zamanlabirge.az
zamanlabirge.az

BORC VƏ İPOTEKA MÜQAVİLƏSİ

2-06-2023, 11:42

BORC VƏ İPOTEKA MÜQAVİLƏSİ Borc müqaviləsi Azərbaycan Respublikasının mülki hüquq sistemində təsbit olunmuş və təcrübədə ən geniş tətbiq olunan hüquq institutlarından biridir. Hazırda borc müqaviləsi üzrə öhdəlik münasibətlərinə demək olar ki, bütün ölkələrin qanunvericiliyində rast gəlmək mümkündür.
Borc, elə bir müqavilədir ki, bu müqavilə üzrə bir tərəf (borc verən) məlum kəmiyyətdə pul məbləğini, yaxud müəyyən olunan başqa əşyaları digər tərəfin (borc alanın) mülkiyyətinə verməyi, borclu isə aldığı pulu (əşyaları) müqavilədə göstərilən müddətdə eyni¬ növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Borc müqaviləsinə verilən anlayışdan görünür ki, o hüquqi təbiətinə görə konsensual müqavilədir. Lakin qədim Roma hüququna görə, borc müqaviləsi real müqavilə hesab olunurdu. Yəni, bu halda öhdəlik nəinki sadə razılaşma (consensus) ilə, həm də əmlakın verilməsi ilə (res) müəyyən edilirdi.
Qeyd edək ki, borc müqaviləsi qədim Roma və yunan hüququnda geniş yayılmış hüquqi institutlardan biri sayılırdı. Bu institut sonrakı dövlərdə daha da inkişaf etdirilmiş və kontinental hüquq sistemini qəbul etmiş bir sıra dünya ölkələrinin hüquq sistemində qanunvericilik səviyyəsində möhkəmləndirilmişdir. Təsadüfi deyildir ki, ölkəmizin hüquq sistemində borc müqaviləsi üzrə hüquq münasibətləri mütəmadi şəkildə təkmilləşdirilmişdir (qanunvericiliyə müvafiq konseptual dəyişikliklər edilmişdir). Borc müqaviləsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra “Mülki Məcəllə”), habelə başqa qanunvericilik aktlarında geniş və müfəssəl şəkildə öz əksini tapmışdır.
Mülki Məcəllənin ¬739-cu maddəsində göstərilir ki, b¬orc müqaviləsinə əsasən, iştirakçılardan b¬iri (borc verən) pula və ya digər əvəz e¬dilən əşyalara mülkiyyət hüququnu digər ¬iştirakçıya (borc alana) keçirməyi öhdəs¬inə götürür, digər iştirakçı (borc alan)¬ isə aldıqlarını müvafiq olaraq pul və y¬a eyni keyfiyyətdə və miqdarda olan eyni¬ növlü əşyalar şəklində borc verənə qayt¬armağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Mülki Məcəllənin digər müddəalarında borc müqaviləsinin forması, borcun qaytarılması, borc müqaviləsinə xitam verilməsi və digər məsələlər öz əksini tapmışdır.
Belə ki, Mülki Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Borc müqaviləsi həm əvəzli, həm də əvəzsiz ola bilər. Əgər, müqavilənin tərəfləri borca görə faizlər verilməsi barədə razılığa gəlmişlərsə, bu, əvəzli borc müqaviləsidir (Mülki Məcəllənin 741-ci maddəsi). Əksinə, müqavilə iştirakçıları borca görə faizlər ödənilməsi barədə şərt müəyyən etməyiblərsə, bu halda, borc müqavləsi əvəzsiz hesab edilir (Mülki Məcəllənin 742.2-ci maddəsi).
Beləliklə, qanunverici borc müqaviləsi ilə bağlı məsələləri geniş şəkildə əhatə etmiş, təcrübədə bununla bağlı yaranan mübahisəli məsələlər isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarında öz həllini tapmışdır.
Borc (kredit) müqaviləsi üzrə ən vacib məqamlardan biri borclu tərəfindən öhdəliyin lazımi qaydada icra edilməsidir. Bununla əlaqədardır ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Hazırda ölkəmizdə borc (kredit) müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ən çox ipoteka hüququndan istifadə edilir.
İpoteka hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlarla tənzimlənir.
Nəzərə almaq lazımdır ki, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda, borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (Mülki Məcəllənin 269-cu maddəsi).
İpoteka müqaviləsi bağlamış şəxs müqaviləyə əsasən borcverən qarşısında əlavə öhdəlik daşıyır. Çünki, borclunun icra etməli olduğu əsas öhdəlik kredit (borc) müqaviləsindən əmələ gələn öhdəliyidir. Deməli, borclunun ipoteka müqaviləsini bağlaması ilə borc verən qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün ikinci, əlavə (aksessor) bir öhdəliyi yaranır. Bu öhdəlik isə kreditora borclunun öhdəliyini yerinə yetirmədiyi halda, ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat almaq və tələbini bu əmlaka yönəltmək hüququ verir.
Məhdud əşya hüququ kimi ipoteka hüququ daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipotekaqoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Mülki dövriyyədən çıxarılmış, habelə qanuna görə üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyanın ipotekasına yol verilmir. Bölünməz əşyalar hissə-hissə ipoteka qoyula bilməz. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipotekasaxlayanın razılığı ilə dəyişdirilə bilər.
İpoteka hüququnun yaranması üçün mütləq ipoteka müqaviləsi yazılı formada bağlanmaqla notariat qaydasında təsdiqlənməlidir.
Ümumiyyətlə, ipoteka ilə borc (kredit), alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər.
Qanunvericiliyə uyğun olaraq, ipotekaqoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. İstənilən halda ipotekaqoyan əşyanın mülkiyyətçisi olmalıdır.
İpotekaqoyan tərəfindən eyni öhdəlik üzrə bir neçə əşya ipoteka ilə yüklü edilə bilər. Məsələn, borclu olan fiziki və ya hüquqi şəxsin mülkiyyətindəki mənzilini, torpağını, nəqliyyat vasitəsini, o cümlədən başqa əmlaklarını ipoteka ilə yüklü etməsi mümkündür.
İpoteka hüquq münasibəti ipoteka müqaviləsi ilə rəsmiləşdirilir. İpoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipotekasaxlayan və ipotekaqoyan arasında bağlanan əqddir. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Öhdəliyin icrasının təmin edilməsi məqsədilə müqavilənin bağlanmasının Mülki Məcəllə ilə müəyyən edilmiş formasına ciddi əməl olunmalıdır.
Bununla yanaşı, daşınmaz əmlakın ipotekası haqqında müqaviləyə əsasən əmələ gələn hüquqların daşınmaz əmlakın dövlət reyestrində, rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlakın ipotekası haqqında müqavilələrə əsasən əmələ gələn hüquqların isə həmin reyestrdə qeydə alınması vacibdir. Eyni müddəa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində qeyd edilmişdir.
İpoteka müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla, həmçinin müqavilə azadlığı prinsipinə əsasən ipoteka müqaviləsi ilə ipotekaqoyan və ipotekasaxlayanın qarşılıqlı razılığı ilə müəyyənləşdirilə bilər.
Ümumiyyətlə, ipoteka hüququnun mahiyyəti və əsas məqsədi tərəflər arasında əsas öhdəlik hesab olunan borc (kredit) müqaviləsi üzrə əmələ gələn öhdəliyin borcalan tərəfindən vaxtında həyata keçirilməməsi halında əsas öhdəliyin icrasının ipoteka müqaviləsi üzrə yaranan öhdəlik hesabına təmin edilməsinin həyata keçirilməsidir. Nəzərə alaq ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Beləliklə, borc və ipoteka müqaviləsi mülki dövriyyənin inkişafı və təminatında mühüm rol oynayır.

Hacıyev Hünər Zabil oğlu,
Bakı şəhəri 12 saylı Notariat Ofisinin xüsusi notariusu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA