zamanlabirge.az
zamanlabirge.az

Ömrünü Azərbaycan Milli televiziyasına həsr edən insan

14-10-2022, 09:59

Ömrünü Azərbaycan Milli televiziyasına həsr edən insan 19 sentyabr 1933-cü il. Bakı... Bu gün gənc alimlər Azad Əfəndi-zadənin və Əfruz Musabəyovanın ailəsində çəkisi cəmi 600 qram olan körpə dünyaya gəlir. Bu oğlan istedadlı ixtiraçı-mühəndis, alim-tədqiqatçı, müəllim və .... Azərbaycanda televiziyanın banilərindən biri olacaqdı.
Çingiz elmə bağlı olan qohumların əhatəsində, Azərbaycanın və Azərbaycan elminin inkişafında mühüm rol oynamış böyük bir nəslin davamçısı olduğunu anlayaraq böyüyürdü. Gənc Çingiz qəhrəmanları kim idi, o öz nəslindən kimə bənzəməyə çalışırdı?
İsmayıl bəy Qutqaşenli – Azərbaycanın ilk general-leytenantı və Müqəddəs Georgi ordeninin kavaleri, qəhrəmanlığına görə Rusiya imperiyasının ən ali mükafatını almış hərbiçi. Və eyni zamanda yazıçı, Qutqaşen sultanlığının son sahibi Nəsrulla sultanın oğlu.
Öz mövqeyini çatdırmaq, həmsöhbətinə özünün haqlı olduğunu göstərmək bacarığı Çingizə yalnız İsmayıl bəy Qutqaşenlidən deyil, həm də yazıçı İbrahim bəy Musabəyovdan keçmişdi. 1911-ci ildə çəkilmiş Azərbaycanın ilk bədii filmi – “Neft və milyonlar səltənətində” ekran əsəri məhz İbrahim bəyin povesti əsasında ekranlaşdırılmışdı. Çingiz də bunu bilirdi.
Çingizin yanında onun sevimli xalası Umnisə Musabəyova da var idi. Umnisə xanım məşhur həkim, professor, Azərbaycanda və müsəlman şərqində ilk cərrah-oftalmoloq, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü idi. Çingizin dayısı Yusuf Musabəyov – görkəmli sovet kimyaçısı, Beynəlxalq təbiətşünaslıq və fəlsəfə tarixi Akademiyasının müxbir-üzvü (Fransa), quru spirtin və digər vasitələrin ixtiraçısı olmuşdu.
Amma əlbəttə ki, onun həyatında ən vacib rolu valideynləri oynamışdı. Onlar sadəcə ata və ana deyildilər, həm də Çingizin həmfikirləri, dostları, onun vətənpərvər alim və mühəndis kimi böyüməsində müstəsna rol oynamış şəxslər idi. Azad Əfəndi-zadə Azərbaycanda ilk mühəndis-energetik idi. O daha sonra professor və Azərbaycan Elmlər Akademiyasının müxbir-üzvü olmuşdu. Çingiz energetika, radio və fotoya, daha sonralar isə televiziyaya olan sevgisini atasından götürmüşdü.
Hələlik isə gənc Çingiz radio həvəskarı olan atasının kitabxanasından götürdüyü “Radiofront” jurnalının nömrələrini oxuyur və özünün ilk sadə radio qəbuledisini düzəldir. Həmin vaxt o Bakının fizika, riyaziyyat və kimya müəllimləri ilə məşhur olan 6 nömrəli məktəbinin dördüncü sinifində oxuyurdu. Çingizin sevimli fizika müəllimi Nikolay Şişkin həmin vaxt məktəbdə “gənc fizik” dərnəyini və Bakıda ilk radioqovşaq yaratmışdı. Çingiz nəinki dərnəyin aktiv üzvünə çevrilir, o həm də məktəbin radioqovşağına rəhbərlik etməyə başlayır. 12 yaşında o artıq Bakıda yenicə açılan Pionerlər evinin “Radiotexnika” dərnəyinin və radioqovşağın rəhbəri idi. Gənc oğlan radiotexnika və televiziya istiqamətində ilk addımlar atırdı.
Məktəbi bitirəndən sonra Çingiz Əfəndiyevi SSRİ-nin ən yaxşı texniki istiqamətli ali məktəblərindən birinə A.S.Popov adına Odessa elektrotexniki rabitə institutuna göndərirlər. O burada “Radiorabitə və televiziya” ixtisası üzrə təhsil alır. Dördüncü kursda Çingiz “Televiziya” kafedrasının laborantı kimi çalışır və institutun televiziya mərkəzi ilə əməkdaşlıq edir.
İnstitut illərində əldə etdiyi biliklər, zəhmətkeşliyi, özünə və yoldaşlarına qarşı tələbkar olması, ideyaları ilə insanları cəlb etmək bacarığı gələcəkdə Azərbaycanda milli televiziyanın əsası qoyulan illərdə Çingizə şox kömək edəcəkdi.
1956-cı il.... Odessada institutu əla qiymətlərlə başa vuran Çingiz Azərbaycana qayıdır və yüksək ixtisaslı mühəndis kimi fəaliyyətini yenicə açılmış Bakı telestudiyasında davam etdirir. Əvvəlcə kino mühəndisi vəzifəsinə işə götürülər Çingiz Əfəndiyev tez bir zamanda apparat sexinin rəisi təyin olunur. Daha sonra o istehsal labaratoriyasına başçılıq edir. 1956-cı ilin 14 fevralında isə Azərbaycanda televiziya yaranır. Aktrisa Nəcibə Məlikova efirə çıxır və tarixi sözlər səslənir – “Göstərir Bakı”. Bu Azərbaycanda televiziya studiyasından ilk yayım idi, bununla da Azərbaycanda milli televiziya yarandı...
İlk efir günündə efirdə “Xəbərlər” proqramı, daha sonra isə məşhur müğənni Rəşid Behbudovun həyat yolundan bəhs edən hamının sevdiyi “Bəxtiyar” filmi nümayiş etdiyildi. Bu da simvolik idi, çünki Rəşid Behbudovun və televiziyanın ad günü ayın 14-ə təsadüf edirdi. Verilişlər əvvəlcə həftədə 2, daha sonra isə 3 dəfə gündə 2 saat olmaqla yayımlanırdı. İnsanlar səbirsizliklə xəbərlərin buraxılışlarını, məşhur musiqiçilərin ifalarını, qısa teatr tamaşalarını gözləyirdilər. Televiziyanın imkanları hələ çox məhdud idi. İlk yayımlar sahəsi cəmi 30 kvadrat metr olan 2 otaqdan aparılırdı. Bir otaqda diktorlar və dəvət edilən qonaqlar çıxış edirdi, digər studiyadan isə filmlər nümayiş olunurdu. Televiziyanın cəmi 3 kamerası var idi. Proqramları yalnız Bakıda və şəhər ətrafı rayonlarda izləmək mümkün idi. Bir çox insanların teleqəbuledicisi olmadığından insanlar televizor olan mənzildə toplaşaraq bir yerdə televiziya proqramlarını izləyirdi.
1956-cı ildə Bakı telestudiyası Leninqraddan yeni avadanlıq alır. Lakin bu avadanlığı quraşdıra biləcək mütəxəssislər yox idi. Buna görə də televiziyanın gənc əməkdaşları özləri quraşdırma işlərinə başlayırlar. Məhz həmin dövrdə gənclərdən ibarət mühəndislər qrupu yaradılır. Onlar nəinki yeni avadanlığı quraşdırır, həm də köhnə texnikanın müasirləşdirilməsi ilə məşğul olurlar.
1964-cü ilin yanvarın 31-də artıq bütün Azərbaycan televiziya siqnalı ilə əhatə olunub, Moskvadan Mərkəzi televiziyanın, “İnterviziya” və “Avroviziya”nın proqramlarına baxmaq mümkündür. Bu məsul işin həyata keçirilməsinə görə Çingiz Əfəndiyev SSRİ-nin əməkdar ixtiraçısı adını alır. Daha sonra ona Şərəf Ordeni verilir.
Daha bir inqilabi irəliləyiş proqramların əvvəlcədən videolentə yazılması imkanı olur. Buna qədər bütün proqramlar yalnız canlı yayımda nümayiş edilirdi. 1964-cü ildə Çingiz Əfəndiyev artıq Azərbaycan milli televiziyasının başçısıdır və məhz onun rəhbərliyi altında SSRİ-də ilk dəfə olaraq verilişlər üçün başlıqlar yaradıb efirə vermək mümkün olur. Eləcə də Çingiz Əfəndiyevin zəhməti sayəsində diktorların, aktyorların və dekorasiya elementlərini nümayiş etdirməyə imkan verən texnologiya hazırlanır.
Televiziya sürətlə inkişaf edirdi, ən böyük problemlərdən biri isə peşəkar kadrların çatışmazlığı idi. Çingiz Əfəndiyevi Politexnik institutunda 1967-ci ildə açılan “Radiotexnika” fakultəsinə işə dəvət edirlər. Həmin ildən vəfat etdiyi günə (21 sentyabr 2022-ci il) onun elmi-pedaqoji fəaliyyəti bu ali məktəblə bağlı olub. 1974-cü ildə o Politexnik institutunda “Televiziya və radiosistemlər” , daha sonra isə “Radiotexnika” fakultələrini yaradır. 1996-cı ildə Azərbaycan təhsil nazirinin əmri ilə Çingiz Əfəndiyev Türkiyənin məşhur “19 Mayıs” universitetində radiotexnika fakultəsinin yaradılması üçün Samsuna ezam edilir. Bu universitetdə Çingiz Əfəndiyev 2006-cı ilə qədər çalışır. 10 il ərzində o bu universitetdə həmin dövrdə Türkiyə üçün yeni olan “Televiziya” və “Radioteleviziya mühəndisliyi” ixtisasları üzrə dərs deyir.
Azərbaycan və Türkiyədə pedaqoji fəaliyyəti dövründə Çingiz Əfəndiyev yüzlərlə yüksək səviyyəli mütəxəssis hazırlayıb. Onlar bu gün də Azərbaycan, Türkiyə, ABŞ, Almaniya və digər ölkələrdə çalışırlar. Çingiz Əfəndiyev 130-dan çox elmi məqalənin, 12 dərslik və dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifi idi. O elmin müxtəlif sahələrində ixtiralar edib və patentlər alıb. Məsələs, 70-ci illərdə o Şamaxı observatoriyasının Günəş teleskopu üçün müxanizmlər ixtira edib. Xalası, oftalmoloq Umnisə Musabəyova ilə birlikdə göz xəstəliklərinin öyrənilməsi üçün müxtəlif diaqnostik avadanlıq icad olunub, iridodiaqnostika sahəsində kəşflər edilib. 1990-2000-ci illərdə Bakıda Mərkəzi klinik xəstəxananın elektromaqnit tomoqrafiyası üzrə avadanlığı təkmilləşdirilib və s.
Çingiz Əfəndiyev insanlarda nəyi qiymətləndirirdi və həyatda nəyi rəhbər tuturdu?
Vicdan, həqiqət, ədalət, məsuliyyət, dəqiqlik, özünü və ətrafdakılara qarşı tələbkarlıq, zəhmətkeşlik, işinə sevgi, dostluğa sədaqət – bu Çingiz Azad oğlu Əfəndiyevin qiymət verdiyi dəyərlər idi. Öz övladlarına, nəvələrinə və tələbələrinə vəsiyyəti də inkişafda dayanmamaq, istənilən yaşda irəli getmək və yeni zirvələri fəth etmək idi. O öz mövqeyini müdafiə etməyi də, səhvlərini etiraf edib düzəltməyi də bacarırdı.
Biz ATAMIZI belə bəzən sərt və çətin, həddindən artıq ciddi, başqa vaxt isə sadə, şən və gülərüz, amma həmişə maraqlı bir insan kimi xatırlayacağıq.

Musabəyova Nərmin Çingiz qızı
Əfəndiyev Fuad Çingiz oğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA