Seymur Qaraşov: Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib
---
26-12-2023, 10:15
Fövqəladə Hallar nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Seymur Qaraşov - Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır. Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
“Bu gün Azərbaycanın regionda və dünyada söz sahibliyindən böyük qürur hissi ilə bəhs edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrliyi müasir müstəqil Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdə Azərbaycanın diplomatik mübarizədə qələbəsi, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev ən yüksək tribunalardam Azərbaycanın dəyişməz mövqeyini, ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığını və olmayacağını bəyan etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması qarşıda dayanan əsas hədəf idi.”
20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi: “Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində güclü iqtisadiyyat yaradıldı. Son 20 ildə ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bircə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə ölkədə yaradılan sabitliyin və normal iqtisadi mühitin nəticəsidir ki, iqtisadiyyata 310 milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın, güclü Ordun olmalıdır.”
“Ordu quruculuğu sahəsində atılan addımların nəticəsində elə güclü Silahlı Qüvvələr yaradıldı ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirir. Azərbaycan Ordusu bunu döyüş meydanında sübut etdi”, rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı: “Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.”
Cari ilin 23 aprel tarixində üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı: “Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusunun bir günlük həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Tarixi Zəfərimizin üçüncü ldönümündə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz tarix yazmışıq və yazırıq.”
Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşması, Prezident İlham Əliyevin oyundan əvvəl stadionda çıxışı, 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələr ilə görüş yazılan ən möhtəşəm tarixi günlərdən oldu: “Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu görüş Bakıda da keçirilə bilərdi. Ancaq görüşün burada keçirilməsi və bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaq. Dövlətimizin başçısının böyük qürur hissi ilə atdığı hər bir addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirir, qürurlandırır. Dövlətimizin başçısı hər bir addımı ilə sözü və əməlinin bir, hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində verdiyi bu vədlər artıq reallıqdır: “Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”
Xalqımızın böyük oğlu, tarixi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin vəfatından 20 il keçir. “Mən çox böyük sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm”-deyən Ulu Öndər sözün əsl mənasında həyatını Azərbaycanın bir dövlət kimi formalaşmasına, inkişafına həsr etdi. Bu onun əsl məqsədi, əsl amal idi. Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş fenomenal şəxsiyyətdir. “Bizim hamımızın bir vətəni var — bu Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq — bu Azərbaycan torpağıdır” -deyən bu dahi şəxsiyyətin özünəməxsus mübarizə yolu var idi. Hətta sözü özünə silah vasitəsi hesab edən müdrik siyasətçi insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Heydər Əliyevin sülh məramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır.
Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Heydər Əliyevin xidmətləridir.
Təsadüfi deyil ki, Ulu Öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxmışdır. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutmuşdur. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazançışdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mənəviyyatın, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış və dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu Öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix isə böyük Öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. İlk növbədə 60-cı illərədək aqrar ölkə kimi tanınan və yeganə sənaye mənbəyi neft olan Azərbaycanı qısa müddət ərzində yüngül və ağır sənaye respublikasına çevirdi. Bir-birinin ardınca zavod və fabriklər istifadəyə verildi. Nəticədə həm respublikanın iqtisadi imkanları artdı, eyni zamanda, yaradılmış yeni işləri əsasında insanların rifah halı daha da yaxşılaşdı.
Xalqımızın döyüş ruhunun yaşadılması və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir.
İndi dünya analitiklərinin böyük önəm verdiyi mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Çünki dahi siyasətçi Heydər Əliyev Azərbaycanı dünyada məhz milli dəyərləri, mənəvi tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış müsiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Əlbəttə ki, burada siyasi məqam da var idi, o da Azərbaycanı tanıtmaq idi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Ulu Öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. O, yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır.
Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Bütün bunlar həçminin xalqın öz liderinə inamının, xalq-iqtidar birliyinin nəticəsi idi. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ulu Öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır"- deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Dahi lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.
İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji, kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Xalqa layiqli xidmət andını əməli işi ilə doğrultmuş dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş demokratiya kursunu inamla davam etdirmişdir. Respublikamız hazırda inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində tərəqqi və intibaha, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları əzmlə gerçəkləşdirmək imkanı yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyərək qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasında yer tutan respublikamızda xalqın inamlı sabahı baxımından strateji əhəmiyyət daşıyan demokratikləşmə prosesinin sürətləndirilməsi xüsusi diqqət mərkəzindədir. Milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli mənəvi dəyərlərin qorunmasına xidmət edir. Milli dövlətin qurulması və dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi xalq qarşısında ən böyük xidmətdir.
Bu gün istər ölkə daxilində, istər ölkədən kənarda hamı Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin memarı sayır. Qeyd olunmalı əsas məqam isə odur ki, Heydər Əliyev siyasəti onun dünyasını dəyişməsindən sonra da ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Məhz bu siyasətin uğurla və yaradıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənib. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib.
Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdir. Və onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur. Ölkədə cənab İlham Əliyev tərəfindən aparılan islahatlar və quruculuq işləri, xüsusilə də son 20 ildə həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası, çox vektorlu siyasi münasibətlər, regional və beynəlxalq əhəmiyyətli layihələr torpaqlarımızın işğaldan azad olmasının səbəbidir. Azərbaycan sübut etdi ki, öz ərazi bütövlüyünü qorumağı bacarır və 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabr ayında 1 gün davam edən lokal xarakterli antiterror tədbirləri bunun bariz nümunəsidir. Döyüş meydanında, diplomatik müstəvidə, informasiya məkanında, daxili siyasi müstəvidə aparılan ardıcıl, sistemli tədbirlər nəticəsində elə bir qələbə qazandıq ki, bu gün bütün dünya ölkələri, siyasi mərkəzlər bu barədə müzakirə edir, təhlillər verirlər. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edən zaman Prezident dedi ki, “xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Biz o zaman bildik ki, Ulu Öndər öz oğluna Qarabağı azad etməyi vəsiyyət edib, o zaman bildik ki, İlham Əliyev təkcə prezident kimi deyil, həm də bir oğul kimi də öz üzərinə böyük məsuliyyət götürmüşdü. Bu gün isə bizim sevincimizin həddi yoxdur. Azərbaycan Bayrağı Xankəndi, Xocalı, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Kəlbəcər, Ağdərə və bütün kənd və qəsəbələrimizdə, şəhər və rayonlarımızda qürurla dalğalanır! Azərbaycan üçün yeni dövr başlayır. Qarşıda böyük hədəflər dayanır. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq. Vaxtilə Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Əslində bu artıq bir həqiqətdir.