zamanlabirge.az
zamanlabirge.az

Sosial izolyasiya tədbirləri şəraitində media daha dinamik fəaliyyət göstərməlidir

14-03-2020, 23:16

Sosial izolyasiya tədbirləri şəraitində media daha dinamik fəaliyyət göstərməlidir Koronavirusla bağlı ölkəmizdə həyata keçirilən tədbirlər mütəşəkkil, məqsədyönlü xarakter daşıyır. Demək olar, bütün sahələrdə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində intensiv işlər görülməkdədir. Belə bir durumda medianın üzərinə də böyük məsuliyyət düşür.
Bunu Azərbaycan Mətbuat Şurasinin (MŞ) sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görüləcəyi vurğulanıb. “Məlumatda həmçinin KİV-lərdən məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmək tələb olunub. Azərbaycan Mətbuat Şurası da istər dünən, istərsə də martın 4-də yaydığı məlumatında medianın koronavirus infeksiyası ilə bağlı materialların təqdimatına həssas yanaşmasının zəruriliyi diqqətə çatdırıb. Güman edirəm ki, Azərbaycan mediası bunu nəzərə alacaq və alır da” - deyə, Şura sədri vurğulayıb.
MŞ sədri, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya tədbirlərinə medianın adekvat reaksiyası barərə də söz açıb. O bildirib ki, məhdudiyyətlər şəraitində media daha dinamik fəaliyyət göstərməlidir. Bunun üçünsə jurnalistlər özləri də təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etməlidirlər: “Jurnalistlər müxtəlif toplantılara qatılır, reportajlar hazırlayır. İstər-istəməz insanların kütləvi toplaşdıqları yerlərdə olurlar. İlk növbədə öz sağlamlıqlarını düşünməlidirlər. Yəni başa düşməlidirlər ki, belə şəraitdə onlar ayaqda durmalı, cəmiyyəti informasiya ilə təmin etməlidirlər. Bu, böyük məsuliyyətdir. Bunun üçünsə koronavirus əleyhinə profilaktik tədbirlərə mütləq riayyət vacibdir”.
Ə.Amaşov həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum belə durumlarda jurnalistləri peşəkar olmağa çağırır. Peşəkarlıq rəsmi məlumatlara istinad və ya əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Ajiotaj isə yolverilməzdir. “Əslində mediamız və jurnalistlərimiz hazırda kifayət qədər peşəkar davranırlar. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən media orqanlarının fəaliyyətini adekvat saymaq mümkündür. Biz bununla bağlı monitorinqimizi davam etdiririk. Əgər ilk vaxtlarda koronavirusla bağlı dezinformasiya tipli bilgilərin yayılması geniş vüsət almışdısa, hazırda bu tendensiya demək olar, yox səviyyəsindədir. Əlbəttə, burada müvafiq dövlət qurumunun, yəni Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti də qiymətləndirilməlidir. Qərargah adından da göründüyü kimi, kifayət qədər opertiv fəaliyyətdədir. Cəmiyyətə sistemli şəkildə informasiya verir” - deyə, o əlavə edib.
MŞ sədri eyni zamanda onu da bildirib ki, jurnalistlər və media orqanlarımız müxtəlif sosial şəbəkələrdə koronavirusla bağlı real vəziyyəti əks etdirməyən səs yazılarına qarşı da bir növ, ictimai qınaq formalaşdırıblar. Bunun özü kifayət qədər təqdir olunmalı məqamdır. Ancaq heç bir halda arxayınlaşmaq olmaz. Jurnalistlər bundan sonra daha həssas davranmalıdırlar. Soyuqqanlılıq nümayiş etdirməlidirlər. “Ümumən nəzərə alınmalıdır ki, Azərbaycanda koronavirusla bağlı durum onsuz da hər hansı təşvişə əsas vermir. Yenə də deyirəm, dövlətimiz üzərinə düşən bütün işləri yüksək səviyyədə reallaşdırmaqdadır. İnfeksiyanın yayılma faizi çox aşağıdır, müqayisəli yanaşsaq, demək olar, yox səviyyəsindədir. Bütün bunları obyektiv şəkildə, qərəzsiz cəmiyyətə çatdırmaq lazımdır. Təbii ki, xəstəlikdən qorunma üsullarını da təbliğ etmək son dərəcə vacibdir. Diqqət etmişəm, telekanallarımız və radiolarımız məsələyə, xüsusən də maarifləndirməyə kifayət qədər geniş yer ayırırlar. Ənənəvi media və internet informasiya resurslarımız da həmçinin geri qalmırlar. Təbii ki, sayları əhəmiyyətli dərəcədə azalsa da, saytlarda müəyyən sensasiya yaratmaq meylli təqdimatları da görürük. Mən media orqanının adını çəkmədən konkret bir təqdimatın üzərində dayanacam. Təxmini belə bir sərlövhəli diqqətimizi cəlb etmişdi - Ağ Ciyər İnstitutunda iki nəfər dünyasını dəyişib. Xəbərin məzmunda koronavirusdan bir kəlmə də yoxdur. Məlum olub ki, tibb müəssisəsində yatan iki xəstə dünyasını dəyişib. Amma bilirsiniz, belə sərlövhənin özü istər-istəməz diqqət çəkir. Koronavirus da əsasən ağciyər çatışmazlığı yaradır. Kimisi məzmuna baxır, kimisi heç baxmadan yaddaşında saxlayır və gedir ətrafdakılarla bölüşür. Bu isə istər-istəməz çaşqınlıq yaradır. Əlbəttə, jurnalist də deyə bilər ki, mən xəbər çatdırıram və müəyyən mənada haqlıdır da. Amma gərəkdir ki, media təmsilçiləri hər məqamı nəzərə alsınlar. Adi bir başlığın belə doğuracağı effekt hesablanmalıdır” - deyə, Ə.Amaşov fikrinə aydınlıq gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA