zamanlabirge.az
zamanlabirge.az

SPECA-ya üzv ölkələrdə sülhün və sabitliyin hökm sürməsi dövlətlərimizin və xalqlarımızın böyük uğurudur

27-11-2023, 13:48

SPECA-ya üzv ölkələrdə sülhün və sabitliyin hökm sürməsi dövlətlərimizin və xalqlarımızın böyük uğurudur Ümid Mehdiyev - ADPU-nun rektor müşaviri

Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünyada strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Təbii ki, Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovuşuğunda yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Qeyd etdiyimiz kimi, ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə Türk dünyasının birləşməsi istiqamətində də yorulmaz səylər göstərir.
Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən digər türk dövlətləri arasında əməkdaşlığın son illər daha da dərinləşməsi müşahidə olunur. Təsadüfi deyil ki, son üç ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın iki fövqəladə Zirvə görüşü keçirilib. Sonuncu Zirvə görüşü cari ilin 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü idi.
1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. SPECA-ya üzv ölkələrdə sülhün və sabitliyin hökm sürməsi dövlətlərimizin və xalqlarımızın böyük uğurudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışı bir neçə cəhətdən mühüm əhəmiyyət daşımaqdadır.
Birinci məqam dövlətimizin başçısının SPECA-ya üzv dövlətlərin Zirvə görüşünün ilk dəfə keçirildiyini vurğulamasıdır. Məlum olduğu kimi, ölkəmiz digər sahələrdə ilklərə imza atdığı kimi, burada da nümunə göstərdi. Nümunəvilik özünü BMT-nin mühüm əhəmiyyət daşıyan proqramına yanaşmada göstərir. O proqrama ki, fəaliyyətinin 25 ili tamam olur. Ölkə başçısı cənab İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı səsləndirdiyi fikirləri ilə ötən 25 ilin Azərbaycan üçün tərəqqi və inkişafa aparan mərhələ olduğunu xatırladaraq qeyd etmişdir: “İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir. SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik”.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələrini belə xarakterizə edib: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.
Bütün bunlar bir daha göstərir ki, bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA