zamanlabirge.az
zamanlabirge.az

Unudulmaz 20 Yanvar faciəsi hər zaman bizim üçün yeni və ağrılıdır

19-01-2024, 22:14

Hünər Hacıyev,
Bakı şəhəri 12 saylı Notariat Ofisinin notariusu


Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Onların Azərbaycanın azadlığı və bütövlüyü uğurunda apardığı mübarizə nəticə verdi. 44 günlük Vətən müharibəsində parlaq qələbə əldə edən, 2023-cü il sentyabrın 20-də Xankəndiyə Azərbaycanın üçrəngli bayrağını sancan Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin suverenliyini tam bərpa etdi.
Qazanılan bütün uğurlarımızın təməli 34 il öncə sovet tanklarının qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı ilə qoyulub. Yüz illər keçsə də, tarix yazan şəhidlərimizin müqəddəs xatirəsi daim yad ediləcəkdir. 20 Yanvar faciəsi Azərbaycan xalqının milli qürur mənbəyinə, Şəhidlər Xiyabanı isə müqəddəs ziyarətgahına çevrilib. Şəhidlər Xiyabanını ziyarət edən hər bir şəxsdə, gənclər və məktəblilərdə milli vətənpərvərlik hissi baş qaldırır, Ana yurda olan bağlılıq güclənir.
Unudulmaz 20 Yanvar faciəsi hər zaman bizim üçün yeni və ağrılıdır
Unudulmaz 20 Yanvar faciəsi hər zaman bizim üçün yeni və ağrılıdır. Xalqımız hər il bu faciəni geniş miqyasda yad edir. Erməni separatizminin baş qaldırması və sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli siyasətinə qarşı başlayan xalq hərəkatı ölkədə milli azadlıq hərəkatının güclənməsinə rəvac verdi. Topxana meşəsinin qırılmasına, Qarabağın Ermənistana birləşdirilməsinə etiraz olaraq ayağa qalxan Azərbaycan xalqı öz milli hüquqları uğurunda mübarizəyə qalxdı. Bu hərəkatı yatırmaq üçün Kreml azərbaycanlılara qarşı repressiya maşınını yenidən işə saldı. Erməni lobbisinin ruporuna çevrilən Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus ordusu Bakıya yeridildi. Tanklar əliyalın insanların üstünə sürüldü, qadınlar, uşaqlar, qocalar aman verilmədən güllədən keçirildilər.
Rusiya ordusu bütün beynəlxalq konvensiyaları pozaraq təcili tibbi yardım avtomobillərini belə atəşə tutdular. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Azərbaycan xalqını qorxutmağı, azadlıq mübarizəsini qan içində boğmağı qarşısına məqsəd qoyan sovet imperiyası istəyinə nail ola bilmədi. Repressiya, kütləvi qətliamlar qarşısında mətinləşən xalqımız həmrəylik nümayiş etdirdi. Milyonlarla insan Bakı küçələrində azadlıq şüarı səsləndirdilər. Milli azadlıq uğurundan canından keçən şəhidlər son mənzilə yola salındı. 40 gün meydanlarda gecələyən xalqımız sübut etdi ki, tanklar, avtomatlar, repressiyalar mübarizə əzmimizi, azadlıq istəyimizi sındıra bilməz. Dünyada yaşayan bütün azərbaycanlılar bu azadlıq hərəkatına dəstək verdilər.
Hələ o zaman Moskvada olan ümummilli lider Heydər Əliyev mətbuat konfransı keçirərək sovet rəhbərliyinin bu qanlı cinayətlərini kəskin şəkildə pislədi. Heydər Əliyev iradəsi, ortaya qoyduğu qətiyyətli mövqe xalqa güc verdi. Xalqın qəlbində əbədi sevgi qazanmış ulu öndər siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. 1994-cü il martın 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bununla da Ümummilli Lider 20 Yanvar faciəsinə və faciə qurbanlarına münasibətini ortaya qoymuş oldu. 20 Yanvar şəhidlərinin ailələri və əlil olmuş şəxslər bu gün də dövlətin diqqət və qayğısı ilə əhatələnib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. 20 Yanvar həm də milli kimliyin formalaşması günüdür. Məhz Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA