zamanlabirge.az
zamanlabirge.az

Ermənistan təcavüzkar siyasəti davam etdikcə məğlubiyyəti qaçılmaz olacaq

12-10-2020, 14:45

Ermənistan təcavüzkar siyasəti davam etdikcə məğlubiyyəti qaçılmaz olacaq ADİL ƏLİYEV,
Milli Məclis Sədrinin müavini


Ermənistan tərəfinin 2016-cı ilin aprel döyüşlərində öz cəzasını almasına baxmayaraq, sentyabrın sonlarında yenidən təxribata əl atması Azərbaycan Ordusunun işğalçı ölkəyə gücünü göstərməsinin yenidən vaxtı gəldiyini bildirdi. Baxmayaraq ki, ordumuz aprel döyüşlərindən sonra Günnüt əməliyyatında da erməniləri ağır itkilər verməklə geri çəkilməyə məcbur etmişdi...
Sentyabrın 27-dən etibarən əl atdıqları təxribata Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən verilən cavab isə təcavüzkara daha böyük itkilər hesabına başa gəldi. Bu dəfəki döyüşlər miqyasına, işğaldan azad edilən əraziyə, məhv edilən düşmən sayına və ələ keçirilən hərbi texnikaya görə daha sarsıdıcı oldu. Ermənistan ordusunun və cəmiyyətinin özünə inamı əsaslı dərəcədə kiçildi. Ordumuz bir neçə günə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu gücünü darmadağın etdi. Silahlı qüvvələrimiz tərəfindən 190-dan artıq düşmən tankı, artilleriya qurğusu və raket sistemləri, xeyli sayda canlı qüvvəsi məhv edildi, çoxsaylı hərbi texnika və silah-sursat ələ keçirildi.
Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə işğal altında qalan torpaqlarımızın bir qismini azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlılarının sarsılmaz birliyi dövlətimizin əzmini daha da artırdı.
Son döyüşlərdə Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. Hazırda həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi. Suqovuşanın azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atılmış oldu. Artıq düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanı, nə də resursu var.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında bildirdiyi kimi, “status-kvo yoxdur, onu mən dəyişdirmişəm, təmas xətti də yoxdur, təmas xətti yarılıb”. Biz Ermənistan tərəfinə vaxt verdik ki, humanitar atəşkəs elan olunsun. Bunun əhəmiyyəti nədən ibarət idi: birincisi, humanitar atəşkəs beynəlxalq hüququn tələbidir, humanitar atəşkəs o səbəbdən elan olunur ki, müharibədə iştirak etmiş tərəflər yaralılarını çıxarsın. Həlak olanları döyüş meydanından götürsün, ailələrinə təhvil versin, dəfnləri təşkil edilsin.
İkincisi, fasiləsiz davam edən qızğın döyüşlər zamanı düşmənə qarşı amansız mübarizə aparan əsgər və zabitlər humanitar atəşkəs dövründə bir neçə gün istirahət edə bilsin, onların yenidən döyüşə hazırlığı təmin edilsin.
Üçünçüsü, humanitar atəşkəs dövründə qarşıdakı plan üzrə yeni hərəkət əraziləri, mühüm strateji nöqtələr seçilsin və zəruri taktiki əməliyyatlar müəyyən edilsin.
Dördüncüsü və ən əsası isə bu humanitar atəşkəsə əməl etməklə torpaqlarımızın işğalda olmasına baxmayaraq, Azərbaycan Respublikası öz Konstitusiyasının 9-cu maddəsinin II bəndinin tələblərinə uyğun olaraq münaqişələrin həlli üsulu kimi müharibənin əsas olmadığını, sülhə tərəfdar olduğunu bir daha aşkar şəkildə dünyanın diqqətinə çatdırsın.
Azərbaycan bu münaqişənin müharibə ilə deyil, sülh yolu ilə ədalətli həllini tələb edir. Əgər bu sülhün içərisində ədalət yoxdursa, biz onu istəmirik. Azərbaycan hakimiyyəti hər zaman bildirib ki, vasitəçi olmaq istəyən tərəflər Ermənistandan qrafik almalıdır, həmin qrafikdə Ermənistan Azərbaycan ərazilərini hansı müddətdə, necə boşaldacağını bildirməlidir. Qrafik qısa müddətdə vasitəçilər tərəfindən təsdiqlənməlidir.
Lakin, məhz bu münaqişənin həlli üzrə mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləri heç vaxt üzərlərinə götürdükləri vəzifələri layiqincə icra etmədilər. Necə ki, son 28 ildir ki, BMT Ermənistanın üzərinə 4 qətnaməni icra etməklə bağlı vəzifə qoyub və Ermənistan tərəfi buna məhəl qoymur. Heç Ermənistan humanitar atəşkəsin prinsiplərinə də riayət etmədi, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdi. Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərləri yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qaldı. Gəncə şəhərinin mərkəzində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak oldu, 40-a yaxın insan ağır xəsarət aldı. Baxmayaraq ki, Gəncə şəhərinin təmas xətti ilə heç bir əlaqəsi yoxdur.
Aydın görünür ki, Ermənistanın cəbhədən kənarda yerləşən əraziləri atəşə tutmaqda əsas məqsədi, üçüncü ölkələri öz xeyrinə münaqişəyə cəlb etməkdir. Lakin, artıq bütün dünya şahid oldu ki, Azərbaycan müharibədə çox böyük üstünlüyə malik olmasına baxmayaraq, münaqişənin öz ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə nail olmaq istəyir və bununla bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Azərbaycan müharibəyə tam hazır olsa belə sülh danışıqlarından imtina etmədi. Ermənistan isə sülh danışıqlarının şərtlərini bir neçə saatda pozdu. Bu isə Ermənistan hakimiyyətinin əsil mahiyyətini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA