zamanlabirge.az
zamanlabirge.az

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ MİLLİ MƏCLİSDƏ ÇIXIŞ ETDİ

20-10-2020, 17:55

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ MİLLİ MƏCLİSDƏ ÇIXIŞ ETDİ Oktyabrın 20-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopu və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisdə salamladı. Milli Məclisin deputatları qonaqları alqışlarla qarşıladılar.
Sonra Sədr bildirdi ki, Azərbaycan və Türkiyə qanı və canı bir olan qardaş xalqlardır. Ölkələrimiz arasında münasibətlər ulu öndər Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipi üzərində qurulmuşdur.
Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır. Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənmişlər, güvənirlər və güvənəcəklər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər yaxın olsun.
Azərbaycan daim Türkiyəni yanında hiss etmiş, onun qardaş köməyinə arxalanmışdır. Ermənistanın silahlı təxribatına və işğalçılıq siyasətinə son qoymaq üçün Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları zamanı dünya bu qardaşlığa bir daha şahid oldu. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin siyasi, hərbi və dövlət xadimlərinin verdiyi bəyanatlar və tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan xalqı haqq işi uğrunda mübarizədə tək deyildir. Türkiyə hər yerdə Azərbaycanın yanındadır. Bu gün Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopun Azərbaycanda olması da bizim birlik və qardaşlığımızın daha bir ifadəsidir.
Milli Məclisin Sədri daha sonra Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun həyat və fəaliyyəti haqqında deputatlara məlumat verdi.
Sonra Milli Məclisdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin rəhbərliyini və deputatları salamlayaraq Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin və Türk Millətinin bütün Azərbaycana salamlarını çatdırdı.
Bildirdi ki, bu ali məclisdə Azərbaycanın haqlı davasına və şanlı mücadiləsinə dəstək verən fərqli partiyalardan olan millət vəkilləri ilə birlikdə iştirak edirlər. TBMM-in sədri qeyd etdi ki, otuz ilə yaxındır ki, Azərbaycanın qədim torpaqlarının beşdə biri işgal altındadır.
Türkiyə də bu günə qədər olduğu kimi, bundan sonra da haqlı davasında və Vətən müharibəsində can qardaşlarının yanında yer alacaqdır. Türkiyə və Azərbaycan, dünyada başqa iki ölkə arasında bənzəri olmayan yaxın münasibətlərə malikdir.
Gücü qəhrəman Azərbaycan əsgərlərinə çatmayan, cəbhədə qəhrəman Azərbaycan ordusu qarşısında arxaya baxmadan qaçan Ermənistan əsgərləri, məsum mülki insanları öldürməyə, mülki hədəflərə hücum etməyə davam edir.
Bu gün Qafqazın və bölgəmizin yenidən sülhə və sabitliyə qovuşması, ancaq və ancaq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsiylə mümkündür.
Dövlət başçısı Möhtərəm İlham Əliyevin də ifadə etdiyi kimi, “Azərbaycanın bir 30 il də gözləməyə vaxtı yoxdur.”
Sonra TBMM-in Sədri Mustafa Şentop diqqətə çatdırdı ki, beynəlxalq ictimaiyyət ikiüzlü yanaşmalardan artıq əl çəkməlidir. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul ediyi dörd qətnamə var. Ermənistan ordusunun işgal etdiyi torpaqlardan dərhal, qeyd-şərtsiz və tam olaraq çəkilməsi tələb edilən bu qərarları rəsmi Yerevan indiyə qədər heçə saydı.
ATƏT-in Minsk Qrupu promlemi həll etmək üçün indiyə qədər heç bir iradə göstərmədi. Üstəlik Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsindən, qanuni müdafiədən bixəbər olan bu həmsədrlərdən biri, açıqlama verərək Azərbaycan və Türkiyəni Azərbaycanın parçası olan Dağlıq Qarabağa hücum etməkdə itham etdi.
Bu vəziyyətdə bunu söyləmək lazımdır ki, “Minsk Qrupunun beyin ölümü baş vermişdir.”
Ermənistan keçmişdə işlədiyi cinayətlərin cəzasını çəkmədiyinə görə, fürsət tapdıqca yenidən Azərbaycan torpaqlarına hücum edir. Ancaq bu dəfə heç gözləmədiyi bir reaksiya ilə qarşılaşdı. Qəhrəman Azərbaycan ordusu Ermənistanın təcavüzlərinə cavab vermək və Qarabağı işğaldan qurtarmaq üçün sürətlə hərəkətə başladı. Bu ana qədər Qarabağdakı bir çox ərazilər işğaldan azad edildi. İnşallah, hamısı işğaldan azad ediləcəkdir.
Mustafa Şentop bildirdi ki, tarixin gedişinin dəyişməyə başladığı günlərdən keçirik. Müharibələr, toqquşmalar, qətliamlarla keçən 20-ci əsrin siyasi, hüquqi və iqtisadi dəngələri ortadan qalxdı. Bu dövrün problemlərini həll etmək üçün ortaya çıxan qurumlar fəaliyyətsiz hala gəldi. Bu cür ikili standartlı yanaşmalar beynəlxalq qurumların güvənliyini aşındırmış və sonda tükətmişdir.
TBMM Sədri diqqətə çatdırdı ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının da islahatlara ehtiyacı vardır. İkili standartlardan uzaq, bütün dövlətlərin bərabərliyinə əsaslanan, bütün insanların bərabərliyinə inanan yeni bir dünyanın qurulması lazımdır.
Çıxışının sonunda TBMM-in sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın haqq işində onun yanında olacağını bir daha vurğuladı.
TBMM Sədrinin çıxışı alqışlarla qarşılandı.
Milli Məclisin Sədri Sahibə Qafarova Mustafa Şentopun çıxışını Milli Məclisin tarixinin ən önəmli səhifələrindən biri kimi dəyərləndirdi.
Daha sonra Spiker bildirdi ki, indi isə Türkiyə nümayəndə heyəti Gəncə şəhərinə yola düşür.
* * *
Qısa fasilədən sonra Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək məmnunluq hissi ilə qeyd edib ki, son dövrdə Milli Məclisin hər iclasında biz Azərbaycan Ordusunun xalqımıza yaşatdığı qələbə sevinclərini bölüşürük. Hər gün əsgər və zabitlərimiz döyüş meydanlarında qəhrəmanlıq nümunələri göstərir, yeni-yeni yaşayış məntəqələrimizi düşmən tapdağından azad edirlər.
Parlamentin Spikeri bildirib ki, Vətən müharibəsində bizim hədəfimiz bəllidir. Bu hədəfi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəqiq müəyyən etmişdir. O, demişdir: “...Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir.
...Bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək.
Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz”.
Öz nitqində Milli Məclisin Sədri dedi ki, xalqımız dəfələrlə əmin olmuşdur ki, bu günədək möhtərəm Prezidentimizin dediyi hər bir söz həyata keçmişdir. Onun irəli sürdüyü bütün planlar ölkəmizin və xalqımızın həyatında öz təcəssümünü tapmışdır. İndi də xalqımız əmindir ki, Azərbaycanın haqq işi uğrunda mübarizəsinin qələbə ilə başa çatacağı gün uzaqda deyil.
Bunu düşmən də yaxşı bilir. Ona görə məğlubiyyətini uzatmaq üçün ən çirkin vasitələrə əl atır. Müharibə cinayətləri törədərək cəbhə bölgəsindən kənarda olan şəhər və kəndlərimizi ən dağıdıcı silahlarla atəşə tutur, dinc əhalimizi, o cümlədən qadın və uşaqlarımızı qətlə yetirir. Ancaq düşmən bunu da bilməlidir və bilir ki, xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq.
Çıxışının sonunda Sahibə Qafarova döyüş meydanlarında və dinc yaşayış məntəqələrimizdə şəhid olan insanlarımıza Allahdan rəhmət diləyib, yaralılarımızın tezliklə sağalmasını arzulayıb.
Sonra millət vəkilləri cari məsələlərlə bağlı öz fikirlərini açıqlayıblar. Komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Qənirə Paşayeva, Hicran Hüseynova, deputatlar Fəzail Ağamalı, Əli Məsimli, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Jalə Əliyeva, Sahib Alıyev, Fatma Yıldırım, Musa Qasımlı, Malik Həsənov, Əziz Ələkbərov bildiriblər ki, bu taleyüklü günlərdə Türkiyə Böyük Millət Məclisi Sədrinin ölkəmizə səfəri Azərbaycan dövlətinə, onun rəhbərinə göstərilən ehtiramdır. Bu qardaşlıq münasibəti bizim siyasi mövqeyimizi möhkəmləndirir. Qeyd edilib ki, Ali Baş komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ciddi addımlar atırlar. Xalqımız öz tarixinin önəmli səhifələrini yazır. Son 30 ildə ilk dəfə Azərbaycan xalqı işğal olunmuş torpaqlarının geri qaytarılmasına nail olur. Bu gün bizim əsas gücümüz xalq, dövlət və ordu birliyindədir. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkə Prezidentinin ətrafında sıx birləşib.
Sonra iclasın gündəliyinə daxil edilmiş qanun layihələrinin müzakirəsinə başlanılıb.
Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Diqqətə çatdırılıb ki, qanun layihəsi Milli Məclisin 30 sentyabr və 6 oktyabr tarixli plenar iclaslarında geniş müzakirə olunaraq iki oxunuşda qəbul olunub. Qanun layihəsinin birinci oxunuşu zamanı millət vəkillərinin verdiyi təkliflər tibb ekspertlərinin iştirakı ilə Səhiyyə komitəsinin iclasında müzakirə olunub. Onların bir qismi layihənin son variantında öz əksini tapıb. İkinci oxunuşda heç bir irad və təklif bildirilməyib. Qeyd edilib ki, qanun ölkəmizdə transplantalogiyanın daha da inkişafına təkan verəcək.
Qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Komitə sədri qanunda nəzərdə tutulan dəyişikliyin mahiyyəti ilə bağlı bildirib ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna ediləcək dəyişiklikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdən sonra ehtiyata buraxıla bilərlər.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Qeyd olunub ki, sənədin 4 maddəsinə təklif edilən dəyişikliklər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.
Komitə sədri deyib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaqdır.
Komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Emin Hacıyev, Rüfət Quliyev öz çıxışlarında dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sonra “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə layihəni birinci oxunuşda diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Dəyişikliyə əsasən, qanunda “kvalifikasiya” anlayışı bir qədər dəqiqləşdirilib. Bu anlayışın yeni variantda açıqlaması “şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsi” kimi verilib.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA