zamanlabirge.az
zamanlabirge.az

Türk iş adamları ilə görüşdə

5-11-2022, 21:41

Türk iş adamları ilə görüşdə Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) idarə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli münasibətlərdən, iqtisadi əməkdaşlıqdan söz açıb. O, ölkəmizdə yaradılan əlverişli investisiya mühiti barədə danışaraq bu sahədə formalaşmış qanunvericilik bazasından bəhs edib, xüsusən parlamentin müzakirəsində olan “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi barədə ətraflı məlumat verib.
Komitə sədri 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsindən sonra azad edilmiş ərazilərdə ikitərəfli əməkdaşlığımız üçün açılan yeni imkanlara toxunub. O, Türkiyə şirkətlərinin, o cümlədən TÜRKONFED-in burada aparılan bərpa və yenidənqurma işlərində, yeni istehsal sahələrinin qurulmasında yaxından iştirakında Azərbaycanın maraqlı olduğunu vurğulayıb.
Türk Girişim və İş Dünyası Konfederasiyasının İdarə Heyətinin sədri Süleyman Sönmez Azərbaycan parlamentində olmaqdan məmnun olduqlarını dilə gətirərək təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, inşaat, tekstil, avadanlıq, enerji, kənd təsərrüfatı, maliyyə və digər sektorların təmsil olunduğu TÜRKONFED Türkiyənin ən böyük iş adamları birliyidir. Birlik 30 federasiyanı, 300 dərnəyi, 50000-ə yaxın şirkəti, iş dünyasının bir çox regional və sahəvi quruluşlarını özündə birləşdirir. TÜRKONFED-in fəaliyyət istiqamətləri barədə danışan Süleyman Sönmez Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə keçirilən bərpa-quruculuq layihələrində, istehsal və digər iqtisadi fəaliyyətlərdə maraqlı olduqlarını bildirib.
Görüşdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Anar Məmmədov, Rüfət Quliyev çıxış ediblər, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin, investisiya qoyuluşlarının artırılması ilə bağlı fikirlərini bölüşüblər.
Sonra görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Türk iş adamları ilə görüşdəTürk iş adamları ilə görüşdə
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA