23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür
İltizam Yusifov
millət vəkili
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir.
Ölkəmizdə Azərbaycan prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçuları yüksək ixtisas dərəcəsi, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adına layiq görülmüşlər. Dövlətimizin inkişafı, tərəqqisi və rifahı naminə hər bir dövlət qulluqçusu öz vəzifəsini vicdanla, Vətəninə, xalqına sədaqət hissi ilə yerinə yetirməyə borcludur.
Mən Sizin hər birinizi 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə bir daha da təbrik edir, bu şərəfli fəaliyyətinizdə sizlərə müvəffəqiyyətlər arzulayıram. Bayramınız mübarək olsun!