Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar telefon xətti”nə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 1 ədəd DVM-78 partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.