zamanlabirge.az
zamanlabirge.az

Uğurlarımız davam edir

19-04-2021, 17:42

Uğurlarımız davam edir Fərqanə Müseyibqızı

Azərbaycanın işğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması ölkəmizin beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu amil Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi Azərbaycanın iqtisadi və siyasi nüfuzunu daha da artıracaq. Məlumdur ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Füzuli rayonunda olarkən dövlətimizin başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Ümumi uzunluğu 100 kilometr olacaq bu dəmir yolu xəttinin strateji əhəmiyyəti kifayət qədər böyükdür. Çünki bu nəqliyyat infrastrukturunun istər Azərbaycan, istərsə də region dövlətləri üçün böyük əhəmiyyəti var. Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsi yaranacaq və bu yol Türkiyəyə qədər uzanacaq. Bununla da Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmir yol xətti olacaq. Ən önəmlisi isə, bu dəmir yol xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Həmçinin, Prezident İlham Əliyev səfər çərçivəsində Laçın rayonunda Həkəri çayı üzərində 8 meqavat gücündə olan Güləbird Su Elektrik Stansiyasının açılışında da iştirak etdi. Dövlətimizin başçısı bildirdi ki, sonrakı mərhələdə Laçında 5, Kəlbəcərdə 12 su elektrik stansiyası yenidən qurulub bərpa olunacaq. Qeyd edildi ki, Güləbird stansiyası təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq və 120 meqavat generasiya gücü olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları da öz torpaqlarına qayıdacaq azərbaycanlıların istifadəsinə veriləcək. Laçın və Kəlbəcərdə bərpa ediləcək stansiyaların ümumi gücü 120 meqavata çatdırılacaq. Prezidentin göstərişinə əsasən azad edilmiş torpaqlarda bərpa olunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsinə də artıq başlanılıb. Həyata keçirilən və nəzərdə tutulan tədbirlər Qarabağın iqtisadi resurs potensialının Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının, azərbaycanlıların isə Qarabağa tarixi qayıdışının müjdəsi deməkdir. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz, İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyevanın işğaldan azad olunan Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olmaları xalqımızın 30 ilə yaxındır ki, həsrətində olduğu müqəddəs Vətən torpağına, Qarabağa Böyük Qayıdışının ilkin addımları kimi qiymətləndirilə bilər. Əgər biz bu vaxta qədər işğaldan azad olunmuş torpaqlarımızda, Azərbaycan bayrağının qaldırılmasının, bu torpaqlarda uzun illər sonra azan səsinin, himnimizin səsləndirilməsinin qürurunu yaşayırdıqsa, ölkə başçısının budəfəki səfərində ilkin infrastruktur layihələrinin açılışının reallaşdırılması və təməlqoyma mərasimlərinin keçirilməsinin şahidi olduq. Dövlətimizin başçısı yolboyu kənd və şəhərlərimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığını, viran qoyulduğunu, düşmənin bu ərazilərdə canlı təbiətə böyük ziyan vurduqlarını bütün dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Müzəffər Ali Baş Komandanımızın işğaldan azad olunan Laçın rayonunda Şanlı Azərbaycan bayrağını qaldırması, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması hər bir azərbaycanlının qəlbini riqqətə gətirən qürurverici məqamlardan idi.
Bununla yanaşı, dövlətimizin başçısı Laçın rayonunun Güləbird kəndində yenidən qurulan SES-nın açılışındakı çıxışında bu ərazilərdə abad kənd və şəhərlərin salınacağını, Qarabağın “yaşıl enerji” zonasına çevriləcəyini bildirdi. Artıq Zəngilan rayonunda “ağıllı kənd” pilot layihəsi hazırlanıb. Bu layihə Zəngilan rayonunun Birinci Ağalı kəndində tətbiq olunacaq “ağıllı kənd” layihəsi modelinə bənzər olmaqla, 5 əsas komponent üzrə həyata keçiriləcək. Yəni, yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu prinsiplər isə gələcək bərpa işlərində özünəməxsusluğu ilə seçiləcək. Bu, o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşma ilə paralel olaraq, “ağıllı kənd təsərrüfatı” modeli üzrə yeni iş yerləri açılmaqla, əhalinin məşğulluğu da təmin ediləcək. Eyni zamanda, sosial obyektlərin inşası həmin ərazilərdə ən müxtəlif xidmətləri həyata keçirməyə imkan verəcək. Həmçinin məskunlaşma, iş yerlərinin yaradılması, sosial xidmətlərin göstərilməsi və bütün bunların “yaşıl enerji” təchizatı prinsipi ilə baş tutması məsələnin kompleks şəkildə və birdəfəlik həllinə yol açacaq.
Xüsusilə qeyd etmək lazımdır ki, müharibənin başa çatmasından cəmi 3 ay keçməsinə baxmayaraq, qısa müddətdə xeyli iş görülüb. Görülən işlər, həyata keçirilən layihələr dövlətimizin gücünü göstərən amillərdəndir. Bütün bunlar onu deməyə əsas verir ki, cəmi 44 gün ərzində ərazi bütövlüyünü bərpa edən Azərbaycan həmin torpaqlara böyük qayıdışı qısa zamanda təmin edəcək. Şübhəsiz ki, Azərbaycan hazırda heç vaxt olmadığı qədər güclü dövlətdir və heç bir qüvvə onu sarsıda bilməz. Azərbaycanı növbəti təxribatlar və müharibə ilə hədələməyə çalışanlar “dəmir yumruğun” yerində olduğunu unutmamalıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur”.
Beləliklə bütün bunlar göstərir ki, Qarabağ regionu da daxil olmaqla Azərbaycanda müasir, mütərəqqi sənaye və aqrar istehsalla yanaşı, çox əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək imkanları daha da artıb. Ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, Qarabağ bölgəsində də logistika və ticarət mərkəzlərinin yaradılması ilə bölgənin və bütünlüklə ölkənin ictimai həyatının bütün sahələrinin cəlbediciliyini artıracaqdır. Dövlətimizin başçısı qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik.
Onu da əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində yer almaqdadır. Konfransdan sonrakı bir həftə ərzində 50-yə yaxın ölkənin 75-dən çox informasiya resursu dövlətimizin başçısının çıxışından sitatlar verib, diqqəti Qarabağın bərpası prosesinə, Cənubi Qafqazda yaranmış yeni reallıqlara, regionun gələcəyinə dair baxışlara, Azərbaycanın qonşuları ilə münasibətlərinə və ümumilikdə beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajlara yönəldib. Həmin materiallarda, həmçinin Ermənistanın müharibə cinayətlərinə, minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi ilə bağlı məsələlərə də toxunulub.
Mövzuya ən çox dost və qardaş ölkələrin KİV-lərində müraciət olunub və bu, təsadüfi deyil. Prezident İlham Əliyevin beynəlxalq konfransda söylədiyi “İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır” fikri dost ölkənin media orqanlarının əsas xəbər başlığına çevrilib. “İl Giornale”, “Faro di Roma”, “Agenzia Nova” və “MSN Notizie” kimi populyar xəbər saytlarında yayılan informasiyalarda Azərbaycan Prezidentinin İtaliyanı yaxın dost və tərəfdaş ölkə kimi səciyyələndirməsi, iki ölkə arasında əməkdaşlığın müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçdiyi, qarşıda yeni tərəfdaşlıq imkanlarının açıldığı vurğulanır.
Qardaş Türkiyənin DHA və İHA xəbər agentlikləri, “Haber Global”, “Haber türk” telekanalları, “Sabah”, “Hürriyet” və digər qəzetləri də dövlətimizin başçısının çıxışındakı maraq doğuran fikirlərə geniş yer ayırıb. Xəbər və reportajlarda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransdakı çıxışı regiondakı mövcud vəziyyəti və perspektivləri qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir, yol xəritəsi təsiri bağışlayır.
Son bir neçə gündə ərəb ölkələrinin nüfuzlu media resursları - WAM, Petra, UNA, KUNA və digər saytlar, eləcə də Bolqarıstanın “FOCUS NEWS”, Pakistanın APP agentliyi və NHT xəbər portalı, Latın Amerikası ölkələrinin İnfogate, Telam agentlikləri, Kosta-Rikanın LA NACİON informasiya portalı beynəlxalq konfransda səsləndirilən önəmli fikirləri oxucuları ilə bölüşüblər. Materiallarda vurğulanır ki, Azərbaycan lideri regionda əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Prezident İlham Əliyev dünya siyasətində hökm sürən ikili standartlara qarşı çıxır, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını istəyir.
Xarici KİV-də yayılan xəbərlərdə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, torpaqların işğaldan azad edilməsindən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətdən və maraq doğuran digər məsələlərdən bəhs olunur.
Bununla yanaşı, tanınmış xarici ekspertlər Azərbaycan Prezidentinin çıxışındakı bir sıra nüansları AZƏRTAC-ın xahişi ilə şərh edib, konfransda toxunulan məsələlərə münasibət bildiriblər. Məsələn, ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz, Macarıstanın ingilis dilində yayımlanan “Daily News Hungary” internet resursunun yaradıcısı Alpar Kato, Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko, Kral I Xuan Karlos adına Universitetin hüquq professoru, Panavropa Beynəlxalq İttifaqının üzvü Karlos Uriarte Sançes və başqaları ADA Universitetində təşkil edilmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb, tədbirin gedişində çox maraqlı diskussiyalar aparıldığını, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçıların bütün suallarına aydın və birmənalı cavablar verdiyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin çıxışına dair materiallar bundan əvvəl Türkiyənin Anadolu Ajansı, Yeni Haber, Sözcü, Demirören Haber Ajansı, Gazete Vatan, Yeni Şafak, Rusiyanın ТАСС, REGNUM, РИА Новости, Вестник Кавказа, Взгляд, News.ru, Lenta.ru, Коммерсант, Eurasia Daily, РБК, Федеральное Агенство Новостей, Life, RT, Известия, Вести, Независимая Газета, Ukraynanın “Ukrinform”, “RBK Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Korrespondent”, “Dialog”, “asmedia.kiev.ua”, GuildHall, 24tv.ua, News.ua, Espreso, Деловая Столица və digər KİV-lərində geniş işıqlandırılıb. Eləcə də yaxın qonşumuz olan Gürcüstanda böyük maraq doğuran konfrans barədə bu ölkənin report.ge, interpress.ge, 24news.ge, kvira.ge, aktual.ge, ghn.ge, accentnews.ge, 1tv.ge, KavkazPlu xəbər portallarında materiallar yerləşdirilib. Bolqarıstanın Focus-News, Livanın IMLebanon News, Misirin Aldiplomacy, Pakistanın Urdu Point, Hindistanın United News of India kimi media orqanları və digər ölkələrin xəbər portalları da aprelin 13-də keçirilmiş beynəlxalq konfransda Azərbaycan Prezidentinin fikirlərinə geniş yer ayırıb. Bu ölkələrin və media resurslarının siyahısını xeyli uzatmaq olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA