zamanlabirge.az
zamanlabirge.az

2 iyul Polis Günüdür

1-07-2022, 14:46

2 iyul Polis Günüdür Azərbaycan polisi - fəxarət hissimiz

İctimaiyyət yaxşı bilir ki, polis Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycanın dövlət müstəqilliyinə, Azərbaycan vətəndaşına xidmət edir.
Azərbaycan polisinin tarixi, onun keçdiyi şərəfli yol, onun rastlaşdığı faciələr, bəlalar haqqında məlumatlıyıq. 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra çox ağır proseslər içərisində yaranmış Azərbaycan polisinin hər il yubileyinin keçirilməsi ümdə haldır.
Son illər polis orqanlarında böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Hələ illər əvvəl ümummilli lider Heydər Əliyev demişdir: «Polis cinayətkarlıqla mübarizə aparır. Dövlətin hüquqlarını qoruyur. Amma, eyni zamanda, polis hər bir vətəndaşın hüququnu qoruyur. Cinayətkar təkcə dövlətə qarşı cinayət etmir ki. Dövlətə qarşı cinayət edənlər, Allaha şükürlər olsun ki, tamamilə azalıbdır. Cinayət edən başqa bir vətəndaşın hüququnu pozur. Nəinki hüququnu pozur, ağır cinayətlər edir. Ona görə polisin vəzifəsi, borcu həm dövlətin mənafelərini qorumaq, dövlətin siyasətini həyata keçirmək, həm də bizim Konstitusiyada göstərildiyi kimi, vətəndaşların hüquqlarını qorumaqdır, vətəndaşın təhlükəsizliyini təmin etməkdir ki, vətəndaş rahat yaşaya bilsin... Ölkəmizdəki möhkəm sabitlik bir tərəfdən cinayətkarlıqla mübarizə, polisin öz vəzifələrini layiqincə yerinə yetirməsi, ikinci tərəfdən də insanların, vətəndaşların hüquqlarının qorunması üçün dövlətimizin yaratdığı təminat nəticəsində mümkün olmuşdur»...
Yaxın tariximizdən də bilirik ki, ermənilər Dağlıq Qarabağa iddiaya başlayanda ön cərgədə polis durmuşdu. Həmin vaxt sinəsini irəli verən, xəyanətkar qüvvələrə qarşı vuruşan Azərbaycan polisi çoxlu uğurlara imza atmışdı. Çünki o vaxt ordu və ordu hissələri yox idi. Bunun nəticəsidir ki, torpaqlarımız uğrunda minə yaxın polis işçisi şəhid, 600-dən çox polis isə əlil olub.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 4-cü maddəsinə əsasən, polisin fəaliyyət prinsipləri və istiqamətləri aşağıdakılardır:
I. Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir.
II. Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi;
2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması;
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 5-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti aşağıdakılardır:
I. Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.
II. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
III. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir.
IV. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir.
V. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir.
VI. Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur.
VII. Polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir.
Azərbaycan polisi xalqımızın fəxarət hissidir. Biz onunla qürur duyuruq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA