirə bilmirlər. Ölüm bəstəkardan uzaq düşür. Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, “mən Azərbaycanı qoyub heç yerə getməyəcəm”, - deyir. Ancaq Nərimanovun təkidindən, “Siz bizə gələcəkdə lazımsız” sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür.
1939-cu ilin oktyabrında Stalinin göstərişi ilə Üzeyir bəy Bakıda musiqi festivalı keçirir. Festival müsabiqəsində qalib ola bilməyən ermənilər Molotova məktub yazıb Üzeyir bəyi millətçilikdə günahlandırırlar. Molotov məktubu Üzeyir bəyin özünə göndərir. Ona qədər belə bir hadisə olmuşdu. Ölkənin 59 tanınmış ziyalısının siyahısı “NKVD”-yə təqdim olunur. Bu siyahıda Üzeyir bəyin də adı var idi. Xəbər Mircəfər Bağırova çatır. Bağırov xəbər tutan kimi həmin siyahını məhv etmişdi. 1937-ci ilin qanlı repressiyaları vaxtı yenidən millətçi damğası, özü də günahsız yerə, vurulacağından qorxan Üzeyir bəy şəkərə tutulur.
Üzeyir Hacıbəyli noyabrın 23-də gecə saat 2-də 63 yaşında evdə vəfat edir.
Şərqdə ilk operanın, ümumiyyətlə peşəkar musiqi sənətinin banisinin dəfninə demək olar ki, bütün Azərbaycan yığılır. Mircəfər Bağırov onun tabutunun altına çiynini verməyi özünə şərəf bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA