Xarici işlər naziri Nazir Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Malinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdoulaye Diop ilə görüşüb.
Tərəflər Azərbaycan ilə Mali arasında münasibətlərin mövcud vəziyyəti və perspektivlərini müzakirə edib, xüsusilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və ikitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məsələlərinə diqqət yetiriblər.
BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyi, eləcə də Azərbaycanın Afrika ölkələri və Afrika İttifaqı ilə əlaqələri genişləndirmək əzmi vurğulanıb. Ətraflı müzakirələrdən sonra nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Mali Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar. Bu mühüm sənəd institusional əlaqələrin gücləndirilməsinə və ölkələr arasında ardıcıl, müntəzəm siyasi dialoqun təmin edilməsinə xidmət edəcək.