zamanlabirge.az
zamanlabirge.az

Novruzəli Aslanov: “Azərbaycan Avropanın mühüm yaşıl enerji təchizatçısına çevriləcək”

26-12-2022, 12:20

Novruzəli Aslanov: “Azərbaycan  Avropanın mühüm yaşıl enerji  təchizatçısına çevriləcək” “Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində aparıcı rolu getdikcə artır. Ölkə Prezidenti cənab İlham Əliyevin dekabrın 17-də Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfəri də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradacaq sənədin imzalanması ilə əlamətdar olub. Həmin gün Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı Rumıniya Prezidenti Klaus Yohannis, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban iştirak ediblər. Plenar iclasda mühüm məsələlər, o cümlədən növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xəttin çəkilişi, dəniz nəqliyyatı əlaqələrinin Rumıniyanın Konstantada limanından Gürcüstan istiqamətində genişlənməsi müzakirə olunub. Qeyd edilib ki, bu səylər Mərkəzi və Cənub-şərqi Avropa ölkələrinin Azərbaycanla və daha sonra Mərkəzi Asiya ilə bağlılığını artıracaq. Göründüyü kimi, Azərbaycanın Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri üzərində tutduğu önəmli coğrafi mövqeyi ölkəmizin beynəlxalq siyasi mövqelərinin möhkəmlənməsinə xidmət edir.”
Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Buxarestdə imzalanmış Sazişin yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addım olduğunu vurğulayan deputat bildirib ki, Avropa ölkələrinin Azərbaycana olan etimadlarının getdikcə artması Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasətin daha bir nəticəsidir: “Buxarestdə keçirilən plenar iclasda çıxış edən möhtərəm dövlət başçımız qeyd etdi ki, Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmış və artıq həmin sənədin icrasına başlanmışdır. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdir. Cari ildə isə bu göstərici 11,3 milyard kubmetr olub. Artıq növbəti ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr, o cümlədən Avropaya ixracım həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var. Lakin Azərbaycanın enerji potensialı təkcə zəngin karbohidrogen yataqlarının mövcudluğu ilə məhdudlaşmır. Bu gün ölkəmiz həm də Avropanın mühüm elektrik enerjisi, həmçinin yaşıl enerji təchizatçısına çevrilməyi hədəfləyir. Bunun üçün Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı vardır. Təqdim olunan məlumatlara görə quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bu istiqamətdə strateji investorlarla danışıqlar aparılıq və artıq ilkin sənədlər də imzalanıb. Öz çıxışında cənab Prezident İlham Əliyev açıqlama verərək bildirdi ki, Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq, o cümlədən birinci mərhələdə ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaratmağı planlaşdırır.”
Həmçinin N.Aslanov getdikcə daha çox Avropa ölkəsi tərəfindən Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasını önəmli faktor kimi qeyd edərək bunları deyib: “Plenar iclasda çıxış edən Avropa liderləri birmənalı olaraq Azərbaycanla iqtisadi əməkdaşlıq müstəvisində yaxınlaşmadan məmnun olduqlarını qeyd etdilər. Bu baxımdan Macarıstanın Baş naziri Viktor Orbanın səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir: “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam. Bu gün enerji sahəsində Macarıstan adından bu sazişi imzalaya bildiyimiz üçün biz Azərbaycandakı, Gürcüstandakı və Rumıniyadakı dostlarımıza, həmçinin Avropa Komissiyasının Prezidentinə minnətdarıq.” Həmçinin tədbirdə çıxış edən Rumıniyanın Baş naziri Nikolae Çuke dünyada baş verən hazırkı böhran şəraitində həmrəylik nümayiş etdirməyin və ehtiyatları bir araya gətirməyin vacibliyini qeyd edərək, 2023-cü ilin əvvəlindən Azərbaycan qazının Rumıniyaya çatdırılması ilə bağlı razılığa gəlinməsi istiqamətində irəliləyişi alqışladığını bildirdi. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmləndiyini və ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələlərində rolunun önəminin bundan sonra daha da artaçağını söyləməyə əsas verir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA