zamanlabirge.az
zamanlabirge.az

Milli Məclisin 2021-ci ilin payız sessiyasında ilk iclası keçirilib

1-10-2021, 10:21

Milli Məclisin 2021-ci ilin payız sessiyasında ilk iclası keçirilib Sentyabrın 30-da Milli Məclisin 2021-ci ilin payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclasda spiker deputatları payız sessiyasının başlaması münasibəti ilə təbrik edib və sessiyada fəaliyyətlərinin səmərəli olmasını arzulayıb.
Sonra spiker Sahibə Qafarova bildirib ki, 3 gün bundan əvvəl, sentyabrın 27-də ölkəmizdə Anım Günü qeyd edildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində keçirilmiş yürüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etdilər.
Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu.
Dövlət başçısı xalqa etdiyi müraciətində ədalət, ləyaqət və milli qürur uğrunda 44 günlük Vətən müharibəsində böyük Qələbəmizi şərtləndirən amillər haqqında geniş məlumat verdi, 30 il ərzində torpaqlarımızı işğal altında saxlamış, həm işğal, həm də müharibə dövründə dinc əhaliyə qarşı qanlı cinayətlər törətmiş erməni faşizminin iç üzünü açıb göstərdi, bundan sonra Azərbaycan dövlətinin qalib dövlət kimi, Azərbaycan xalqının qalib xalq kimi əbədi yaşayacağını bəyan etdi.
Möhtərəm Prezidentimizin bu sözləri hər birimizin ürəyindən xəbər verirdi. O, dedi: “... əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik.
Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”
...Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Milli Məclisin Sədri Sahibə Qafarova öz adından və deputatlar adından bu möhtəşəm Qələbəni xalqımıza bəxş etmiş Müzəffər sərkərdəmiz İlham Əliyevə, Azərbaycanın cəsur əsgər və zabitlərinə bir daha sonsuz minnətdarlığını ifadə edib.
O, qazilərimizə möhkəm can sağlığı, döyüşlərdə xəsarət almış hərbçilərimizə şəfa diləyib.
Spiker təəssüflə qeyd edib ki, müharibədə itkilərimiz də olmuşdur.
Deputatlar Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Sahibə Qafarova Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.
Sonra parlamentin sədri diqqətə çatdırıb ki, o, bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə deputatlara məlumat verib.Spiker qısaca olaraq qeyd edib ki, 3 sessiyada 22 iclas keçirilmiş, 120 qanun və qərar qəbul edilmişdir. Ölkənin ictimai-siyasi və iqtisadi həyatının mühüm məsələlərinə münasibət bildirilmişdir.
Sədr bildirib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyadan sonrakı dövrdə də uğurla davam etdirilmişdir. Bir sıra ölkələrə səfərlər həyata keçirilmiş, xarici ölkələrin təmsilçiləri Milli Məclisdə qəbul edilmişlər.
Nümayəndə heyətlərimiz üzv olduğumuz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Eyni zamanda, pandemiya dövrünün şəraiti nəzərə alınmaqla, xaricdəki həmkarlarımız ilə videokonfrans formatında bir sıra görüşlər keçirilmiş və danışıqlar aparılmışdır.
Milli Məclisin beynəlxalq əlaqələri ilə bağlı ən mühüm hadisələrdən biri iyul ayının sonlarında Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopun və Pakistan Milli Assambleyasının Sədri cənab Əsəd Qeysərin Azərbaycana səfəri və iyulun 27-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün keçirilməsi olmuşdur.
Üç dost və qardaş ölkənin yeni üçtərəfli parlament əməkdaşlığı formatının əsası qoyulmuşdur. Parlament sədrlərinin birinci görüşünün yekununda Bakı Bəyannaməsi qəbul edilmişdir.
Spiker deyib ki, parlament sədrlərinin işğaldan azad edilmiş Şuşa və Füzuli şəhərlərini birgə ziyarət etməsi üç qardaş ölkənin qanunvericilik orqanları arasında münasibətlərin ən yüksək səviyyəsini ifadə edirdi.
O, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin qarşıdakı illərdə daha da dərinləşəcəyinə və xalqlarımızın milli maraqlarına xidmət edəcəyinə əminliyini söyləyib.
Sahibə Qafarova iyul-avqust aylarında Milli Məclisdə Koreya Milli Assambleyasının Sədri Park Byonq-Soq, Fransa Milli Assambleyasının nümayəndə heyəti, Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev, Qazaxıstanın ölkəmizdəki səfiri SerjanAbdıkarimov ilə görüşlər keçirdiyini, görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəedildiyini deyib.
Diqqətə çatdırılıb ki, Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini NumanKurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti də Milli Məclisin qonağı olmuşdur. Görüşdə qeyd edilmişdir ki, Azərbaycanla Türkiyə arasında münasibətlər Ulu öndər Heydər Əliyevin ifadə etdiyi "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanır. Belə bir yekdil fikir ifadə olunmuşdur ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına da sanballı töhfə verir.
Sədr bildirib ki, sadaladığı bütün görüşlərdə 44 günlük Vətən müharibəsinin nəticələri haqqında məlumat verilmişdir. Torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında olması, erməni vandallarının işğal dövründə şəhər və kəndlərimizi viran qoyması, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarının heç bir nəticə verməməsi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü ilə təmin etməsi, habelə müharibədən sonrakı dövrdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi, bu səbəbdən hərbi qulluqçularımızın və dinc sakinlərin minalara düşərək həlak olması barədə məlumatlar görüşdüyümüz rəsmi şəxslərin və nümayəndə heyətlərinin nəzərinə çatdırılmışdır.
Spiker bu dövrdə keçirilmiş görüşlər arasında Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi PolQavanilə görüşünü ayrıca qeyd edərək, deyib ki, çox tez-tez bu təşkilatda ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz münasibətin, yalan iddialara əsaslanan qərəzli yanaşmanın şahidi olmuşuq. Bu mənada hesab edirəm ki, Azərbaycan həqiqətlərini Avropadakı həmkarlarımıza anladıb qəbul etdirmək üçün hər bir imkandan istifadə edilməlidir.
Görüşdə mən məruzəçi PolQavan tərəfindən hazırlanan "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" adlı hesabat haqqında danışaraq, xüsusi vurğuladım ki, Ermənistan işğala məruz qalmayıb, Ermənistan ərazisində nə müharibə olub, nə də orada müharibə dağıntıları var.
Bu gün Azərbaycanın bir çox şəhər və rayonlarında isə Ermənistanın işğalçılıq siyasətinin, terrorunun, Ermənistanın müharibə cinayətlərinin izlərinə rast gəlinir. Bu baxımdan hazırlanan hesabat obyektiv faktlara əsaslanmalı və AŞPA ədalətli bir yanaşma ortaya qoymalıdır.
Sahibə Qafarova bu dövrdə Milli Məclisdə keçirilmiş mühüm görüşlər arasında Azərbaycanın bir sıra xarici ölkələrdə – Türkiyə, Pakistan, Polşa, Avstriya, Belçika, Latviya, Estoniya, Moldova və Koreyada səfirləri, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, ABŞ-ın Los Anceles şəhərindəki baş konsuluilə görüşləri qeyd edib. O,həmin görüşlərdə Azərbaycan həqiqətlərinin təbliği, dövlət maraqlarımızın qorunması, beynəlxalq əlaqələrimizinmöhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunmasının vacibliyini qeyd etdiyini deyib.
Qanunvericilik orqanları arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə kömək göstərməyin, beynəlxalq parlament təşkilatları ilə birgə fəaliyyəti gücləndirməyin əhəmiyyətini vurğuladığını söyləyib.
Öz çıxışında Milli Məclisin sədri bildirib ki, avqustun 6-da o, İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olub.
Səfər çərçivəsində onun İran İslam Şurası Məclisinin Sədri MəhəmmədbaqerQalibaf və İran parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşü keçirildi. Görüşdə vurğulandı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunmuşdur.
Sahibə Qafarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub, indi işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir.
O, nəzərə çatdırib ki, Ermənistan işğal dövründə məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıtmış, infrastrukturu tamamilə məhv etmiş, müqəddəs ziyarətgahlarımızı təhqir etmişdir.
Spiker deyib ki, görüşdə mən həmçinin, gələn il Xocalı soyqırımının 30-cu ildönümünün tamam olması məsələsinə toxunaraq qeyd etdim ki, bir sıra müsəlman və xristian ölkələrinin icra və qanunvericilik orqanları Xocalıda törədilmiş kütləvi qırğını soyqırım kimi tanımışlar. Bu məsələyə İran parlamentinin də münasibət bildirməsinin vacibliyinə toxundum.
İki ölkə arasında parlamentlərarası əlaqələrin vəziyyəti müzakirə edildi.
Səfər zamanı İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşümüz də oldu.
Milli Məclisin sədri bildirib ki, sentyabr ayının əvvəllərində onun rəhbərliyi ilə nümayəndə heyəti parlament spikerlərinin 5-ci dünya konfransında iştirak etmək üçün Avstriyada işgüzar səfərdə olmuşdur. Sentyabrın 8-də keçirilən bu konfransın ümumi müzakirələrində mən də çıxışlar etdim. Bildirdim ki, parlament diplomatiyasının sülh və təhlükəsizliyin təmin olunması naminə fəaliyyəti ilk növbədə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərə hörmətin təşviq edilməsi vasitəsi ilə həyata keçirilməlidir. Birləşmiş Millətlər Təşkilatı ilə milli parlamentlər arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə dair təkliflərimi səsləndirdim.
Ermənistan spikerinin irəli sürdüyü əsassız iddialara cavab verərək dedim ki, Ermənistan yalan iddialarını təkrar etməkdən əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yaradan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunmuş üçtərəfli bəyanatların tələblərini yerinə yetirməlidir.
Konfrans çərçivəsində parlament sədrlərinin iştirakı ilə bir sıra digər müzakirələr, o cümlədən Qadın parlament sədrlərinin 13-cü Sammiti, “COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda toplantı, Terrorizmlə mübarizə üzrə birinci qlobal parlament Sammiti də keçirildi.
Bu tədbirlərdə etdiyim çıxışlarda mən Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin uğurları, qaçqın və məcburi köçkün olan qadınların üzləşdiyi problemlər, qlobal pandemiyaya qarşı mübarizədə qadınların rolu barədə danışdım, pandemiyanın qarşısının alınması ilə bağlı ölkəmizin irəli sürdüyü beynəlxalq təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verdim, eləcə də Azərbaycanın bütün formalarda və təzahürlərdə terrorçuluğa qarşı mübarizəyə ardıcıl dəstək göstərdiyini qeyd etdim.
Avstriyaya işgüzar səfər gedişində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər də keçirmişdir.
Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq, Yaponiya Parlamentinin Müşavirlər Palatasının Sədri AkikoSanto, Belçika Federal Assambleyası Nümayəndələr Palatasının Sədri ElianTilyö və Senatın Sədri Stefanid’Oz, Polşa Senatının Sədri Tomas Qrodzki, Estoniya parlamentinin Sədri YuriRatas, Latviya parlamentinin Sədri İnaraMurniyetse, Gürcüstan parlamentinin Sədri KaxaKuçava, Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulin ilə aparılan danışıqlar səmərəli olmuşdur. Görüşlərdə parlamentlərarası əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur. 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatlar barədə məlumat verilmişdir.
Spiker diqqətə çatdırıb ki, sentyabrın 13-də o, ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri AygulKuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə xalqlarımız arasında çox qədim tarixə malik münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. AygulKuspan Azərbaycanın işğaldan azad olunmuş Şuşa və Füzuli şəhərlərinə səfərləri haqqında təəssüratlarını bölüşdü. Milli Məclis Sədrinin müavini Adil Əliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da bu səfərlərdə onunla birlikdə olmuşlar.
Öz nitqində Sahibə Qafarova sentyabrın 15-də İslam Əməkdaşlığı Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşdüyünü deyib. Qeyd edib ki, Assosiasiyanın sədri, Türkiyənin baş ombudsmanıŞerefMalkoç, Türkiyə ombudsmanıCelileÖzlemTuncak və Pakistan ombudsmanının müşaviri Məhəmməd Cavid Qani Azərbaycana çox gərəkli bir missiya ilə gəlmişdilər.
Onların məqsədi işğaldan azad olunmuş Azərbaycan ərazilərində insan hüquqlarının, beynəlxalq humanitar hüquq normalarının və prinsiplərinin pozulması faktlarını araşdırmaq idi. Görüşdə həm bu məsələ, həm də digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır. Bu qonaqlar Milli Məclisin komitə sədri Zahid Orucla da görüşmüşlər.
Milli Məclisin sədri bildirib ki, sentyabrın 27-dən 29-dək onun rəhbərliyi ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar və rəsmi səfərlərdə olmuşdur.
Səfərin birinci günü nümayəndə heyətimiz Qazaxıstanın Türküstan şəhərində “FarabLibrary” kitabxanasında 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak etdi.
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi.
Mən tədbirdə çıxış edərək bildirdim ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərləri öz canları, qanları bahasına torpaqlarımızı işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişlər. Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim yaşadır və qəhrəman övladlarımızın adları dövlətçilik tariximizə əbədi həkk olunmuşdur.
Tədbirin sonunda Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsindən ibarət kitabın təqdimat mərasimi də keçirildi.
Spiker deyib ki, Milli Məclisin nümayəndə heyətinin Qazaxıstana işgüzar səfərində məqsəd Türküstan şəhərində TürkPA-nın 10-cu plenar sessiyasında iştirak etmək idi. Bildiyiniz kimi, türkdilli ölkələrin əməkdaşlıq təşkilatları arasında öz yeri olan Türkdilli Ölkələrin Parlament Assambleyası 12 ildir ki, uğurla fəaliyyət göstərir. Məmnunluqla qeyd etmək istəyirəm ki, ortaq parlament məclisi çərçivəsində iş birliyi ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır.
Bildiyiniz kimi, Azərbaycan Milli Məclisi 2019-cu ilin dekabr ayında TürkPA-ya Sədrliyi qardaş Türkiyə Böyük Millət Məclisindən təhvil almışdı.
Assambleya Şurasının iclasında mən Azərbaycan tərəfinin quruma sədrlik etdiyi dövrdə görülmüş işlər haqqında geniş məlumat verdim. TürkPA-ya sədrlik qardaş Qazaxıstan Parlamentinin Məclisinə təhvil verildi.
Təşkilatın 10-cu plenar iclası Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulinin 44 günlük Vətən müharibəsində Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik etməsi və bizim şəhidlərimizin xatirəsinə 1 dəqiqəlik sükut elan olunması ilə başlandı.
Daha sonra iclasda dost və qardaş ölkələrin parlament məclisi çərçivəsində iş birliyinin inkişafı məsələləri müzakirə edildi. Öz çıxışımda mən digər məsələlərlə yanaşı, 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi qələbədən sonra regionda yaranmış yeni əməkdaşlıq imkanları barədə məlumat verdim.
İndiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji-nəqliyyat layihələri ilə birlikdə yaradılacaq Zəngəzur dəhlizinin türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açdığını bildirdim.
Tədbirin yekunu olaraq Türküstan Bəyannaməsi imzalandı.
Sentyabrın 28-də Milli Məclisin nümayəndə heyəti rəsmi səfər çərçivəsində Nur-Sultan şəhərinə yola düşdü.
İlk tədbirimiz Azərbaycanın Qazaxıstandakı Səfirliyində keçirildi. Orada biz Ulu öndər Heydər Əliyevin büstü önünə təzə güllər qoyduq, xatirəsini dərin ehtiramla yad etdik.
44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimizin anım gününü də orada qeyd etdik.
Xalq və Vətən yolunda canından keçmiş qəhrəman övladlarımızın xatirəsinə ehtiramımızı ifadə etdik.
Sədr diqqətə çatdırıb ki, Qazaxıstana rəsmi səfərin gedişində Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası NursultanNazarbayev, ölkə Prezidenti Kasım-JomartTokayev, Qazaxıstan parlamentinin hər iki palatasının sədrləri MaulenAşımbayev və Nurlan Niqmatulin, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlər keçirildi. Həmin görüşlərdə iki dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə edildi, əməkdaşlıq əlaqələrinin, o cümlədən parlamentlər arasında iş birliyinin inkişaf perspektivləri, digər məsələlər müzakirə olundu.
Sentyabrın 29-da Milli Məclisin nümayəndə heyəti Nur-Sultan şəhərində böyük alim, tarixçi-etnoloq Lev Qumilyovun adını daşıyan Avrasiya Milli Universitetində oldu. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin fəxri professoru olduğu həmin universitetin Elmi Şurasında mühazirə ilə çıxış etməyə dəvət olunmağımı mən həm yüksək şərəf, həm də çox böyük məsuliyyət hesab edirəm.
Öz çıxışımda mən Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, o cümlədən 44 günlük Vətən müharibəsinin səbəbləri və nəticələri haqqında məlumat verdim, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti, xalqımızın mədəni və mənəvi zənginliyi, bəşər sivilizasiyasına verdiyi töhfələr, dünyaya bəxş etdiyi böyük insanlar haqqında düşüncələrimi bölüşdüm.
Milli Məclisin nümayəndə heyəti Qazaxıstanda bir sıra digər tədbirlərdə də iştirak etdi. Bütün keçirdiyimiz görüşlərdə biz gələn il Xocalı soyqırımının 30 illiyi ilə bağlı məsələ qaldırdıq və qeyd etdik ki, Qazaxıstan parlamentində də Xocalı soyqırımına münasibət bildirilməsi yaxşı olardı.
Sahibə Qafarova bildirib ki, sessiyalar arasındakı dövrdə Milli Məclisdə mühüm bir tədbir də baş tutmuşdur. “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfranskeçirilmişdir. Konfransda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin, komitə və komissiyaların rəhbərliyi, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak etmişlər.
Öz çıxışımda mən bildirdim ki, 44 günlük Vətən müharibəsində şanlı zəfər Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələr və hədəflər bu il yanvarın 6-da möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çox aydın şəkildə ifadə edilmişdir.
Konfransda bildirildi ki, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Ölkədə iqtidar-müxalifət dialoqu qurulmuş, siyasi partiyalarla iş yenidən təşkil edilmişdir. Dövlət başçısının islahat və inkişaf konsepsiyasına uyğun olaraq altıncı çağırış Milli Məclisdə yeni demokratik mühitin formalaşdığı, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutduğu qeyd edildi. İcra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi yollarına nəzər salındı.
Sonra plenar iclasın gündəliyi təsdiq olunub və gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 15 məsələ daxil edilib. Gündəliyin ilk iki məsələsi Milli Məclisin qərar layihələridir. Spiker qeyd edib ki, hər sessiyanın əvvəlində Milli Məclisin qanunvericilik işləri planı qəbul olunur və Milli Məclis öz fəaliyyətini həmin plan əsasında qurur. Sədr diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqındadır. Plan 12 bənddən ibarətdir.
Payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı aparılan müzakirələrdə komitə sədrləriZahid Oruc, Musa Quliyev, Əhliman Əmiraslanov, Qənirə Paşayeva, Ziyafət Əsgərov, deputatlardan Musa Qasımlı, AzərBadamov, Fazil Mustafa, Əli Məsimli, Aydın Mirzəzadə, Razi Nurullayev, Sahib Alıyev, Jalə Əliyeva, Hikmət Məmmədov çıxış ediblər. Millət vəkilləri qanunvericilik işləri planını məqbul hesab ediblər, bir sıra təkliflər səsləndiriblər.
Deputatlar, eyni zamanda, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin bu günlərdə Qazaxıstan Respublikasına işgüzar və rəsmi səfəri barədə öz fikirlərini açıqlayıblar. Səfər zamanı keçirilən görüşləri, aparılan danışıqları yüksəkdəyərləndiriblər. Həmin görüşlərdə spikerin Xocalısoyqırımının qarşıdan gələn 30 illiyi ilə bağlı etdiyi çağırışlar müsbət qarşılanıb.
Çıxışlarda 27 sentyabr – Anım GünündəVətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı xüsusi qeyd edilib.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər tarixi ədalətin bərpası kimi dəyərləndirilib. Ölkə başçısı İlham Əliyevin Azərbaycanın şanlı qələbəsindəki rolu və xidmətləri yüksək qiymətləndirilib.
Müzakirələrin yekununda Milli Məclisin 2021-ci ilpayız sessiyasının qanunvericilik işləri planı səsə qoyularaqqəbuledilib.
Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı ilə bağlıdır. Qeyd edilib ki, ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Zəfər yürüşü xalqımızın qəhrəmanlıq tarixində yeni şanlı səhifə açıb. Əldə edilən parlaq Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü bərpa olunub. Spiker öz əminliyini bildirib ki, on illər, yüz illər keçəcək, ancaq 44 günük Vətən müharibəsində xalqımızın göstərdiyi cəsarət, fədakarlıq heç zaman unudulmayacaq və bir daha sınaqdan çıxmış torpaq, Vətən məhəbbətinin şöləsi daim gur yanacaq, yeni-yeni nəsillərimizi qələbədən-qələbəyə aparacaq.
Parlamentin sədri Sahibə Qafarovanın fikirləri alqışlarla qarşılanıb.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami SəfərovMilli Məclisin Bəyanat layihəsinin mətninioxuyub.
Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı dinlənildikdən sonra səsə qoyularaq qəbul edilib.
İclasda fasilə elan edilib.
Fasilədən sonra gündəlikdəki digər məsələlərə baxılıb.
Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin üçüncü məsələsi“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsidir. O,qeyd edib ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Biz bu qanun layihəsinə yaz sessiyasının birinci iclasında birinci səsvermədə münasibət bildirmişik. İndi isə onu ikinci səsvermədə qəbul etməliyik.
Qanun layihəsini təqdim edənMilli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, çox əhəmiyyətli bir qanun layihəsidir.Qanunvericilik təşəbbüsü hüququ qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsi normayaratma fəaliyyətində kompleks və vahid yanaşma, sabitlik, sistemliliyin təmin edilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə hazırlanıb.Dəyişikliklər normayaratma fəaliyyətinin təkmilləşdirilməsininəzərdə tutur.
Qanun layihəsi ikinci səsvermədən keçərək qəbul edilib.
Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin dördüncü və beşinci məsələləri beynəlxalq sazişlərdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbinə əsasən bu iki qanun layihəsi bir oxunuşda baxılıb qəbul ediləcək.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Əhali Fondu arasında 2019-cu il mayın 31-də və iyunun 21-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış sazişin təsdiq edilməsi haqqında qanun layihəsi Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Qeyd edilib ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və reproduktiv hüquqlar üzrə ixtisaslaşmış aparıcı qurumdur. Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində təşkilat əhalinin gender və reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi, ailə planlaşdırılması, məişət zorakılığı və gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması, demoqrafik inkişaf, gənclərin iştirakçılığı və digər sahələr üzrə hökumət, özəl və ictimai sektordan olan tərəfdaşları ilə birlikdə əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirib və bu gün də fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, 2019-cu il 31 may tarixində BMT-nin Əhali Fondunun icraçı direktoru Azərbaycan xarici işlər nazirinə məktub göndərərək BMT İnkişaf Proqramı ilə Azərbaycan Respublikası arasında 6 yanvar 2001-ci il tarixində bağlanmış Əsas Sazişi diqqətə çatdıraraq, bu Sazişin BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasındakı fəaliyyətinə və burada çalışan işçi heyətinə mutatismutandis olaraq tətbiq edilməsini təklif edib. Burada nəzərdə tutulur ki, Əsas Sazişdə olan müddəalar Azərbaycan Respublikasında olduğu kimi deyil, ölkənin qanunlarına və reallıqlarına uyğun əlavə və dəyişikliklər edilərək tətbiq edilə bilər.
Qeyd olunan məsələyə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də baxıldığına görə, deputat Azər Kərimli komitənin rəyini bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib.
Bildirilib ki,Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər. İki ölkə arasında ən yüksək səviyyədə möhkəm münasibətlər qurulub. Bu gün Azərbaycan və Türk əsgərləri birgə təlimlər keçirlər. Qeyd edilib ki,iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı regionda sülhün,təhlükəsizliyin və sabitliyin bərqərar olmasıbaxımından çox əhəmiyyətlidir.Adı çəkilən Anlaşma Memorandumununtəsdiq edilməsi bu sahədəmünasibətlərimizin dərinləşməsi üçün atılan mühüm addımdır. Sənəd Azərbaycanın milli maraqlarına tamamilə cavab verir.
Sonra deputat Azər Kərimli qanun layihəsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini diqqətə çatdırıb.
Deputatlar Fəzail Ağamalı, Sahib Alıyev, Elman Nəsirov Azərbaycanla Türkiyə xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu barədə öz fikirlərini açıqlayıblar.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 5 məsələsi dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda baxılıb, qəbul ediləcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir MirkişiliAzərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.
Eyni mahiyyətə malik qanun layihələrinə əsasən, Azərbaycan Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə ƏDV tutulmasından və gömrük rüsumlarındanazad edilib. Həmin müddətin cari ildə bitməsini nəzərə alaraq və bu sahədə fəaliyyətin dəstəklənməsinin davam etdirilməsi məqsədilə ƏDV-dən və gömrük rüsumlarından azadolmanın daha beş il müddətinə uzadılması təklif olunur.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün Vergi Məcəlləsinə dəyişiklik nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. Bildirilib ki, nəzərdə tutulan dəyişiklik "Məşğulluq haqqında" qanunda dəyişiklik edilməsi barədə 1 fevral 2021-ci il tarixli qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb. Həminqanunda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilmiş, peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı onlara da digər həssas qruplarla birlikdə üstünlük verilməsi təsbit edilir.
Sonra komitə sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Qeyd olunub ki, sənəd "Sosial müavinətlər haqqında" 2020-ci il 29 dekabr tarixli qanununa və Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli Fərmanına əsasən hazırlanıb. Həmin qanunvericilik aktlarına əsasən, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilib və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb. Şəhid ailəsi üzvləri üçün kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təqaüdlə əvəz olunduğu üçün müvafiq dəyişiklik təklif olunur. Həmçinin, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqları üçün bu dəyişiklik təklif edilir.
Parlamentin komitə sədrləri Hicran Hüseynova, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Əli Məsimli, Fəzail Ağamalı, Etibar Əliyev, Səttar Möhbalıyev, İlham Məmmədov, Şahin İsmayılov, Vahid Əhmədov qanun layihələri barədə öz qeydlərini diqqətə çatdırıblar.
Komitə sədri Musa Quliyev müzakirələrdə səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsiniüçüncü oxunuşda təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovdeyib ki, dəyişikliklər müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb və onların məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur.
Komitə sədri Musa Quliyev və deputat Fazil Mustafa məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasdaAzərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunlayihəsinibirinci oxunuşda diqqətə çatdıran komitə sədriTahir Mirkişili bildirib ki, təklif olunan dəyişiklik daxildə emal xüsusi gömrük proseduru altında malların yerləşdirilməsinə görə təminatın məcburi olaraq təqdim edilməsi tələbinin ləğv edilməsini, həmin prosedurun gömrük təminatının verilməsinin fakültativ halı kimi müəyyən olunmasını nəzərdə tutur.Bununla əlaqədar, məcburi olaraq təminatın verilməsi ilə bağlı tələbi nəzərdə tutan 167.3.2-ci maddədən daxildə emal xüsusi gömrük proseduru çıxarılır və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə təminat verilməsinin fakültativ (məcburi olmayan) halı kimi müəyyən edilməsinə dair yeni 167.3-1-ci maddə əlavə edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (birinci oxunuş) məlumat verib.
Bildirilib ki, sənəd "Mühasibat uçotu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2018-ci il 4 may tarixli qanundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Həmin qanunda mühasibat uçotunun beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, ölkədə mühasibat uçotunun beynəlxalq mühasibat standartlarına uyğun tərtib edilməsi, peşəkar mühasib sertifikatının tətbiqi təsbit olunur.
Təklif olunan layihə maliyyə bazarı institutları tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı məsələləri tənzimləyir. Bununla bağlı adı çəkilən qanunlara mühasibat uçotunun aparılması ilə bağlı yeni müddəaların daxil edilməsi, maliyyə bazarı institutlarının fəaliyyətində şəffaflığın və onların Mərkəzi Bank qarşısında maliyyə hesabatlığının artırılmasını nəzərdə tutan müddəaların təsbit edilməsi, bəzi dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulub.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, nəzərdə tutulan dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədi ilə hazırlanıb. Qanuna edilən əlavəyə əsasən, "Tibbi sığorta haqqında"qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Daha sonra komitə sədri Əhliman Əmiraslanov Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə birinci oxunuşda məlumat verib. Bildirilib ki, qanun layihəsi səhiyyədə icbari tibbi sığortanın tətbiqinin maliyyə dayanıqlığının təminatı və icbari tibbi sığorta haqlarının müəyyən məsələləri ilə bağlı hazırlanıb.
Deputatlar Fəzail Ağamalı, Səttar Möhbalıyev, Etibar Əliyev sənəd barədə öz fikirlərini söyləyiblər.
Komitə sədri Əhliman Əmiraslanov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin payız sessiyasında ilk plenar iclası başa çatıb.
Milli Məclisin 2021-ci ilin payız sessiyasında ilk iclası keçirilibMilli Məclisin 2021-ci ilin payız sessiyasında ilk iclası keçirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA