Azərbaycanın aparıcı media qurumlarının jurnalistləri, o cümlədən AZƏRTAC-ın əməkdaşı tanışlıq səfəri ilə Qırğızıstana gəliblər.
Səfər Qırğız Respublikasının Prezidenti Sadır Japarovun təşəbbüsü ilə təşkil olunub və dövlət başçısının mətbuat katibi Askat Alagözov tərəfindən Qırğızıstan-Azərbaycan informasiya və humanitar sahələrdə əməkdaşlığının daha da dərinləşdirilməsi çərçivəsində həyata keçirilir.
Mətbuat turu proqramı iki ölkənin media icmalarının nümayəndələri arasında peşəkar qarşılıqlı əlaqəni genişləndirmək, etimadı gücləndirmək və qardaş Qırğızıstan və Azərbaycan xalqları arasında daha da yaxınlaşmada mühüm rol oynayan ictimai diplomatiyanı inkişaf etdirmək məqsədi daşıyır.
Azərbaycan jurnalistləri səfər zamanı yerli media qurumlarının fəaliyyəti və dövlət informasiya siyasətinə müasir yanaşmalarla tanış olacaqlar. Onlar, həmçinin ölkənin təbii və turistik yerlərinə səfərləri də əhatə edən mədəni və təhsil proqramında iştirak edəcəklər.
Bu cür təşəbbüslərin həyata keçirilməsi jurnalistlər arasında uzunmüddətli peşəkar əlaqələrin qurulmasına, obyektiv informasiya məkanının inkişafına, humanitar əlaqələrin möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın daha da inkişafına töhfə verir.
Qırğızıstan mediası qeyd edir ki, bu cür layihələrin ardıcıl şəkildə həyata keçirilməsi Qırğız Respublikasının region ölkələri və dost dövlətlərlə mehriban qonşuluq münasibətlərinin, qarşılıqlı anlaşmanın və etibarlı dialoqun möhkəmləndirilməsinə sadiqliyini əks etdirir.![]()