zamanlabirge.az
zamanlabirge.az

Ermənistan başından zərbə aldı

17-07-2020, 13:38 19 dəfə baxılıb

Ermənistan başından zərbə aldı İyulun 12-dən etibarən dövlət sərhədlərimiz istiqamətində Ermənistanın hərbi təcavüzünün qarşısının alınması və düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Ordusunun gücünün əyani nümayişi oldu. Hələ 4 il əvvəl, 2016-cı ilin aprel ayında ciddi məğlubiyyətə uğradılan düşmən ölkə, bu dəfə də Azərbaycan qarşısında zəifliyinin şahidi oldu.

Düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi

Məlum olduğu kimi, faşizm ideologiyasına sahiblənən Ermənistan vaxtilə Almaniyanın SSRİ-yə qarşıya etdiyi kimi davranaraq iyulun 12-də Azərbaycan ərazilərinə qəflətən hücum edib. Uzun müddət hazırlıq işləri aparan düşmən öncə artilleriya atəşləri ilə sərhədin qarşı istiqamətindəki Azərbaycan hərbçilərinin mövqelərini atəşə tutub. Məqsəd bununla mövqelərimizi dağıdaraq onların ələ keçirilməsi idi.
Lakin düşmən hücumun elə ilk anından Azərbaycan Ordusunun güclü müqaviməti və əks həmləsi ilə üzləşdi. Güclü zərbələr alan erməni hərbi birləşmələri elə gəldikləri kimi də geri qayıtmağa məcbur oldular. Məğlubiyyətini həzm edə bilməyən Ermənistan tərəfi iyul ayının 13-də və 14-də də Azərbaycan ərazilərini atəşə tutmağa, davam etdi, Azərbaycanla sərhədlərin digər istiqamətlərində təxribatlar törətməyə cəhd göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində bu günlərdə düşmənin bütün döyüş mövqeləri, dayaq nöqtələri məhv edildi. Ermənistan ordusu ciddi texniki və canlı itkiyə məruz qaldı.
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Ordusunun həyata keçirdiyi qisas əməliyyatının ikinci fazası və cəza tədbirləri barədə danışan Prezident İlham Əliyev deyib: "Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.
Düşmənə qarşı həyata keçirilən hərbi əməliyyatlar, cəza tədbirləri zamanı hərbçilərimiz, hərbi qulluqçularımız canlarından keçdilər, torpaq uğrunda şəhid oldular. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin həlak olması göstərdi ki, Azərbaycan Ordusunun rütbəsindən və vəzifəsindən asılı olmayaraq istənilən hərbi qulluqçusu vətən uğrunda canını fəda etməyə hazırdır. Şəhidlərimizin qanı yerdə qalmadı, düşmən nə qədər gizlətməyə cəhd göstərsə də, ordumuzun sərrast və sarsıdıcı zərbələri nəticəsində çoxsaylı sanlı itki verməsi faktdır. Yayılan videolardan da Ermənistan ordusunun səhra idarəetmə məntəqəsinin, hərbi nəqliyyat vasitəsinin darmadağın və məhv edildiyi aydın görünür. Düşmən Aprel döyüşlərində də itkilərinin olduğunu gizlətmişdi. Tədricən Ermənistan özü çoxsaylı itkilərinin olduğunu etiraf etdi.
İyulun 16-sı səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatının vurulması göstərir ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq

Ümumiyyətlə, Tovuz istiqamətində Azərbaycanın Ermənistanın hücumunun qarşısını layiqincə alacağı və düşmənin ağır duruma düşəcəyi gözlənilən idi. Çünki iki ölkənin müqayisəsi ilə bağlı əsas reallıqlardan biri Azərbaycanın ciddi hərbi üstünlüyüdür. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Təsadüfi deyil ki, reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır.
2014-cü ilin avqust hadisələri, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ildə Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqidir. Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Tovuz istiqamətində keçirilən əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacağını qeyd edərək deyib: "Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl - 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək”.
Bütün bu qələbələrin nəticəsində istər Ermənistanla aparılan danışıqlar prosesində, istərsə də cəbhə xəttində psixoloji üstünlük Azərbaycanın tərəfindədir. Düşmən də bunu anlayır və zəif olduğundan narahatlıq keçirir. İyulun 12-də Ermənistanın baş verənlərlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) riyakar müraciəti də düşmən ölkənin zəifliyinin, cılızlığının, kənarda özünə dayaq axtarmasının göstəricisi idi. Bu bir daha onu göstərdi ki, Ermənistan təkbaşına Azərbaycanın qarşısında duruş gətirməyə qadir deyil.
Lakin məlum olduğu kimi, KTMT Ermənistanın müraciətinə üstündən bir neçə gün ötsə də cavab verməyib. Ermənistan həm də unutmamalıdır ki, KTMT-nin digər üzvləri ilə Azərbaycanın sıx siyasi və dostluq münasibətləri var. "Təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dən yardım istəyirsən? KTMT-nin Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır”, - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında buna münasibət bildirərkən deyib.
Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycanın dövlət sərhədini pozması, Tovuz rayonu istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum etməsi hərbi təcavüzdür, güc tətbiq etmək aktıdır. Bütün beynəlxalq ictimaiyyət, mötəbər təşkilatlar, ayrı-ayrı dövlətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu bir daha gördü ki, Ermənistan problemin sülh yolu ilə həllində maraqlı deyil və təcavüzkar niyyətindən əl çəkmir.
Ən əsası bu hadisə bir daha göstərdi ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə dərhal azad etməyə hazırdır. Bu gün şərtləri Azərbaycan diktə edir. Rəsmi Bakının bu mövqeyi yenidən beynəlxalq ictimaiyyətə aydın oldu. İndi hər şey Ermənistanın özünü necə aparmasından və vasitəçilərdən asılıdır. Əks təqdirdə hərbi gücün Azərbaycanın tərəfində olduğunu və bunun nə ilə nəticələnəcəyini hamı yaxşı bilir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA