zamanlabirge.az
zamanlabirge.az

Xocalı faciəsi XX əsrdə törədilmiş bir çox soyqırımları qəddarlıq və vəhşilik baxımından geri qoyub

25-02-2022, 21:03

Xocalı faciəsi XX əsrdə törədilmiş bir çox soyqırımları qəddarlıq və vəhşilik baxımından geri qoyub Tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq ikinci Qarabağ müharibəsinin qazanılmasında xalqımız birlik və həmrəylik nümayiş etdirdi. Ordumuzun döyüş meydanında əldə etdiyi böyük uğurlar siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev dövlətimizin hərbi gücünü, qüdrətini, ordumuzun regionda peşəkar, yüksək hazırlıqlı, vətənpərvər, müasir təchizata malik güclü ordu olduğunu bütün dünyaya göstərdi. Dövlət başçımız həm də qətiyyətli, prinsipial və dönməz mövqe sərgiləyərək diplomatik məharəti ilə siyasi meydanda da düşmənə sarsıdıcı zərbə vurdu, Ermənistanı kapitulyasiya aktı olan birgə bəyanata imza atmağa məcbur etdi.
Bu, həmin düşmən idi ki, yaranmış tarixi şəraitdən istifadə edərək torpaqlarımızın 20 faizini zəbt etmişdi. Bu, həmin düşmən idi ki, qanımızı içməyə belə hazır idi. Nəhayət, bu, həmin düşmən idi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin ən alçaq, ən iyrənc, ən qəddar soyqırımını törətmişdi.
Xocalı faciəsi XX əsrdə törədilmiş bir çox soyqırımları qəddarlıq və vəhşilik baxımından geri qoyub. Baxın, məşhur erməni yazıçısı və ictimai xadim Anna Payatyan nə yazır: “Kimlər ki, Nijdeylədir, onlar Allaha qarşıdır, kimlər ki, Serj Sarkisyanladır, onlar İblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət, qatil olmaq lazımdır, bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır”.
Erməni yazıçısı Xocalı soyqırımı haqqında Serj Sarkisyanın bəyanatını da xatırladıb: “Serj Sarkisyanın hədsiz sırtıq və abırsız bəyanatını sizə və dünyaya təqdim edirəm: “Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq”.
Bu sözlərdən qəzəblənən Anna Payatyan ardınca yazır: “Əclaf!!! Mən onların həyatda olanda və ölümlərindən sonra mühakimə olunmalarını tələb edirəm, onları bəşəriyyətə və xalqa qarşı törətdikləri cinayətlərə görə mühakimə etmək lazımdır. Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu Njde tərəfdarları bizim xalqımızın adına qara ləkə vurdular!!! – deyə erməni yazıçısı hiddətlə bildirib.
Əslində Xocalı dəhşətləri təkcə Anna Payatyanın buna qədər susmuş vicdanını oyatmamışdı. İnsanlığa sığmayan bu qətliamı, Xatın, Liditse, Babi Var kimi faciələri geridə qoyan erməni vəhşiliyini onların öz arasında qəbul etməyən və pisləyən digərləri də var idi. Məsələn, o zaman milliyyətcə erməni olan avropalı jurnalist David Xeyriyan törədilən qətliam barədə belə yazırdı: “Ermənilər Xocalıda öldürdükləri 100 nəfərin cəsədini yan-yana düzərək körpü yaratdılar. Mən həmin qanlı cəsədlər üzərindən keçib, ayağımı körpə bir uşağın sinəsi üzərinə basarkən bədənimdə dəli bir titrəyiş hiss etdim. Fotoaparatım, bloknotum və qələmim yerə düşərək qana bulaşdı. Erməni qatillərinin bu ağlasığmaz cinayətləri önündə özümü tamam itirdim. Beynimdə dəhşətli bir ağrı başladı. Belə daşürəkli, qəddar bir millətin nümayəndəsi olduğum üçün özümə nifrət edirəm”.
Gərək ki, şərhə ehtiyac yoxdur. Digər bir misalı türklərin qatı düşməni, ermənilərin məşhur ideoloqu M.Şahnazarovdan gətirmək istərdim: “Xocalı faciəsinin genosidi xatırlatmasına heç bir şübhə yeri yoxdur”.
Əsrin faciəsi - Xocalı soyqırımından bizi illər ayırır. Bu illər ərzində yaramızın qanı bir an belə dayanmayıb. Xocalı faciəsi qurbanlarının xatirəsi hər il fevralın 26-da bütün dünya azərbaycanlıları və türk dünyası tərəfindən anılır. Hər il həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə əhalisi Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinə yürüş edir.

İradə İbrahimova,
“Şəms” uşaq bağçasının müdiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA