İyulun 10-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin təsdiqindən sonra iclasda müzakirə ediləcək 22 məsələdən ilk iki məsələnin beynəlxalq sənədlərlə bağlı qanun layihələri olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq onların bir oxunuşda qəbul ediləcəyini bildirib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında qanun layihəsi barədə məlumat verib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələyə dair bu komitənin rəyini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev sənəd barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Azər Badamov daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra komitə sədri Azər Əmiraslanov “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Milli Məclisin sədri gündəliyin növbəti 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Komitə sədri Azər Əmiraslanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Məsələ ilə bağlı müzakirələrdə deputatlar Razi Nurullayev və Samir Vəliyev öz qeyd və təkliflərini səsləndiriblər.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra komitə sədri Azər Əmiraslanov Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Daha sonra Azər Əmiraslanov “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Məsələ barədə deputat Müşfiq Məmmədli öz fikirlərini və bəzi təkliflərini səsləndirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sahibə Qafarova gündəliyin qalan 11 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib. O diqqətə çatdırıb ki, növbəti iki məsələ möhtərəm Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Həmçinin qeyd edilib ki, iclasda kənd təsərrüfatı nazirinin müavinləri İlhamə Qədimova, Zaur Əliyev və Seymur Səfərli iştirak edirlər.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Toxumçuluq haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Komitə sədri ölkə Prezidentinin rəhbərliyi ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatların aqrar sektorun inkişafında mühüm rol oynadığını vurğulayıb. Bu islahatların ölkəmizin iqtisadi qüdrətinin artırılması ilə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət etdiyini söyləyib. Bildirilib ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən qayğı və diqqət sahibkarlığın dəstəklənməsinə, ixracın artırılmasına, keyfiyyətli məhsul istehsalına, ərzaq təhlükəsizliyinin təminatına imkan yaradır.
Nəzərə çatdırılıb ki, təqdim edilən qanun layihəsi Azərbaycan Respublikasında toxumun istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən subyektlərin və dövlət orqanlarının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (birinci oxunuş) bildirib ki, sənəd "Toxumçuluq haqqında" yeni qanunun tələblərindən irəli gələrək hazırlanıb və müvafiq dəyişiklikləri özündə ehtiva edir.
İclasda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bu məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini bildirmək üçün komitənin sədr müavini Azər Badamova söz verib.
Sonra Azər Badamov çıxış edərək bildirib ki, layihədə seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları və toxumluq əkinlər barədə məlumatların elektron reyestrdə aparılması, toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi, toxum əməliyyatçılarının qeydiyyatına dair reyestrdən çıxarışın sahibkarlıq fəaliyyəti üçün tələb olunan icazələr siyahısına daxil edilməsi nəzərdə tutulur.
Təqdim edilən məsələlər ətrafında müzakirələrdə komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Müşfiq Cəfərov, Vüqar İskəndərov, Azər Allahverənov çıxış edərək öz fikir və təkliflərini açıqlayıblar.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.
Gündəliyin növbəti iki məsələsinin də Prezident tərəfindən Milli Məclisə təqdim edildiyi və mahiyyətcə bir-birinə yaxın olduğu bildirilib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Balıqçılıq haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitənin rəyini təqdim edib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair(birinci oxunuş) məlumat verib.
Bildirilib ki, sənəddə "Balıqçılıq haqqında" qanun layihəsindən irəli gələrək bir sıra dəyişikliklər nəzərdə tutulur.
Məsələlərlə bağlı müzakirələrdə çıxış edən deputatlar Razi Nurullayev, Pərvanə Vəliyeva, Vasif Qafarov öz fikirlərini bölüşüblər.
Sonra qanun layihələrə ayrı-ayrılıqda səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 16-cı məsələsinin - Torpaq Məcəlləsində, Mülki Məcəllədə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu bildirib. Spiker qeyd edib ki, bu məsələ və növbəti iki məsələ ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov iclasa dəvət olunub.
Qanun layihəsi barədə məlumat verən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev diqqətə çatdırıb ki, dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadə edilməsini, torpaq bazarında dövriyyənin aktivləşməsini, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında əmlak mübadiləsinin aparılmasını, iqtisadi fəallığın yüksəldilməsini nəzərdə tutur.
Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov komitəsinin müsbət rəyini açıqlayıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini açıqlayan komitə sədrinin müavini Azər Badamov bildirib ki, dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Növbəti məsələ Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə də Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.
Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müsbət rəyini səsləndirən komitənin üzvü Nurlan Həsənov sənəddə konsolidasiyanın könüllülük prinsipi əsasında həyata keçirildiyini vurğulayıb. Torpaq sahələrinin konsolidasiyası yalnız mülkiyyətçilərin razılığı ilə aparılır, bazar dəyəri prinsipi qorunur, zərurət yarandıqda kompensasiya mexanizmi tətbiq olunur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini açıqlayan komitə sədrinin müavini Azər Badamov bildirib ki, sənəd kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması, torpaq sahələrinin könüllülük və ekvivalent bazar dəyəri prinsipləri əsasında birləşdirilməsi, bölünməsi və yenidən təşkili mexanizmlərinin müəyyən edilməsi məqsədilə hazırlanıb.
Müzakirədə komitə sədri Siyavuş Novruzov və deputat Vüqar Bayramovun dəyişikliklərə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev növbəti məsələ - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanının icrası çərçivəsində hazırlanıb.
Layihə ilə bağlı komitələrinin rəyini diqqətə çatdıran İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov dəyişikliklərin üstünlüklərindən danışıblar, xidmətlərin elektronlaşmasının, daşınmaz əmlakın qeydiyyatı və mülkiyyət sənədlərinin vahid qaydada tənzimlənməsinin əhəmiyyətini vurğulayıblar.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Növbəti qanun layihəsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
Layihə barədə deputat Nizami Səfərovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri Azər Əmiraslanov məsələ barədə komitəsinin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov məlumat verib.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Bununla Milli Məclisin bugünkü iclası başa çatıb. 