zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan Ordusu doğma torpaqlarımızın azad olunması uğrunda müqəddəs vəzifəni şərəflə yerinə yetirir

27-10-2020, 10:33

Azərbaycan Ordusu doğma torpaqlarımızın azad olunması uğrunda müqəddəs vəzifəni şərəflə yerinə yetirir Fatma Yıldırım,
millət vəkili


Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması səbrimizi daşıran son damla olaraq gözlənilən müharibəni qaçılmaz etdi.
Həmin andan etibarən Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin haqq mübarizsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi daha da sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.
O gündən hər kəsin gözü, qulağı cəbhədədir. Hər kəs döyüş bölgəsindən, rəşadətli ordumuzdan qələbə müjdəli xəbərlər gözləyir.
Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi aparan ordumuz bütün cəbhəboyu hərbi üstünlüyü davam etdirir. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın edir, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizləyir. Uzun fasilədən sonra yenidən doğma torpaqlarda üçrəngli şanlı bayrağımız ucaldıldı.
Bu gün Azərbaycan Ordusu öz torpaqlarında döyüşür, düşmənə sarsıdıcı zərbələr endirir, layiqli cavab verir. Məğlub Ermənistan ordusu isə öz acizliyini, rəzillik və qorxaqlığını sübut edərək, Azərbaycanın mülki əhalisini və obyektlərini hədəfə alıb hərbi cinayətə imza atır. Ermənistandan və Dağlıq Qarabağdan atılan artilleriya atəşləri nəticəsində təkcə oktyabrın 9-u tarixinədək 31 dinc sakin həlak olub, 190-dan çox sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 900-dən çox ev dağıdılıb. Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, "Toçka U” və "Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir ki, bu da Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulması, müharibə cinayətidir.
Münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtərin, əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan və münaqişə zonasından kənarda yerləşən Gəncənin əhalisi gecə vaxtı raket atəşinə tutulub. Həmin ölümsaçan raket atəşi nəticəsində 40-dan çox insan həlak olub, xeyli sayda insan isə yaralanıb. Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının ərazisinə raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalıb. Ermənistan hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə və beynəlxalq cinayətlərə əl atır. Lakin Ermənistan ərazisindən açılan artilleriya atəşlərinə baxmayaraq, Azərbaycan düşmən ərazisinə heç bir zərbə endirmir. Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır.
Bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu daim söyləyən dövlət başçısı İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini, müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq kürsülərdən konkret faktlarla təcavüzkarı ifşa edir. Eyni zamanda Azərbaycan Prezidenti hər zaman hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasət həyata keçirərək Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti və bunun bütün region üçün yaratdığı ciddi təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ölkə rəhbəri son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib.
Bu gün Azərbaycan rəhbərliyinin Qarabağda başlanan Vətən müharibəsi ilə bağlı prinsipial mövqeyi hər kəsə məlumdur. Bütün üstünlüklər bizdədir və Prezident İlham Əliyevin hücum diplomatiyası uğurla həyata keçirilir. Dövlət başçısının qeyd etdiyi kimi, "Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq”.
Haqq Azərbaycanın tərəfindədir. Azərbaycan Ordusu separatçılara və terrorçulara qarşı döyüşür, ərazi bütövlüyümüz uğrunda mübarizə aparır. Hazırda Ali Baş Komandanın rəhbərliyi ilə xilaskar Azərbaycan Ordusu işğalçı orduya sarsıdıcı zərbələr endirir, doğma torpaqlarımızın azad olunması uğrunda müqəddəs vəzifəni şərəflə yerinə yetirir. Hər gün cəbhədən gələn xoş müjdəli xəbərlər silahlı qüvvələrimizin kifayət qədər güclü olduğunu və üzərinə düşən tapşırığı layiqincə yerinə yetirdiyini təsdiq edir. Bu tarix Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya göstərir.
30 ildir yağı tapdağında qalan torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inanır, arxalanır, ondan güc alır. Döyüş meydanında düşmənə qalib gələn və qazandığı qələbələrin sayını getdikcə artıran ordumuz Ali Baş Komandanının rəhbərliyi ilə Qarabağı erməni terrorçularından tam azad edəcəyinə əmindir. Kimliyindən, statusundan, siyasi mövqeyindən asılı olmayaraq, bu gün hər kəs Ali Baş Komandanımızın əmrində, ordumuzun yanındadır. Çünki Qarabağ məsələsi bizim milli məsələmizdir. Qarabağ bizim əzəli və əbədi torpağımızdır. Qarabağ uğrunda savaş bizim Vətən savaşımızdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA